Əli Rza Xələfli

Bədii əsər istər poeziya olsun, istərsə də nəsr nə vaxt oxucunu çəkir? Sözün bədii gücü nə vaxt özünü göstərə bilir, ecazkar haləsini yaradır? Bəlkə də, bədii sözü yaradanlar bu barədə ya düşünmür, ya da çox az düşünürlər. Əvəzində ədəbiyyatın sirrini axtaranlar, ədəbiyyatın eczkar mahiyyətini anlamağa çalışanlar bədii sözün dərk olunduğu gündən bəri bu suallar ətrafında baş sındırırlar. Sənətkar hər hansı bir obrazı həyatda görə bilirsə və yaxud özündən kənar xarici mühitin təsirilə onun mənəvi aləmində yaranan təəssüratlar, hadisələr müəyyən olunmuş bir xətt ətrafında düzülürsə və demək olar ki, sənətkar həmin proseslərə müdaxilə eləmirsə, demək, obrazların, hadisələrin təbiiliyi də qorunur. Sənətkar təbiiliyi, onun daxili aləmində formalaşmış obrazlara səmimi münasibətini qoruyursa, onda bədii sözün haləsində ecazkar bir mühit yaranır. Bu, cəlbedici bir mühitdir, oxucunu çəkən mühitdir. Ətrafı özünə cəzb edən, haradan baxılsa görünən bir mühitdir. Bir çəməndə bal üçün şirəsi olan çiçəyi arıya göstərən yoxdur. Amma arı özünün təbii instinkti ilə o çiçəyin xüsusi qoxusunu duyur, hiss edir və çəməndə yeganə olsa belə həmin çiçəyi tapa bilir.
Demək, əsas məsələ yazıçının hadisələrə yanaşma tərzi ilə bağlıdır. Onun daxili aləmində formalaşmış olan dünyagörüşü, məqsəd və məramı ilə bağlıdır. Beləliklə, sənətkar özünün məqsədini, məramını müəyyən hadisələrin fonunda ardıcıl olaraq diktə edir və onun oxucuya danışmaq istədiyi məzmun yaranır.
Ayrı-ayrı oxucuların belə bir qənaəti ola bilər ki, H.İsaxanlının poetik yaradıcılığında forma baxımından bir dağınıqlıq var. Doğrudur, dərzinin biçdiyi paltar sahibinin əyninə, ölçüsünə, biçisinə uyğun gələndə onu daha gözəl göstərir. Amma ən qiymətli bir paltarı belə ən mahir dərzinin əli ilə biçilmiş-tikilmiş bir paltarı, belə paltarın nə demək olduğunu bilməyən meymuna geydirsən onu, bəlkə də, zahirən, kənardan baxanda insana bənzədə bilər, amma meymunu döndərib insan eləyə bilməz. Demək, əsas məsələ yazıçının, sənətkarın oxucuya aşılamaq istədiyi ideya ilə bağlıdır. H.İsaxanlı poetik lövhələrində məhz bu ölçülərə sadiqdir, başqa sözlə, mənəvi ölçülərə… Onun yaradıcılığı daxili aləmindən gələn səslərin oxucuya yad, təsirlərsiz çatdırılması ilə fərqlənir. “Ziyarət” poemasında da bu təbiiliyi, müəllifin daxili aləmindən gələn səslərin fərdiliyini və orijinallığını hiss edirik. Əsərin son hissələri ilk baxışdan Yaddaş Sahibinin xatırlamaları ilə əlaqəsiz, yaxud da zəif əlaqəli görünə bilər. Amma əslində, belə deyil. Yaddaş Sahibi hər şeyi danışıb. Ziyarətə çağıran ilk zəng səslərindən tutmuş, ziyarətdən sonra ziyarətçini ziyarət edənlərin münasibətlərinə qədər nə varsa, hamısı artıq məlumdur. Bir anlığa şairi də elə belə bir müsafir kimi təsəvvür edək. O, səfərini başa vurub, olanların hamısını danışıb, onu ziyarət edənlər də dinləyiblər və nəhayət ki, hərə dağılışıb bir yana. Amma bu uzun yol müsafirinin xəyal, düşüncə aləmindən gəlmiş Yaddaş Sahibinin bir özü, bir də qəlbi tənhalıqdadır. O, öz könlü ilə danışır. Daha doğrusu, heç kimsəyə deyə bilmədiyi, heç kimsəyə aça bilmədiyi duyğularını nəğmələrə çevirir. Beləliklə, “Ziyarət” poemasının “nəğmələrin qanadinda” adlı bir hissəsi yaranır. Yaddaş Sahibi o, bu hissədə şairin özü ilə eyniləşib kimsəyə danışa bilmədiklərini bəlkə də, onu bir kimsənin anlamayacağını düşündüyündən içindəki nəğmələrini həzin-həzin, özü üçün oxumağa başlayır:
Dənizlər olmayan yerdə Çayda dənizçi olardım. Ləpələnən boz çöllərdə Şütüyərdim, iz salardım. Külək içimə dolardı, Köynəyim yelkən olardı.
