Əli Rza Xələfli
Şühbəsiz, bir elm adamı, təhsil təşkilatçısı olaraq özünün ləyaqətli yerini elm və maarif sahəsində zəhməti və zəkası ilə təsdiq etmiş H.İsaxanlı bircə misra yazmasaydı belə, yenə də adı hörmət və iftixarla çəkiləcək ziyalılarımızdandır. Ancaq Tanrı ona səmimiyyətlə silahlanmış poetik istedad da bəxş edib. 30-40 il ərzində elmin dərinliklərinə doğru yeridikcə şairliyi, poetik istedadı onun mənəvi qida mənbəyi, ruhunun daşıyıçısı olub. Dünyanı gəzə-gəzə bu mənəvi gücə tapınıb. Həyatın ona qucaq açdığı sevincli günlərdə də, kədərli anlarında da uzaq kənddən, dünyanın mənəvi səmasından ucuşundan bəri onun poetik nəfəsi həmişə qəlbində yaşayıb. Şeriyyəti, şairliyi poeziyası ilə sonsuz sevgilərlə munis olub. Klassik təbircə desək, onun həbibi, munisi olan poeziyası bir qayda olaraq tənhalığında onun çiyinləri üstündə qanad gərib. Və beləcə H.İsaxanlı həmişə şeirlə nəfəs alıb. Şeri ilə, poeziyası ilə şan-şöhrət azarına tutulmayıb. Ruhunun, paklığının müqəddəsliyini qoruya-qoruya poeziyanın İlahi yüksəkliyində, uçalığında mənəvi rahatlıq tapıb. Yoxsa, başqa cür bir ana ruhunun mənəvi dünyasını misra-misra, söz-söz o necə gəzə bilərdi?
Ananı müxtəlif məqamlarda həyatın qərəzlə başının üstündə qılınc oynatdığı anlarda da, ağzının duası ilə dərdini göylərə açanda da, iztirablarla çırpındığı məqamlarda da, görə bilir. Bu fərqli anların ovqatını özü təzədən yaşayır. Yaddaş Sahibi olaraq əlli il bundan əvvəlki dövrün xarakterini, təbiətini ananın öz dili ilə təqdim edir. Ananın gələcəyə olan ümidi balaları ilə böyüyür. Onun övladları gün-gün, ay-ay, fəsil-fəsil boy atır və onların hər birinin simasında ananın dərdləri dağ buzlaqları kimi əriməyə başlayır. Ananın tənhalıq anları nə qədər orijinaldı. Ana haqqında saysız duyğular, düşüncələr qələmə alınıb. Və bu “Odisseya”nın, “İlliada”nın, Qorqudluğun məğzində Hamletin dərdini göylərə açan Anasının (əsərdə nənənin) obrazı xarakter etibarı ilə tarixi anaların banisi olduğu kimi həm də çox fərqlidir. Öz düşüncələri ilə saflığı ilə, müasir günümüzün anasına daha yaxındır. Ana tənhadır və bu tənhalıqda onun bir munisi də öz Tanrısıdır. “dərdini göyə açardi” adı ilə təqdim olunan hissədə Tanrıya dualar pıçıldayan ananın bütün aləmini görə bilirik. Onun həlimliyini, müqəddəsliyini övlad sevgisini, dünyaya, bəşərə əmin-amanlıq arzularını müəllif çox səmimi duyğularla təsvir edir. Və təbii ki, ananın öz dilindən, öz səsi ilə yaradılan mənzərə kifayət qədər bəs eləyir ki, biz onun zəngin aləmini görə bilək:
“Kiminin körpə balası var, Ona dəyməsin tufanlar. Kasıb, varlı, gədə, ya şah, Kim nədirsə, özü bilər… İlan yerisin, ay Allah,
Dalınca da balaları,
İçində də mənimkilər”.
