2024-cü il mayın 21-də Nobel qardaşlarının Ev Muzeyində onların yaratdığı Bakı şəhəri 56 nömrəli tam orta məktəbin 140 illik yubileyinə həsr olunmuş mərasim keçirilib. Tədbirdə Milli Məclis üzvləri, Elm və Təhsil Nazirliyi, Bakı şəhər Təhsil İdarəsi, bəzi dövlət qurumları rəsmilərinin, Nobel İrsi Fondunun, İsveç səfirliyi əməkdaşlarının, bir sıra ali təhsil müəssisələrinin rəhbələri, o cümlədən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı iştirak ediblər.
Qonaqlar təbrik nitqi söyləyiblər. Yubilyar məktəblə sıx əlaqələrini davam etdirən Xəzər Universitetinin rəhbəri Hamlet İsaxanlı çıxışında qeyd etdi ki, sənayeləşmə dövründə yaradılan ilk məktəblər sənayenin ehtiyaclarını nəzərdə alırdı: “Sənayeləşmə təhsilə tamam başqa bir tələbat olduğunu ortaya qoydu. Bu səbəbə görə sənayeləşmə ilə bərabər elm də, təhsil də inkişaf etdi. Azərbaycanda da sənayeləşmə, yüngül sənaye olub. Amma Azərbaycanda ağır sənayenin əsasını Nobel qardaşları qoyub. Məhz buna görə də Nobel qardaşları sənaye dövrünə uyğun müasir bir məktəb yaratdılar və məktəb bu gün də qabaqçıl təhsil ocaqlarından biridir”
Məktəbin kollektivini təbrik edən H.İsaxanlı təhsil müəssisəsi ilə əməkdaşlığın davam etdiriləcəyini də bildirdi.
“Azərbaycan müəllimi” qəzeti və saytında tədbir haqqında geniş report dərc olunub.
https://www.muallim.edu.az/news.php?id=30139