2024-cü il iyunun 1-2-də Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzinin təşklatçılığı ilə universitet rəhbərliyi, əməkdaşlar, məzunlar Azərbaycanın incisi  sayılan Şuşaya səfər ediblər. Səfər proqramı çərçivəsində Cıdır düzü, Səməd  bəy Mehmandarovların malikənəsi, Yuxarı Gövhərağa məscidi, Molla Pənah Vaqifin məqbərə kompleksi, Şuşa qalası, Xan qızı Natəvanın ev muzeyi, Bülbülün ev muzeyi ziyarət edilib.

 Səfərin ikinci günü, 2024-cü il iyunun 2-də   Şuşa şəhərindəki “Qarabağ” hotelinin konfrans salonunda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad.Hamlet İsaxanlının  Azərbaycanın və Türkiyənin  ictimai-siyasi xadimi, jurnalist, pedaqoq və yazıçı Əhməd bəy Ağaoğlunun həyatı və ədəbi-ictimai fəaliyyəti haqqında “Böyük narahat adam” adlı elmi seminarı baş tutub. 

Elmi seminarı giriş sözü ilə açan Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos. Dilbər Zeynalova Prof.Akad. Hamlet İsaxanlının XX əsr Azərbaycan ədəbi-ictimai həyatında mühüm rolu olan şəxsiyyətlərimiz haqqında apardığı araşdırmalardan qısaca  bəhs edib.Deyib ki, bu araşdırmalar arasında önəmli yer tutan  şəxsiyyətlərdən biri də Şuşa şəhərində dünyaya göz açan  böyük ictimai xadim Əhməd bəy Ağaoğlu olub.

 Sonra söz elmi seminarın əsas məruzəçisi  Hamlet  İsaxanlıya verilib. O, XX əsr Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, Şuşada dünyaya göz açan yazıçı-publisist, siyasətçi Əhməd bəy Ağaoğlunun Azərbaycandakı və Türkiyədəki   ictimai-siyasi fəaliyyətindən,  son dərəcə zəngin və gərgin həyat yolundan, xalqın gələcəyi üçün daim narahat olan ziyalı ruhundan bəhs edib.

Məruzəçi eyni zamanda  Əhməd bəyin  bir redaktor, müxbir, qurucu,  ictimai təşkilat rəhbəri, millət vəkili, həm də bir müxalifətçi kimi yaşayıb yaratmasından,onun  Azərbaycan və Türkiyə mühitini, problemlərini eyni dərəcədə əhatə edən əsərlərindən danışıb. Natiq Əhməd bəy Ağaoğluna həsr olunmuş və onun biblioqrafiyasını əhatə edən  “Böyük narahat adam” kitabından geniş bəhs edib. Sonra söz Ə.Ağaoğlunun Türkiyə mühitindəki fəaliyyətinə həsr olunmuş dissertasiyanın və sözügedən kitabın  həmmüəllifi olan Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dr.Mədinə Karahana verilib. O, çoxşaxəli yaradıcılığa malik olan böyük türkçü Ə.Ağaoğlunun biblioqrafiyasını hazırlamağın məsuliyyətindən, bu irsin zənginliyindən  ətraflı söz açıb.

 Sonda  Hamlet İsaxanlı seminar iştirakçılarının suallarını cavablandırıb.

khazar.org