Əli Rza Xələfli

H.İsaxanlının “Ziyarət” poemasında ayrı-ayrı hekayətlərin gətirdiyi təəssürat şübhəsiz ki, Yaddaş Sahibi ilə bağlıdır. Bəzən onun duyğuları şahə qalxır, bütün gücü ilə haqsızlıqlara qarşı durmaq istəyir, ananın çəkdiyi əzab və iztirabların ağrılarını hisslərində, emosiyalarında əks etdirir, bəzən də bu fırtınaya çevrilən hisslər, emosiyalar sakit bir axara düşür. Düzənlikdə axan çay kimi sakitsakit öz məcrasına doğru yolunu davam etdirir. Bu sakitlikdə bir təəssüf, ötüb keçmiş həyatın arxasınca baxmaqla artıq tarixə, yaddaşa çevrilmiş insanları əbədiyyət yuxusundan qaldırmaq, onlara layiq olduqları haqqı vermək istəyi də duyulur. “Ziyarət” poemasında Böyük Ana hekayəti ilə bağlı növbəti hissə “neyləyək, qismət bu imiş” adlanır. Həyatın min cür zülmünü görmüş, cəfasını çəkmiş ana özünün ağlı, düşüncəsi ilə ətrafında hörülmüş hiylə, qəddarlıq torlarını dağıdır. Özünə yol açmaqla övladlarına yol açır. Bəlkə də ananın hansısa arzuları başa çatmadı:
Zülm gördü, cəfa çəkdi, Ayaq altında qalmadı. Arzusu gözündə qaldı, İmanı zədə almadı.
Zənnimcə, müəllifin ananın arzusunun gözündə qalması ilə bağlı qənaəti doğrudur. Əlbəttə, nə qədər şübhəli olsa da. Çünki ana bu yolları – övladlarını böyütmək, boya-başa çatdırmaq yolları ömür-gün yoldaşı ilə adı artıq elatda, bütün Borçalıda dastanlaşan Qaçaq İsaxanla birgə keçməli idi. Əlbəttə, zaman, rejim buna imkan versəydi. Hər halda onun bu arzusu gözündə qalsa da, imanı zədə almır. El arasında müdriklərə alxış eləyəndə nisbətən cavanlar deyərlər: “İmanın kamil olsun”. İmanı kamil olmaq insanın xeyirə çalışmağı, insanlığı hifz etmək üçün səyləri ilə bağlıdır. Belə insanın dilindən yalan çıxmaz. Əlindən hiyləyə qulluq edən əməl gəlməz. Bu ana da gözləri ilə od götürsə də, özü oda dönüb heç vaxt ətrafı yandırmır. Amma işığa çevrilirinsanların ətrafındakı qaranlıqları qovan işığa. Başına gələnlərə görə nə qohumu, nə də yadı töhmətləmir, qınamır, heç kimdə günah görmür. Bununla da, əslində övladlarına kinsizlik, qərəzsizlik dərsi keçir. Elə bir öyüd verir ki, onun övladları gələcəyin insanları ilə ləyaqətlə davransınlar. Ən kamil insan özündən sonra kin, qərəz, münaqişə ocağı qoyub getməyəndir.Yaddaş Sahibinin yaşantılarında biz də Böyük Ananı beləcə görürük:
Nə yalan çıxdı dilindən, Nə hiylə gəldi əlindən. Gözü od-alov görsə də, Oda dönmədi heç vədə. Nə qohumu, nə də yadı, Töhmət edib qınamadı.
Böyük Ana çox istəyərdi ki, dünyanın az qala yarısından çoxunun qiblə hesab elədiyi Məkkəyə getsin, müqəddəs ocaqda gələcək naminə dualar etsin. Əlbəttə, bu onun zamanında mümkün deyildi. Və Yaddaş Sahibi də elə bunu deyir:
Məkkəyə yolu düşmədi
Tikanlı, məftilli dünya…
O vaxt Məkkə nəydi? Xülya…
İndi Məkkəyə gedərdi.
Əgər Böyük Ananın arzusu bu idisə, bu da indi rejimlərin çökdüyü, imperiyaların dağıldığı, idealogiyaların insan istəklərinə rəğmən puç olduğu günlərimizdə mümkün olardı. Və buna Yaddaş Sahibinin özünün gücü yetərdi. Çünki o, Böyük Ananın mənəvi olaraq ona bəxş elədiyi sərvətin sayəsində uzaq yolları yaxın eləmək iqtidarındadır. Amma əlbəttə, zaman ötmüş, karvan getmişdir:
Buna hünərim yetərdi,
Neyləyək, qismət bu imiş.
Artıq nə etsəm hədərdi
Olan olmuş, keçən keçmiş…

İndi təəssüf qalır. Amma əlbəttə, bu təəssüf nikbin, sabaha ümidli bir təəssüfdür. Yaddaş Sahibi sinəsində alovlanan bir yanğını da pıçıltıları ilə onu dinləyənlərə çatdırmalı olur. Nənə ömrünü şam kimi əridib, dünyadan köçür. Və son günündə şamın sönən anında nəvəni istəmişdi. Yaddaş Sahibi həmin anda onun görüşündə ola bilmədiyi üçün indi də ürəyində bir nisgil daşıyır:
Son günü məni istəmiş Eşidəndə içim yandı. Nənə-nəvə görüşmədi, Bir daha fürsət düşmədi, Arada divar dayandı.

