Xəzər Universiteti “ADEX 2026” sərgisində tələbə mühəndislik layihələrini təqdim edib
Xəzər Universiteti 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində – “ADEX 2026”-da tələbələrin hazırladığı innovativ mühəndislik layihələri ilə iştirak edib. Sərgidə universitetin tələbələri tərəfindən hazırlanmış Robot Tank və Pilotsuz Uçuş Aparatı (UAV Drone) nümayiş etdirilib.
Sərgidə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı, universitetin rektoru Dr. Raziyə İsayeva, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı Günel Bahəddinova, Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əfəndiyeva, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Milana Abbasova, Xəzər Universitetinin Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova, Fizika və elektronika departamentinin müəllimi, layihə rəhbəri və mentor Məhəmməd Əlizadə iştirak ediblər.
Layihələr Elektrik-elektronika mühəndisliyi ixtisasının IV kurs tələbələri Tural Şaban, Vasif Əhmədov və Elşən Cabbarov, Mexanika mühəndisliyi ixtisasının IV kurs tələbəsi Humeyra Əskərova və Kompüter elmləri ixtisasının II kurs tələbəsi Nihat Məcidov tərəfindən hazırlanıb.
Layihələrin hazırlanmasında tələbələrin elektronika, mexanika, proqramlaşdırma və robototexnika sahələrində əldə etdikləri nəzəri biliklərin praktiki tətbiqinə xüsusi diqqət yetirilib. Müxtəlif ixtisaslar üzrə tələbələrin birgə fəaliyyəti nəticəsində hazırlanmış sistemlər elektron və mexaniki komponentlərin inteqrasiyasını, uzaqdan idarəetməni, real zamanlı görüntü və məlumat ötürülməsini özündə birləşdirir.
Robot Tank uzaqdan idarə olunan pilotsuz yerüstü platforma kimi hazırlanıb. Platforma kəşfiyyat, müşahidə və müxtəlif dəstək məqsədləri üçün nəzərdə tutulub. İnteqrasiya edilmiş kamera sistemi real zamanlı görüntünün ötürülməsinə, modul konstruksiyası isə müxtəlif funksional avadanlıqların platformaya əlavə edilməsinə imkan verir.
Pilotsuz Uçuş Aparatı (UAV Drone) isə havadan müşahidə, monitorinq, axtarış və tədqiqat məqsədləri üçün hazırlanıb. Drone çətin və əlçatmaz ərazilərdən məlumatların toplanmasına imkan yaradır. Modul konstruksiyası müxtəlif kamera, sensor və digər texniki avadanlıqların sistemə inteqrasiyasını mümkün edir.
Layihələrin əsas üstünlükləri arasında uzaqdan idarəetmə, real zamanlı görüntü və məlumat ötürülməsi, çətin ərazilərdə istifadə imkanı, modul konstruksiya və çoxməqsədli tətbiq imkanları xüsusi qeyd olunur.
Robot Tank və UAV Drone layihələrinin “ADEX 2026” sərgisində nümayiş etdirilməsi Xəzər Universitetində tələbələrin real mühəndislik layihələri üzərində işləməsinə, müxtəlif ixtisaslar arasında əməkdaşlıq etməsinə və əldə etdikləri nəzəri bilikləri praktiki həllərə çevirməsinə yaradılan imkanların göstəricisidir.
Bu layihələr, eyni zamanda, Xəzər Universitetində robototexnika, elektronika, mexanika və kompüter texnologiyaları istiqamətlərində praktiki yönümlü təhsilin inkişafına, tələbələrin innovativ düşüncə və mühəndislik bacarıqlarının formalaşmasına, eləcə də müasir texnologiyalar sahəsində yeni həllərin hazırlanmasına töhfə verir.