Ana dualarında da son dərəcə ədalətlidir. Çünki Tanrı özü ədalətli olduğu üçün ananın düşüncəsinə görə onun dərgahında yalnız ədalət arzulayan dualar qəbul ola bilər. Ona görə də ana əslində Tanrıya dua eləyəndə təkcə öz övladı üçün dua eləmir. Onun nəzərində kasıb, varlı, gəda ya şah hamısı insandır. Və ona görə də kimin nə dərəcə haqlı-haqsız olduğunu öz ixtiyarına buraxır. Hətta Tanrının yaratdığı bütün varlıqları yaşarı hesab edir. Və yenə yalnız nənənin dilində öz gücünü göstərə bilən xalq ifadəsi oxucunun ruhuna hədsiz estetik zövq bəxş edir: “İlan yerisin, ay Allah, dalınca da balaları; içində də mənimkilər”.
Müəllif nənənin mənəvi durumunu bu cür təqdim edir. Və onun yaşantılarını əslində həyatının mənası hesab edir. Və sanki nənənin dünyasına əlavə nə isə deməyin xələl gətirəcəyini düşünərək öz sözünü və həm də illərin üstündən keçib gələrək bu günkü sözünü deyir: “Özü kimi gözəl idi arzuları, duaları…” Ana obrazı bütün əzəməti ilə H.İsaxanlının yaradıcılığında illər boyu özünü hifz edəcək gücdə yaradılıb.
Dərdini göyə açanda insan hansı hisslərlə yaşayırsa, şair də poeziyanın ecazkar aləmində özünü o cür hiss edir. Saf, sevgili duyğuların tərənnümü poeziyanın uğur mənbəyidir.
Bir anlığa düşünək ki, H.İsaxanlı tarixi keçmiş, yaşarı dəyərlər, adətənənələr, nəsilə-kökə bağlılıq motivləri ilə süslənmiş “Ziyarət” əsərini yaratmasaydı, məhz bu əsərdə ifadə elədiyi düşünəcələri başqa hansı mövzuda bu qədər mükəmməl ifadə edə bilərdi? Zənnimcə, hər hansı bir məzmunun mükəmməl ifadəsi üçün onun özünə uyğun forma tapılmalıdır. Başqa sözlə, cırtdana nəhəngin paltarını (yaxud əksinə) geydirmək mümkün olmadığı kimi, məzmunun tələb elədiyi forma həm də kifayət qədər mükəmməl, fikrin ifadəsinə şərait yaradan, meydan açan düşüncələrə qol-qanad verən forma olmadan kamil əsər də yaratmaq mümkün deyildir. Hegel təsadüfi demirdi ki,
“İncəsənət mənzərələr yaratmaq üçün yalnız subyektiv obrazlardan, təsəvvürlərdən ibarət xarici materiala deyil, ruhi məzmunu ifadə etmək üçün həm də incəsənətin duyduğu və özündə yaşatdığı anlama malik təbiət formalarına ehtiyac duyur. Təbiətdəki bütün formalardan ən alisi və həqiqisi insan biçimidir, çünki yalnız onda ruh öz bədənini və əyani ifadəsini tapa bilər”1.
İndiki məqamda müəyyən tarixi şəraitdə övladları üçün gözünün işığını verən, ürəyinin yağını əridən bir ananın obrazını yaratmaq üçün şair Yaddaş Sahibinin düşüncələrinə güvənir. Və o düşüncələrdə ən istinadlı obraz olaraq nənəni görür. Nənə ruh etibarilə sağlam adamdır. Həyat ona hər cür pislik etmişdir. Hətta rejimlərin yumuşalmasından sonra müəyyən itkilərdən, ölümlərdən, böyük əzab və əziyyətlərdən keçərək yenidən yurda qayıda bilsə də, rejimin tör-töküntüləri yenə də onu rahat buraxmır. Ana bütün bunlara təmkinlə zirvədən baxırmış kimi nəzər salır, dözür. Bütün bunlarla belə yenə də onun qəlbində heç kimə qərəz yoxdu. Ancaq üzünü Tanrıya tutanda, dərdini göylərə açanda pisliklərə şərait yaradan mühitin dəyişməsini diləyir. Böyük Ananın dilindən verilmiş və kökünü xalqdan alan, şirəsini xalq təfəkküründən götürən, qaynağını sağlam mənəvi aləmdən başlayan bir düşüncə ilə arzulayır:
Dağların qarı ərisin,
Balamın suru yerisin.
