Xəzər Universitetinin strateji inkişafında yeni mərhələ: Hidayət Şimşək Direktorlar və Qəyyumlar Şurasının üzvü seçilib  

2026/10/08

2026- cı il sentyabrın 16-da Xəzər Universitetinin Mərmər salonunda Hidayət Şimşəyin Direktorlar və Qəyyumlar Şurasının üzvü seçilməsi münasibətilə Şuranın açıq iclası keçirilib. Hasvet A.Ş.-nin İdarə Heyəti sədrinin Şuraya qoşulması universitetin uzunmüddətli inkişaf hədəflərinə xidmət edən, institusional tərəfdaşlığı və birgə fəaliyyət imkanlarını genişləndirən strateji addım kimi dəyərləndirilib.

İclası Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad.  Hamlet İsaxanlı açıb. O, universitetin yarandığı dövrdən bu günədək keçdiyi inkişaf yolundan, formalaşdırdığı akademik ənənələrdən və qarşıda duran strateji məqsədlərdən danışıb. Universitetin gələcək inkişafı kontekstində keçirilən təqdimat yeni tərəfdaşlıqların qurulması və institusional məsuliyyətin paylaşılması baxımından xüsusi məna daşıyıb.

Hidayət Şimşəyin Şuraya üzv seçilməsi Xəzər Universiteti ilə Hasvet şirkəti arasında mövcud əməkdaşlığın daha geniş strateji müstəviyə keçməsini ifadə edir. Bu addım tərəflər arasında əlaqələrin ayrı-ayrı layihələrdən uzunmüddətli institusional tərəfdaşlığa doğru inkişafı, təhsil, tədqiqat və peşəkar fəaliyyətin ortaq məqsədlər ətrafında birləşdirilməsi üçün mühüm zəmin yaradır. Belə tərəfdaşlıq universitetin akademik potensialını yeni inkişaf imkanları ilə əlaqələndirməyə, birgə təşəbbüslərin davamlılığını təmin etməyə və beynəlxalq əməkdaşlığın əhatəsini genişləndirməyə xidmət edir.

İclasın davamında Hidayət Şimşəyin bioqrafiyası təqdim olunub. Onun təhsil və peşəkar fəaliyyət yolu, Hasvetin yaradılması və inkişafı, baytarlıq təhsili, texnologiya və klinik xidmətlər sahələrində həyata keçirdiyi təşəbbüslər haqqında məlumat verilib. Sonra Hidayət Şimşəyin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Ankara Universitetinin Baytarlıq fakültəsinin məzunu olan Hidayət Şimşək sonradan Antalya Bilim Universitetində biznesin idarəedilməsi üzrə magistratura təhsili alıb. 2009-cu ildə təsis etdiyi Hasvet Medikal şirkətinin fəaliyyətini baytarlıq avadanlıqlarının təchizatı ilə yanaşı, təhsil, texnologiya və klinik xidmətlər istiqamətində inkişaf etdirib. Hasvet Akademiyası və peşəkar təlim platformaları vasitəsilə mütəxəssislərin davamlı inkişafına töhfə verib, müasir baytarlıq xəstəxanalarının yaradılmasına rəhbərlik edib.

Onun Azərbaycandakı fəaliyyətinin mühüm istiqamətlərindən biri Bakıda Hasvet Baku International Animal Hospitalın yaradılmasıdır. Bu təşəbbüs Xəzər Universiteti ilə Hasvet arasında baytarlıq təhsili, klinik hazırlıq və elmi fəaliyyət üzrə əməkdaşlığın genişlənməsinə zəmin yaradıb. Hidayət Şimşəyin Şuraya qoşulması həmin əməkdaşlığın universitetin ümumi inkişaf gündəliyi ilə daha sıx əlaqələndirilməsi üçün yeni imkanlar açır.

Bioqrafik təqdimat və videoçarxın nümayişindən sonra söz Hidayət Şimşəyə verilib. Onun çıxışı ilə təqdimat proqramı davam edib.

Tədbir dəvət olunmuş qonaqlar arasında ünsiyyət, fikir mübadiləsi və yeni əlaqələrin qurulmasına imkan verən şəbəkələşmə ilə tamamlanıb. Görüş universitetin gələcək inkişafı ətrafında tərəfdaşları bir araya gətirən və əməkdaşlığın yeni mərhələsinə başlanğıc verən platforma olub.

Xəzər Universiteti Hidayət Şimşəyi Direktorlar və Qəyyumlar Şurasının üzvü seçilməsi münasibətilə təbrik edir və bu strateji tərəfdaşlığın universitetin uzunmüddətli inkişafına, yeni akademik və elmi təşəbbüslərə töhfə verəcəyinə inanır.

khazar.org