22 may 2024-cü il mayın 22-də Xəzər Universitetinin Mərkəz Kampusunda Fikrət Əmirov Konfrans – Konsert Mərkəzində İngilis dili və ədəbiyyatı departamenti Vilyam Şekspirin 460 illik yubileyinə həsr olunmuş tədbir keçirdi.
İngilis dili və ədəbiyyatı departamentinin müdiri Dr. Milana Abbasova açılış nitqi ilə çıxış etdi. Baş müəllim Firəngiz Nəsirova çıxışında Şekspirin məşhur sitatlarından nümunələr səsləndirmişdir.
Xəzər Universitetinin məzunu Kamran Nəsirov Şekspirin faciəsini necə yenidən dərk etməsindən danışdı və Şekspirin “Hamlet” faciəsindən dünyaca məşhur monoloqu təqdim etdi.
İştirakçılar – Xəzər Universiteti və Azərbaycan Dillər Universitetinin tələbələri “Otello” operasından bir sıra sonet və monoloq fraqmentlər və R. L. Stevinsonun Şeksprirdən ilhamlanaraq yazdığı şeirini təqdim etdilər. F.Nəsirovanın rəhbərlik etdiyi tələbə xorunun ifa etdiyi “Romeo və Cülyetta”nın 1968-ci ildə ekranlaşdırılmış versiyasında səsləndirilən mahnı tamaşaçılar tərəfindən bəyənildi.
2-ci kurs tələbələri Şayeste Mələkan və Ramalə Həsənovanın rəhbərlik etdiyi Xəzər Universiteti İncəsənət Klubunun tələbə aktyorları tərəfindən Şekspirin “Maqbet” faciəsi səhnələşdirildi. Onların bu ifası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.
Tədbirin sonunda Prof. Akad. Hamlet İsaxanlı çıxış etdi və istedadlı iştirakçı tələbələrin canlı ifalarını yüksək qiymətləndirdi və onların bədii ruhunun, istedadlarının yeni məkanlarda daha böyük tamaşaçı kütləsinə çatacağına ümid etdiyini bildirdi.
Azərbaycan Dillər Universitetinin baş müəllimi Təranə Həsənova proqram və tələbələrin çıxışları haqqında fikirlərini bölüşdü və universitetlər arasında əməkdaşlığın vacibliyini vurğuladı.