2023-cü il mayın 15-də Xəzər Universitetinin Mərmər zalında İngilis dili və ədəbiyyatı departamentinin təşkil etdiyi “2-ci Milli Ardıcıl Tərcümə Müsabiqəsi”nin final mərhələsi keçirildi. Müsabiqədə respublikanın 4 universitetindən tərcümə ixtisası üzrə təhsil alan 8 finalçı iştirak etdi. Qeyd edək ki, finalçılar üç mərhələli seçim əsasında müəyyən olunmuşdu.

Tədbir Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı və universitetin rektoru Dos. İradə Xəlilovanın açılış nitqləri ilə başladı. Sonra iştirakçılar ingilis, Azərbaycan və rus dillərində olan canlı çıxışları  tərcümə etdilər. Qonaq məruzəçilər Vahid Əsgəri, Gülafət Şəfiyeva və Qriqorii Penkov idi. Vahid Əsgəri (fil.ü.f.d., Beynəlxalq Biznes Məsləhətçisi və İngilis dilinin tədrisi üzrə mütəxəssis) “Ardıcıl tərcümənin əhəmiyyəti və bacarıqları” mövzusunda məruzə  etdi. Xəzər Universitetinin müəllimləri olan ikinci məruzəçi Gülafət Şəfiyeva və üçüncü məruzəçi Qriqorii Penkovun  çıxışlarını COP 29-a həsr olundu. Qeyd edək ki, “2024-cü il Bakı İqlim Dəyişikliyi Konfransı” və ya COP 29 BMT-nin təşkilatçılığı ilə 2024-cü il noyabrın 11-dən 22-dək Azərbaycanın paytaxtı Bakıda keçirilməsi planlaşdırılan beynəlxalq konfransdır.

Müsabiqənin münsiflər heyəti yeddi nəfərdən ibarət idi:  Elvin Abbasbəyli ( Xəzər Universitetinin müəllimi,  Tərcümə  mərkəzinin koordinatoru), Fialə Abdullayeva (ADU-nun Tərcümə departamentinin müdiri), Firəngiz Nəsirova (Xəzər Universitetinin müəllimi), İrina Orucova (ADU,Tərcümə departamentinin müəllimi) ,  İsrafil Xakiyev (“RAGİ MMC” Tərcümə Mərkəzinin direktoru), Nəsimi Həsənov (“Şəms” Tərcümə Mərkəzinin direktoru) və Zamirə Qurbanova (Xəzər Universitetinin müəllimi).

Münsiflər heyəti əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında iştirakçıları qiymətləndirdi. Müsabiqənin qalibləri aşağıdakılardır:

1-ci yer: Xəzər Universitetinin Tərcümə (ingilis dili) ixtisasının IV kurs bakalavr tələbəsi Gülsün Həmidova.

 2-ci yer: Azərbaycan Dillər Universitetinin Tərcümə (ingilis dili) ixtisasının II kurs magistr tələbəsi Zəhra Əhədova.

3-cü yer: Bakı Slavyan Universitetinin Tərcümə (ingilis dili) ixtisasının IV kurs bakalavr tələbəsi Cavid Novruzov.

 3-cü yer: Xəzər Universitetinin Tərcümə (ingilis dili) ixtisasının IV kurs bakalavr tələbəsi Xəyalə Məmmədova.

 

khazar.org