Zirvədən başlanan yolun son ucu dənizdə qurtarır. Bu, bir insan ömrüdür. Bu, bir insanın həyatdan aldığı paydır. Zirvə onun həyata gəlişidir, dünyanın hər tərəfindən görünən bir məqamdır. Onun ilkin çığırtısı hər tərəfdən eşidilir; dünyaya insan gəlir! Məhz zirvə olduğu üçün bu səsi insanlar eşidir. Amma dənizdə qurtaran yol əbədiyyətin başlanğıcıdır. Sanki əsər boyu müəllif yaddaşında oyanan nə varsa, hamısını dənizəcən keçdiyi yollarda danışır. Amma indi üzü zirvəyə tərəf. O zirvədə qoyub gəldiyi ilk çığırtısı ilə insanlara sevinc gətirmiş güllərə tərəf nəğməsini oxuyur. Orada necə idi, hansı hisslərlə yaşayırdı? Hansı duyğuları ilə sinəsi qabarır, könlü atlanırdı? Bəlkə də, o, həmin zirvədə üzü dənizə sarı boylanıb bir dənizçi olmaq istəyirmiş. Dənizlər də onun üçün boz çöllərə bənzəyirmiş. Onun köynək yelkəni küləyin axarında qanadlarını açarmış və hərdən də dönüb ləpələrə baxar, ləpələrin yuyub apardığı izinə baxarmış. Hər halda, bu, onun ilk arzuları idi. Onu həyata, göylərin ənginliyində qanadlarını çalıb süzdüyü boşluqlarda qoruyub saxlayan, onun uçuşunu təmin edən arzular idi.
İnsan dərəyə enməkdən çox dağa qalxmağı arzulayır. Eynilə bu düsturu onun həyatının mənasına da şamil etmək olar. İnsan ucalığa can atır. Mənəvi ucalıq insanın gücünün, qüdrətinin mahiyyətidir. Təbiətdəngəlmə duyğular şairin məramına, niyyətinə çevrilir:
Gül ətirli, göy yamaclı, Dik qayalı, bulud saçlı. Dağları seyrə dalardım, Ucalıqdan həzz alardım.
Onun ucalıqdan, ucalıq eşqindən məmnun olması, hətta bəzən xəyalən çatdığı bu ucalığın yüksəkliyində xumarlanması, məst olması, bu ucalıq həzzini öz canında duyması onun boy artmasıdır, mənəvi böyüməsidir. Sanki həmin ucalıqdan özü boyda olan dağlara baxır, dağlarla özü arasında bir müvazilik, bir yaxınlıq, mənəvi qohumluq görür. Həmin andaca təzədən günlərimizə qayıdır. Sanki həmin o uşaqlıq arzusuna asanlıqla, xəyalən qalxdığı ucalıqlara təbəssümlə, uşaq sadəlövhlüyünə yumşaq bir istehza da duyulur onun bu münasibətində. Yağışlara vurulmaq, hələ əlinin çatmadığı, ovuclayıb bir yay gününün istisində ağzına təpəcəyi dağ qarına həsrətli sevgisini təzədən yaşayır. Bu, o qədər saf, o qədər təmiz bir sevgidir ki, hətta onun rəngini belə oxucu təsəvvür edir. Dağların ucalığındakı qarın ağlığı kimi…
Bir uşaqdım, vurulmuşdum Asta yağan yağışlara.