Çox məharətlə ananın dilindən verilmiş mövzuya tabe etdirilən xalqdangəlmə alqış (alxış) kimi “Dağların qarı” ifadəsinin hansı məzmunu daşıdığını anlamaq o qədər də çətin deyil. Əvvəla, dağların qarı əriyərsə düzlərə su gələr, torpağa bərəkət gələr. Dağların başı açılar, sinəsi çiçəklərlə, çəmənlərlə bəzənər. Amma əlbəttə, bu misranın alt qatında insanların arzu və diləklərini, istəklərini donduran mənəvi mühitdə qış sərtliyi yaradan rejimin ünvanına da bir ananın deyə biləcəyi qədər fikir yönəlikdir. “Sur” bağlı-bağatlı vadi, gücün təsdiqi olan şeypur səsi (İsrafil surunu yada salaq), güc rəmzi buğa, öküz mənalarını özündə cəmləyir. Buradaca qeyd etmək yerinə düşər ki, xalq təfəkkürü, “sur” sözünün hökm, güc mənasını ananın dilindən həmin misradaca təsdiqləyir. Əgər dağların qarı ərisə, böyük ananın övladının da haqqı-hüququ tapdanmaz. Onun nəslinin hökmü yeriyər. Hökmü ayaq tutar. Tanrının iradəsilə dağların qarının əriməsi həqiqətə yol açar. Ananın övladını oxşaması onun övladına məhəbbəti bir sözlə, ananın ailə dünyasına sədaqəti Tanrıya şükranlığında bir daha görünür:
Balam oxşar bəyə, xana, padşaha, Qurban olum onu verən Allaha.
Ana halal zəhməti ilə böyütdüyü övladının çatdığı bəyzadəliyi, yetdiyi ağlı, kamalı alqışlayır və bunu Allahın haqqın tərəfində olması ilə bağlayır. Və buradaca yenə ananın ləyaqətini görürük, onun qəlbinin genişliyini duyuruq. Çünki o, öz övladlarına arzuladıqlarını hamıya arzulayır. Dualarının əvəzində Tanrıdan alacaqlarını hər kəsin arasında bərabər bölür. Ana üçün sosial ədalət ən böyük meyardır:
Evində çırağı yansın hər kəsin, Quru çörək üstə dava düşməsin.
Biz burada Böyük İnsanı görürük. Ruhu ilə bədənin, cismi ilə canının vəhdətində təzahür edən “təbiətin ən ali formasını” görürük. Yuxarıda qeyd etdiyimiz kimi Hegelin insan biçimi ruhun öz bədənini və əyani ifadəsini tapan forma haqqındakı düşüncələrini təsadüfi xatırlamadıq. Əslində Hegel həmin düşüncələrə gələnə qədər insanı ifadə edən formanın mahiyyəti haqqında öz sözünü demişdi:
“İnsanı ifadə edən formaya misal onun şaquli durmasını, əllərinin mütləq alət kimi inkişafını, onun ağız quruluşunu, gülüşü, ağlamasını və s. göstərmək olar, özəlliklə ali bir təbiətin ifadəsi kimi insan bədənini bilavasitə xarakterizə edən bütün varlığında axan mənəvi ton söylənilənləri daha da təsdiqləyir”1.
Yaddaş Sahibi nənəni elə beləcə də olduğu kimi təqdim edir. Və əsər boyu onun mənəvi aləmində ucalığa doğru yüksəlişini, kamilləşmə yolunu göstərir. Başqa sözlə, məzmun forma ilə vəhdətdə addımlayır. Ana yaşa dolduqca daha da kamilləşir, müdrikləşir. Müəllif öz üslubuna sadiq qalaraq sanki əsərin ümumi xəttindən kənara çıxır, ayrı-ayrı hadisələrə, obrazlara münasibət bildirir. Dərdini göylərə açan ananın düşüncələrini yazarkən də belə müdaxiləyə ehtiyac duyur:
Mömin bəndə deyiləm mən,
Lakin nədir saf etiqad
Onu duymuşam nənəmdən.
