2024-cü il aprelin 17-18 -də  Xəzər Universitetində Erciyes Universitetinin nümayəndə heyəti ilə görüş  keçirilib.Görüşdə qonaqlar – Erciyes Universitetinin rektoru Prof. Dr. Fatih Altun, Texnologiya Tədqiqatı və Tətbiqi Mərkəzinin direktoru Prof. Dr. Mustafa Soylak, Xəzər Universitetinin  təsisçi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı, Tədris işləri üzrə prorektor Məhəmməd Nuriyev, İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı, fakültə dekanları, department rəhbərləri və Kimya mühəndisliyi departamentinin koordinatoru Dr. Rəsul Muradi isə onlayn olaraq iştirak edib.

Görüş Xəzər Universitetinin təsisçisi Prof. Akad. Hamlet İsaxanlının salamlama nitqi ilə başlayıb, daha sonra Erciyes Universitetinin rektoru Prof. Dr. Fatih Altun universitetin ümumi fəaliyyəti barədə ümumi məlumat verib. Davamında Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Fatimə Vəliyeva Xəzər Universiteti haqqında təqdimatla çıxış edib.

Prof. Dr. Mustafa Soylak tərəfindən isə Nano BioAnalitik Kimya Mərkəzi haqqında təqdimat göstərilib.

Çıxışlardan sonra Xəzər Universiteti və Erciyes Universiteti arasında Anlaşma memorandumu imzalanıb. Nanotexnologiya laboratoriyası haqqında məlumat verilib və  Prof. Dr. Mustafa Soylak Kimya mühəndisliyi fakültəsinin professor-müəllim heyəti və doktorantları ilə görüş  keçirib. Görüşün sonunda hədiyyə mübadiləsi olub. Proqramın ilk günü qonaqlar üçün şəhər turu və şam yeməyi ilə  başa çatıb.

Növbəti gün qonaqların Dünya Məktəbinə turu təşkil olunub ki, burada da onlar kitabxana, sinif otaqları və laboratoriyalarla tanış olduqdan sonra Nailəxanım muzeyinə ekskursiyada iştirak ediblər. Xəzər Universitetinin Nərimanov kampusuna səfərdə isə qonaqlar sinif otaqlarına  daxil olaraq  dərs prosesi ilə tanış olublar.

 

khazar.org