2024-cü il mayın 25-də Xəzər Universitetinin Mərmər zalında  Azərbaycan tarixşünaslıq elminin əsasını qoyan maarifçi şair və ədib Abbasqulu ağa Bakıxanovun anadan olmasının 230-cu ildönümü münasibətilə alimin “Təhzibi-əxlaq” və “Mirat ül-cəmal” əsərlərinin təqdimatı keçirilib.

Təqdimat mərasimi Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun  (MƏFAİ_) dəstəyi ilə təşkil edilib.

Təqdim olunan iki əsərin tərtibatı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı, Güney Azərbaycandan olan tədqiqatçı, “Səminketab İraniyan” müəssisəsinin qurucusu və müdiri Hədiyyə Zəhra Əhmədi və MƏFAİ-nin həmtəsisçisi Şəhram Oromi tərəfindən həyata keçirilmişdir. Belə ki, mütəfəkkirin “Təhzibi-əxlaq” və “Miratül-cəmal” adlı iki əsəri İranda və Azərbaycanda mövcud əlyazma nüsxələr əsasında hazırlanaraq, fars dilindən Azərbaycan dilinə tərcümə edilmişdir. Nəfis tərtibatda hazırlanmış kitablara əsərlərin həm farsca orijinal mətnləri, həm də Azərbaycanca tərcümələri daxil edilmişdir.

Tədbiri giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı açaraq görkəmli maarifçi, yazıçı, ensiklopedik zəka sahibi Abbasqulu ağa Bakıxanovun zəngin həyat yolundan, yaradıcılığından, Azərbaycan tarixşünaslığındakı rolundan danışıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, Akad. Rafael Hüseynov Abbasqulu ağa Bakıxanovun tərcümə və nəşr olunan əsərlərinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, “Təhzibi-Əxlaq” əsəri 1980-cı illərdə tanınmış tərcüməçi-alim Məmmədağa Sultanov tərəfindən tərcümə edilsə  də, sovet dövründəki mövcud ideoloji-siyasi yanaşma bu əsərin tam şəkildə Azərbaycan oxucusuna çatdırılmasına mane olub. Alim qeyd edib ki, bu əsərlərin yeni tərcümədə və farsca orijinal mətnləri ilə birlikdə yenidən oxucu auditoriyasına təqdim edilməsi Abbasqulu ağa Bakıxanovun dərin məzmunlu və əhatəli yaradıcılığı ilə bağlı gələcək tədqiqatlar üçün yeni cığırların açılmasına zəmin yaradır.

Müəlliflərdən Şəhram Oromi çıxış edərək “Təhzibi-əxlaq”ın Abbasqulu ağa Bakıxanovun ən qiymətli əxlaqi-fəlsəfi əsərlərindən biri olduğunu söyləyib. O, bu əsərin yenidən tərcümə olunaraq ayrıca kitab şəklində ədəbi ictimaiyyətə təqdim edilməsində əsas məqsədin müasir dövrdə oxucuları, xüsusilə gəncləri böyük mütəfəkkir Abbasqulu ağa Bakıxanovun dəyərli fikirləri ilə tanış etmək olduğunu bildirib.

Abbasqulu ağa Bakıxanovun əsərlərinin digər tərtibçisi və tərcüməçisi Hədiyyə Zəhra Əhmədi isə diqqətə çatdırıb ki, müəlliflər tərəfindən Abbasqulu ağa Bakıxanovun 1831-1837-ci illərdə fars dilində nəsrlə yazılmış “Təhzibi-əxlaq” əsəri Azərbaycanda və İranda mövcud olan dörd əlyazma nüsxəsi əsasında çapa hazırlanıb, tərcümə və şərh edilib. 1829-cu ildə fars dilində irfani mövzuda yazılmış mənzum “Mirat ül-cəmal” əsərinin isə Tehranda İran Milli Kitabxanası və Sənədlər Mərkəzində saxlanılan yeganə və tam əlyazma nüsxəsi əsasında ilk dəfə elmi-tənqidi mətni hazırlanıb, xülasə şəklində Azərbaycan dilinə tərcümə olunub. O, oxuculara təqdim edilən “Mirat ül-cəmal” əsərinin Azərbaycanın tanınmış sufi şairi Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” məsnəvisinə yazılan ən gözəl nəzirələrdən biri olduğunu bildirib.

Təqdimat mərasimində MƏFAİ-nin direktoru, filologiya elmləri doktoru Nəzakət Məmmədli, AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri Prof. Şahin Fazil, Yasamal rayon MKS-nin Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanasının müdiri Lətifə Məmmədova, hər iki əsərin tərcümə redaktoru, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq, Əlyazmalar İnstitutunun əməkdaşı Aytən Quliyeva çıxış edərək, təqdim olunan əsərlər haqqında fikirlərini bölüşüblər.

Tədbirin sonunda Bakıxanovlar nəslinin davamçısı, görkəmli bəstəkar, xalq artisti, “Şöhrət” ordenli Prof. Tofiq Bakıxanov çıxış edərək, Abbasqulu ağa Bakıxanovun əsərlərini tərtib və tərcümə edən müəlliflərə, eləcə də təqdimat mərasiminin təşkilatçılarına minnətdarlığını bildirib.

Təqdimat mərasimi şeir və musiqi dəqiqələri ilə davam etdirilib. Təbrizli xanəndə Cavid Hüseyn, kamança ifaçısı, Xalq artisti Munis Şərifov və Hədiyyə Zəhra Əhmədi öz ifaları ilə iştirakçılara xoş anlar bəxş ediblər. Tədbirdə, həmçinin, Şahin Fazilin Abbasqulu ağa Bakıxanova nəzirə yazdığı şeirləri səsləndirilib.

khazar.org