Həsrətli bir sevgim vardı, Dağ başına düşən qara.
Bir uşaqdım vurulmuşdum, Göydə gəzən buludlara.

Uşağın mənəvi aləmi safdır, təmizdir, qərəzsizdir, uşaq nə vaxtsa qanadlarının olacağına inanır. Ona görə də bəzən vahiməli görünən, bəzən alatala, seyrək-seyrək başımızın üstündən keçib gedən buludlaracan qalxıb onun üstündə anasının yırğaladığı beşikdə olduğu kimi, əmin-amanlıqla, asudə, qollarını açıb dincəlmək, göy üzündəki buludların üstündən yerləri süzmək istəyir. Bəs onda uşaq niyə buludlara vurulmasın? Niyə buludları sevməsin? Buludlar ki, onu bu qədər ucalıqlara qaldıra bilər.
Göründüyü kimi, onun mənəvi mühitində saf bir sevginin təməli qoyulub. Bundan sonra o uşağın dünyasında heç vaxt tikanlar, qanqallar bitə bilməz. Onun ruh çəmənzarında elə ətirli güllər, elə yaşıl çəmənlər dil açıb danışacaq ki, onun səsini eşidən hər kəs bu çəmənzara gəlmək istəyəcək. Bu, həyatın gözəllik donudur, bu, həyatın həyata çağırış səsidir. Burada o, artıq özünü dərk edir. Buludların üstünə qalxmaq qanadı olmasa da, sevgi aləminin ucağılında onu saxlayacaq, onu daha da kamilləşdirəcək sevgi qanadları yaranacaq. Və bu zaman o, arxasınca baxan iki həsrətli gözü görəcək. Bu iki göz onu əbədi olaraq özünə bağlayacaq. Onun qəlbində yandırdığı odla özündən şimşək qanadları ilə onun sinəsinə köçürdüyü hisslərlə, duyğularla… Beləcə, bir gəncin sevdası başlanır. Və o, yuxusuz gecələrində ona baxan iki gözü heç vaxt unutmayacaq, həmişə ona doğru uçacaq. Çatacaq, çatmayacaq bunu həyat bilər:
İki gözdən bir od aldım,
Alışdım, sönə bilmədim. Gecə-gündüz qanad çaldım, Geriyə dönə bilmədim.
Bəzən saf, təmiz məhəbbətin çiçəyi çırtlasa da, gülləri açılsa da, onun vaxtsız solduğunu, onun bar-bəhrə gətirmək üçün öz fəslinin gəlmədiyini də görürük. Əsərin qəhrəmanı ömrü boyu sinəsinin altında saxladığı bu duyğuları nəğməyə çevirib oxumasaydı, bəlkə də, bizim artıq tanıdığımız, bizə çox əziz olan Yaddaş Sahilinin obrazını bu qədər mükəmməl təsəvvür edə bilməzdik. İndi onun səmimiyyəti, onun təbiiliyi onu bizim gözümüzdə daha da ucaldır. Heç kimə heç nə deməsə də, dostları, yoldaşları, həmtayları taytuşları onun gözündə yanan işıqların mənasını duyur, könlünün sevgi odunda yandığını hiss edirlər. Bəzən gözlər sözlərdən daha açıq danışır:

Göz qandırdı, göz yandırdı Könül-könülə yaraşdı. Dost-yoldaşlar utandırdı, Söz o sözdü, yaş o yaşdı…
Beləcə, ilk gəncliyin sevgi işıqları onun yolunu nurlandırır, onun həyatına yeni məna gətirir. Onu sevgi dolu bir aləmin, bu aləmin yaşamağa haqqı olan bir sakininə çevirir. Yaddaş Sahibi sanki yuxudan ayılır. Hansı hisslərini nəğməyə çevirib oxuduğunu duyur və nəğməsini elə buradaca dayandırır. Bir sözlə, həmin o uşaqlıqdan qopmaqda olan aləmə indiki yaşından baxır:
Uşaqkən min xəyal qurdum… Nəğmələrin qanadında.