Nənə artıq əbədiyyətdədir. Yaddaş Sahibi bunun qanunauyğun olduğunu bilir. Axı filosoflar demiş: dünyanın dəyişkənliyi haqqında qanundan başqa hər şey dəyişilməyə məruz qalır. Yaddaş Sahibinin şəffaf eynəyinin arxasından nəzərləri dünyanın uzaq üfüqlərinəcən çata bilir. Çünki o, dünyaya zirvədən baxır. Bu sərraf nəzərlər Misir ehramlarını da görür, bir təpəlikdə adı qalmış Semiramidanın asma bağlarını da. Bu nəzərlər Rodos nəhənginin əzəmətini min illər boyu parçalanmış daşlarda saxlayan insan hisslərinin də gücündə dayanır…
İnsan təfəkkürünün möcüzələri ardıcıl sıralanır. “Avesta”, Dədə Qorduq möcüzələri, Firdovsi, Xəyyam, Nizami, Nəsimi, Füzuli, Xətai…sözün, mənəvi gücün vəhdəti Yaddaş Sahibinin mənəvi aləmindən süzülüb gələn dünya, cəmiyyət, həyat, zaman haqqında fəlsəfi ümumiləşdirmələrə çevrilir:
Tale hər vaxt nəvazişə qərq etməz, Günəşlər də nəhayətsiz bərq etməz. Ölüm haqdır, dadacaqdır hər insan, Dəli olsun, dahi olsun, fərq etməz.
Nə qədər kükrəsə, aşıb-daşsa sel, Qoynunda ram eylər onu dəniz, göl. Həyatın axarı-çıxarı budur:
Əvvəl sel kimi coş, qayna…sonra öl.

Nədəndir gen dünya mənə dar gəlir? Sevinc üz döndərir, intizar gəlir? Kişiyə ağlamaq yaraşmasa da,
Bəzən ağlamamaq mənə ar gəlir.
Ölüm deyil həyatda ən böyük zülm, Yaşamaqdır bu dünyada ən ağır iş, Varlığımız yoxluğa doğru bir giriş, Həyatımız ölümə gedən yol imiş.
Bu dördlüklərdə, daha dəqiq desək, insanı mənən zənginləşdirən, ona sonsuz estetik zövq bəxş edən bu rübailərdə Xəyyam ruhu duyulur, Məhsəti Gəncəvi nəfəsi hiss edilir. İnsan hissləri və duyğuları o qədər təbii axarla bu rübailərdə bir-birini tamamlayır ki, yaradılan təəssüratı dağıtmamaq xatirinə şairin mənəvi aləmindən gələn ecazkar duyğulardan alınan zövqü oxucunun öz ixtiyarına buraxmaq daha yaxşıdır qənaətindəyəm. Bundan sonra nəsə yazmaq, nəsə demək bəlkə də artıq olardı, amma ruhən, qəlbən sevdiyim Belinski sanki bir əsr yarım bundan əvvəl elə indiki məqamda mənim yazacaqlarımı demək istəyib:
“Daha nə deyim? Bəlkə indiyə qədər dediklərimin özü də sizi çox az razı salmışdır. Nə etməli? Gözəlliyi hiss edib anlamaq başqalarını gözəlliyi hiss edib anlamağa məcbur etməkdən dəfələrlə asandır! Əgər oxuculardan bəziləri mənim məqaləmi oxuyaraq “bu həqiqətdir” deyərlərsə, yaxud bəziləri heç olmasa “bütün bunların hamısında həqiqət də var” deyərlərsə, əgər bir başqaları məqaləni oxuduqdan sonra orada təhlil edilən əsərlərin özlərini oxumaq meylinə düşərlərsə, o zaman mən öz vəzifəmi yerinə yetirmiş və məqsədə çatmış oluram” 1.
Sözün ecazkar gücü… yalnız sənin önündə təzim etmək, yalnız sənin
haləndə dolanmaq, oduna, işığına pərvanə kimi yanmaq səni duyana yeganə təsəlli olardı.
… Sözün bətnində Tanrı gücü var.

Ədəbiyyat:

V.Q Belinski. “Rus ədəbiyyatı klassikləri”. Bakı, 1954, s. 285.
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.