Prof.Akad. Hamlet İsaxanlı “KOYA 10” çərçivəsində Bakı şəhərinin tarixinə dair məruzə ilə çıxış edib

2026/09/17

Xəzər Universitetində 2026- cı il 8- 12 sentyabr aralığında  keçirilən “KOYA 10” Bakı sessiyası çərçivəsində universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri  Prof. Akad. Hamlet İsaxanlı açılış nitqindən sonra “Keçmişdən günümüzə Bakı şəhərinin tarixi” mövzusunda geniş məruzə ilə çıxış edib.

Məruzədə Bakının tarixi inkişaf mərhələləri, İçərişəhər, XIX–XX əsrlərdə şəhərin memarlıq simasının formalaşması, müxtəlif dövrlərdə inşa edilmiş tarixi binalar və müasir Bakının yeni memarlıq nümunələri haqqında ətraflı məlumat verilib.

Hamlet İsaxanlı xüsusilə XIX əsrin sonu – XX əsrin əvvəllərində, neft bumu dövründə Bakıda inşa edilən binaların tarixçəsinə toxunaraq, onların şəhərin inkişafında və memarlıq irsinin formalaşmasında rolundan danışıb.

Məruzənin diqqətçəkən məqamlarından biri də Bakının heykəltəraşlıq irsi ilə bağlı olub. Şəhərin müxtəlif məkanlarında yerləşən heykəllər, onların müəllifləri, həsr olunduqları şəxsiyyətlər və yaranma tarixləri haqqında geniş məlumat verilib. Bakının zəngin heykəltəraşlıq mühiti vurğulanaraq, şəhərin eyni zamanda, “heykəllər şəhəri” kimi səciyyələndirilə biləcəyi qeyd edilib.

Tarixi faktlar, memarlıq nümunələri, heykəllər və vizual materiallarla zəngin təqdimat “KOYA 10” iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Məruzə iştirakçılara Bakının yalnız müasir şəhər kimi deyil, müxtəlif tarixi mərhələlərin izlərini özündə yaşadan, memarlıq və heykəltəraşlıq irsi ilə zəngin, keçmişi ilə bu günü birləşdirən çoxqatlı bir şəhər kimi tanınmasına imkan yaradıb.

khazar.org