Prof.Akad. Hamlet İsaxanlının Bakı Slavyan Universitetində “Zəncinin arzuları” poeması ilə bağlı mühazirəsi
Bakı Slavyan Universitetinin (BSU) Filologiya fakültəsi və Azərbaycan ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə 2026- cı il noyabrın 17- də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlının “Səməd Vurğunun «Zəncinin arzuları» poemasının izi ilə” mövzusunda mühazirəsi olub.
Mühazirə zamanı Hamlet İsaxanlı poemanın ideya-məzmun xüsusiyyətləri, tarixi və ictimai konteksti, eləcə də əsərin yarandığı dövrün ideoloji mühiti haqqında ətraflı məlumat verib. O, əsərin mətninə və onun real prototiplərinin müəyyənləşdirilməsi istiqamətində apardığı araşdırmaların nəticələrinə toxunub, poemanı bədii tarixşünaslıq müstəvisində təhlil edərək, ədəbiyyat və zaman münasibətləri barədə fikirlərini bölüşüb. Hamlet İsaxanlı uzun illər apardığı tədqiqatın nəticələrini auditoriya ilə bölüşərək, Səməd Vurğunun yazdığı poemadakı zənci rəssamın izini axtararkən qarşılaşdığı çətinliklərdən və sonda əslində qəhramanın rəssam deyil, o zamanlar dünyada tanınmış müğənni olduğundan söhbət açıb.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Fikir mübadiləsi zamanı Səməd Vurğunun ədəbi irsinin tarixi və ideoloji kontekst çərçivəsində araşdırılmasının əhəmiyyəti vurğulanıb.
Görüşün sonunda BSU rektoru Anar Nağıyev çıxış edərək, keçirilən görüş üçün təşəkkürünü bildirib və Prof.Akad. Hamlet İsaxanlıya BSU-nin 80 illiyinə həsr olunmuş plaketi hədiyyə edib.