Deyəsən sevda adında Arzuma doğru uçurdum?!.
Nəğmələrin qanadında uçduğu anları, xəyallarında yaratdığı aləmi öz nəğmələri ilə bizə qaytaran müsafir çox böyük səmimiyyətlə etiraf edir ki, onun dənizçi olmaq, təyyarəçi olmaq, səyahətçi olmaq istəyinin hamısının məğzində, mayasında dayanan bircə həqiqət vardı. O da sevda adlı arzusuna çatmaq həqiqəti.
Zənnimcə, müəllifin sevgini, sevdaları arzuya bənzətməsi də çox maraqlıdır. Əslində, elə həyatın yaşarılığını təmin edən əsas amil arzu ilə bağlıdır. Sevdasız, sevgisiz arzu isə yəqin ki, mənasız istək olardı. Birdən onun qəlbindən bir haray sədası qalxır. Özü öz nəğmələrinin qanadında qayıdıb uşaqlıq aləmindən ayrıldığı günlərə düşən anlarda öz səsinin sehrinə düşür. Axı o, bu səsi, heç kimsəyə oxumadığı nəğmələri özü eşitdi, öz dilindən, öz ağzından çıxan nəğmələri eşidən kimi vahimələnir. Hər halda o, bu nəğmələri könül sirri kimi saxlayırdı. İndi onun sirri faş olmuşdu. Özü öz səsini eşitmişdi. Bəlkə, bu səsi eşitməklə onun nəğmələrinə bir xələllik gələr? Bəlkə, məhrəmliyini qoruduğu sirrinə xəyanət eləmiş olar? Amma yox, bu səsdəki ecaz, bu səsdəki duyğu tamam başqadır. Yerlər, göylər eşitsə də, lap Allahın özünə çatsa da həm də Allahın da özünə çata bilər, çünki sevgi nəğmələri Tanrı yanında dualardan da müqəddəsdi onun, o ecazkar səsin nə yerlərə, nə göylərə bir xətəri dəyməz. Tanrı dərgahından tutmuş insanların mənəvi saraylarına qədər bu səs kainatda harmoniya, ahəng yaradar. Müəllifin həmin səsi təsvir etdiyi misralara diqqət edək:
Allah, Allah, o nə səsdi, Yerlər, göylər eşitdimi? Duadan da müqəddəsdi. Bülbüldümü, Rəşiddimi?
Ya, bəlkə, Şövkətdi, Xandı? Ruh titrədi, könül yandı…
Beləcə, onun mənəvi aləmindəki titrəyişlər, həyəcanlar öz ünvanına çatır. Onun ruhunu təzədən qanadlandırır. Bu, o qədər təsirlidir ki, onun könül aləminə bir yanğı gətirir və əsərin indiki məqamında Yaddaş Sahibinin iztirablarını, onun mənəvi ağrılarını gözlərimizin önündə canlandırır. Bəlkə də, Xanın, Rəşidin, Şövkətin adlarını çəkməklə onun könül dünyasında səssiz oxunan nəğmənin səsini, sədasını bu səs qüdrətlilərinin ecazkar səsləri ilə müqayisə etməsi onu düşündürür. Bu səsin məlahətini o səslərlə qarışdırmamaq üçün son anda nəğmələrinin qanadından onu bütün ömrü boyu gəzdirən, xəyallarının atından yerə enir, bugünkü insanların arasında dayanır. Daha nəğmə yox, asta-asta onun dodaqlarının arasından pıçıltılarını eşidirik:
Ayrıca bir məlahət olmasa da səsimdə. Ürəyimin telləri yanırdı nəfəsimdə.
