Azərbaycan Respublikası Təhsil Cəmiyyəti, “Təhsilli Gələcək” Təhsilin İnkişafı İctimai Birliyi və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə 2024-cü il mayın 25-də Xəzər Universitetinin Mərkəz kampusunda    Fikrət Əmirov Konfrans-Konsert Mərkəzində Respublika 1-ci  Milli Təhsil Zirvəsi keçirilib.  Tədbirdə 250-yə yaxın təhsil ictimaiyyəti nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi  sükutla yad edilib.

Tədbirin moderatoru – Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Dos. Nardanə Yusifova iştirakçıları salamlayıb və sözü Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlıya verib. Hamlet İsaxanlı “Təhsildə dəyişikliklərin idarə olunması” mövzusunda  geniş məruzə ilə çıxış edib. Bildirib ki,  dünya və tələblər dəyişdiyi üçün təhsildə də dəyişikliklər zəruridir; texnologiya və innovasiyaların tətbiqinə toxunub  və dəyişikliklərin idarə olunması ilə əlaqədar mülahizələrini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında qeyd edib ki, bu istiqamətdə proseslərin sürətləndirilməsinə ehtiyac var, rəhbər heyətin düzgün seçilməsi, sağlam komandanın yaradılması da əsas faktordur.

Sonra Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Milli Məclisin deputatı Pərvin Kərimzadə, “Təhsilli Gələcək” Təhsilin İnkişafı İctimai Birliyinin sədri Sona Əliyeva çıxış ediblər.

Nəzərə çatdırıblar ki, təhsildə əsas faktorlardan biri də sağlam maliyyə sistemidir, xərclərin düzgün idarə olunması çox önəmlidir. Rəhbər heyətin düzgün seçilməsi, sağlam komandanın yaradılması da əsas şərtdir.

Tədbirin bədii hissəsində Əməkdar artist Fərqanə Qasımovanın ifası dinlənilib.

 Sonda Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin sədri Murad Ağalarov çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.

AZƏRTAC İnformasiya Agentliyi, xəbər portalları və saytlar zirvə haqqında xəbər yayımlayıblar.

 

https://azertag.az/xeber/i_milli_tehsil_zirvesi_kechirilib-3022798 və s.

khazar.org