Naxçıvan Dövlət Universitetində Nailəxanım Təqaüd Proqramı təqdim olundu  

2026/10/28

Naxçıvan Dövlət Universitetində 2026- cı il oktyabrın 27-də Nailəxanım Təqaüd Proqramının təqdimatı keçirildi. Xəzər Universitetində magistratura və doktorantura təhsili almaq istəyən istedadlı gənc qadınlara verilən təqaüd proqramı haqqında tədbir iştirakçılarına geniş məlumat təqdim olundu.

Tədbiri açan Naxçıvan Dövlət  Universitetinin rektoru, Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev qonaqları salamlayaraq, Xəzər Universitetinin Azərbaycanın nüfuzlu ali təhsil müəssisələrindən biri olduğunu bildirdi. O, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlının həyat yolundan danışaraq, alimin Azərbaycan elminin, təhsilinin və maarifçiliyinin inkişafındakı xidmətlərini vurğuladı.

“Bu, təkcə təqaüd deyil, yeni həyat səhifəsidir”

Nailəxanım Fondunun rəhbəri, “Dünya” Məktəbi MMC-nin direktoru Aygün Gardiner çıxışında təqaüdün yaranma məqsədindən danışdı. Onun sözlərinə görə, proqram Nailə xanımın xatirəsini yaşatmaq və adını gələcək nəsillərin uğurları ilə bağlamaq istiqamətində ən mühüm təşəbbüslərdən biridir.

Təqaüd təhsil haqqını, yaşayış xərclərini və aylıq təqaüdü tam əhatə edir. İndiyədək proqramın qalibləri yalnız xarici ölkələrin təmsilçiləri olub.

“Ürəkdən arzulayıram ki, bundan sonra öz ölkəmizdən də daha çox gənc qadın bu imkandan yararlansın. Azərbaycanda böyük potensiala, istedada və arzulara malik  çoxlu gənc qadın var”, – deyə bildirən A.Gardiner qeyd etdi ki, proqramı tanıtmaq üçün ziyarət etdikləri ilk universitet məhz Naxçıvan Dövlət Universitetidir. Növbəti tədris ili üçün müraciətlərin qəbulu yaz aylarında başlayacaq.

“Ən böyük arzum bu təqaüdün bir gənc qadının həyatında yeni səhifə açmasına və potensialını tam reallaşdırmasına kömək etməkdir. Nailəxanımın xatirəsini yaşatmağın ən gözəl yolu onun adını yeni arzuların gerçəkləşməsi və dəyişən həyatlarla yaşatmaqdır”, – A. Qardiner əlavə etdi.

Hamlet İsaxanlı ilə görüş

Tədbirin davamında Prof.Akad. Hamlet İsaxanlı ilə görüş keçirildi. Görüşün moderatoru, Naxçıvan Dövlət Universitetinin Tarix-Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov alimin həyat yolundan və yaradıcılığından söz açdı. Müsahibə şəklində keçən söhbət iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı.

Görüşdə universitetin rəhbərliyi, professor-müəllim və tələbə heyəti, Naxçıvanda fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbinin əməkdaşları və yuxarı sinif şagirdləri, Naxçıvan Yazıçılar Birliyinin üzvləri,  ziyalılar iştirak etdilər.

khazar.org