Xəzər Universitetinin Təbiət elmləri və mühəndislik fakültəsinin “Biologiya müəllimliyi” ixtisası üzrə təhsil alan II kurs tələbələri Həyat elmləri departamentinin müdiri Cəmalə Eldarovanın rəhbərliyi ilə 2024-cü il mayın 17-24-də AR ETN Genetik Ehtiyatlar İnstitutuna (GEİ) səfər ediblər. Tələbələr GEİ-nin “Ekobotanika və Sistematika”, “Molekulyar Sitogenetika”, “Biokimyəvi genetika və texnologiya” şöbələrində, “Rüşeym plazma laboratoriyası”nda, həmçinin İnstitutun nəzdindəki təcrübə sahəsində aparılan elmi tədqiqat işləri və onların nəticələrinin istehsalatda tətbiq olunması haqqında məlumatlar ətraflı məlumatlanıblar, müvafiq cihaz və avadanlıqlarla tanış olublar. “Biokimyəvi genetika və texnologiya” şöbəsinin müdiri biologiya elmləri doktoru Hamlet Sadıqov tələbələrə əhəmiyyətli kənd təsərrüfat bitkiləri, buğda dəninin endospermində qliadin və qlütenin ehtiyat zülallarının elektroforetik analizləri, polimorfizmin müəyyən edilməsi haqqında geniş məlumat verib, onları təcrübə sahəsi ilə tanış edib. Aparıcı elmi işçi İlhamə Mirzəliyeva tələbələri Mərkəzi Məlumat bazası, böyük elmi işçi Elnurə Cəfərova isə genbanka daxil olmuş bitki toxum nümunələrinin qeydiyyatı, bərpası, mübadiləsi, cücərmə qabiliyyətinin yoxlanılması və s. barədə danışıblar. “Ekobotanika və Sistematika” şöbəsinin elmi işçisi Kəmalə Əsədova tələbələri İnstitutun Herbari fondu ilə tanış edərək, Azərbaycanın müxtəlif bölgələrinə təşkil edilən ekspedisiyalar zamanı mədəni bitkilərin yabanı əcdadlarının toplanılması barədə ətraflı məlumatlandırıb. “Molekulyar Sitogenetika” şöbəsində isə şöbənin kiçik elmi işçisi Rəhim Rəhimov tələbələri sitogenetik analiz metodları və xromosom preparatlarının hazırlanma qaydaları ilə tanış ediblər.