Bəlkə də, H.İsaxanlının bu hisslərini, duyğularını daha sərrast, daha dəqiq, daha biçimli formalarda vermək cəhdləri ola bilərdi. Amma onda bu təbiiliyi və bu səmimiyyəti görə bilməzdik. Məzmun da bizi çəkməzdi. Nə qədər səmimi olmalısan ki, səsində qeyri-adi bir məlahət görməsən də, ancaq özünə aid olan səslə oxuyasan və ürəyinin də telləri öz nəfəsində yana. Zənnimcə, şair bu hissləri yaşaya bilməsəydi, bu duyğuları mənəvi aləmindən təzədən keçirə bilməsəydi, ürək tellərinin nəfəsində yandığını da hiss etməzdi. Buradaca bir sevgi-məhəbbət dastanının tarixini bir muğam kimi dinləmiş oluruq. Təsadüfi deyil ki, müəllif son misrada “Şur” muğamının adını xatırladır. O, lap bəmdə oxusa da, zildə oxusa da, dərdin sarı simi üstündə oxuyur. Sarılıq ayrılıq, hicran rəngidir, həsrətin ifadəsidir. Filankəs elə oxuyur ki, lap sarı simə dəyir. Xalq canlı danışıqda sarı simin mahiyyətini belə ifadə edib. Və zənnimcə, müəllif də səssiz-səssiz oxuduğu nəğmələri ilə oxucusunun könül aləminin sarı simini dilləndirə bilib:
Köklənirdim “Şur” üstə, həzin, sarı simdə də. Oxuyurdum zildə də, səssiz, ürəyimdə də.
Yuxarda demişdik ki, bədii əsərdə oxucunu çəkən nədir? sualı bədii əsərin mahiyyəti haqqında düşünənləri həmişə düşündürüb. “Ziyarət” poemasının ayrı-ayrı hissələrində olduğu kimi, burada da sanki nəbzi əlimizdə olan insanın ürəyinin döyüntülərini hiss edirik. Biz burada bir şairin həyatdankənar, qeyri-insani bir varlığı təsvir etdiyini yox, həqiqi insanı, bizimlə danışan, bizi duyan, onu duymağımızı istəyən bir insanı görürük. Göründüyü kimi, müəllif insanlara aşılamaq istədiyi ideyanı, fikri, məqsədi bunu mənəvi sağlamlıq kimi duymaq olar, ucalığa çağırış kimi anlamaq olar, insanın insan olduğunu təsdiq edən xeyirxah niyyət kimi başa düşmək mümkündür öz içindən, daxili aləmindən götürüb ona nəfəs verdiyi, ona can verdiyi, ruh verdiyi obrazın timsalında təqdim edir. Görünür, mütəfəkkirlər də elə bu məqamı bu cür qavramağı daha üstün tutublar:
“…Bitki toxumdan necə cücərib boy atırsa, hadisələr də ideyadan elə inkişaf edir. Məhz buna görə oxucular onun şəxslərində kölgələr deyil, canlı surətlər götürürlər, bunların sevincləri ilə sevinir, bunların haqqında düşünür, mühakimə edir və bir-biri ilə mübahisə edirlər, sanki söhbət doğrudan da yaşayan və onlarla tanış olan adamlar haqqında gedir…” 1.
H. İsaxanlının yaratdığı obrazın, daha dəqiq desəm, Yaddaş Sahibinin ruhumla doğmalığını hiss etməsəydim, onu özümlə müsahib kimi görməsəydim, başqa sözlə, onu dəqiq tanımasaydım, yəqin ki, ustadın fikirlərinə də, düşüncələrinə də güvənə bilməzdim.
…Özündən başqa bir kimsənin könlünü səsi ilə, sözü ilə dilləndirə bilən hər kəs sənətkardır istər şair olsun, istər nəğməkar, müğənni…

Hər şairin dünyasında həyatın qara rənglərini görməyən saf bir aləm var. Şair yaşadığı dünyaya o təmiz aləmi verib getmək istəyir. Şairi yazmağa, yaratmağa vadar edən elə bu duyğulardır, bu hisslərdir.

Ədəbiyyat:

V.Q.Belinski. “Rus ədəbiyyatı klassikləri haqqında”. Bakı, 1954, s.347.
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.