O mələkdi, ülfəti qəlbimə doldu, Onun sığındığı Tanrı
Mənim də Allahım oldu
Mən onun, nənəmin Allahını sevdim.
İlk baxışdan bu düşüncələr əsərin ümumi xəttindən kənara çıxır. Sanki müəllif də bunu hiss etdiyindən öz düşüncələrini əsərdə formaca fərqləndirməyə çalışmışdır. Amma əslində bu düşüncələr nənənin uzaq gələcəyə ünvanlanmış gələcək nəsillər üçün örnək olacaq həyatının indiki andan keçən məqamına münasibətdir. Bu düşüncələr tarixi günümüzlə bağlayan, varisin sələflərdən gələn yolunun xələflərə çatası məsafəsində bir körpüdür. Yaddaş Sahibi öz aləmindədir. İnsanlar bu gününün dərdlərini yaşayırlar. Sanki onların ətrafında hörülmüş, torun kələfini açmağa çalışır, ancaq buna nail ola bilmirlər. Güclər toqquşur, qanlar axır, evlər yıxılır, sanki buna müvafiq olaraq təbiət də öz təbiətini dəyişir. Çaylar məcrasından çıxır, insanlar birbirilə anlaşılmazlıq, bir-birini başa duşməmək probleminin əziyyətini çəkirlər. Və üstəlik təbiətə qarşı da özünü mühafizə üçün qüvvə ayırmalı olurlar. Yaddaş Sahibi isə bütün bunları görür. İçin-için öz ağrı-acısını yaşayır. Başqa sözlə, sanki insanlara çatdırmaq istəyir: keçmişinizi yaxşı öyrənin, onda bu günü yaşamaq sizin üçün çətin olmaz. Yaddaş Sahibi danışır ki, imansızlıq mühitində dünyanı qoruyub saxlayan, bəlkə də özünün tənhalığında duaları ilə Tanrıya qovuşan bir ananın Allah sevgisidir. Çünki kamil insan dərdini hər ötənə açmaz, yada, yadelliyə deməz. Yaddaşdan gələnin birgə ünvanı var bu Ulu dərgahdır, haqqın özüdür:
Sübh tezdən, axşamçağı Sakit dua oxumağı,
Məndə min hiss oyadardı. O ətrafda, o dünyada
İmansızlıq ruhu vardı.
Dərdi ki, açmazlar yada Dərdini göyə açardı…
Diqqət edin, heç kimin köməyinə ehtiyac yoxdur, heç bir yad təsir yoxdur. Bir ananın ömür yolu çözələnir, onun həyata baxışı, düşüncəsi, mənəvi aləmi gözlərimiz önündə açılır. Yaddaş Sahibinin həyatın dərinliklərindən gələn bir gücdən qaynaqlanması ilə Böyük Ana hekayəti rəvan axan bir çay kimi davam edir. Ana keçmişin ona elədiyi pislikləri, qəddarlığı özündən kənara qovur. Kinin, qərəzin yerini Allaha ibadətlə, varlığına yığdığı saf duyğularla doldurur:
Oruc, namaz, dəstəmazı Yerindəydi, dəyişməzdi, Ruhu dolu sevgi, vüqar, Allahla oturub-durar.
Allaha qovuşma, ən saf duyğularla yaşama hissi xırda düşüncə sahibi olan, ömrünü qeybətlə yaşayan adamlarla onun arasında sədd yaradır. Ananın varlığına haqqın-həqiqətin rəmzi olan Tanrı hakimdir, ömrünü-gününü bəd əməllərlə aləmi bir-birinə qatan insanların (insancığazların) hakimi isə şeytandır, şər qaynağı olan iblis düşüncəsidir. Ona görə də ana qəlbində şər xisləti daşıyan insanlarla deyişmir. Sözü onların sözü ilə qarşılaşmır:
İnsanlarla deyişməzdi, Dilindən heç vaxt düşməzdi
Allah, peyğəmbər kəlməsi. Hələ getmir qulağımdan “Bismillah… üssəməd” səsi O pıçıltı, o ruh, iman
Mənimlə dünyanı gəzdi…
Yaddaş Sahibi pıçıltılarla danışır, sanki vaxtilə ananın oxuduğu xeyirxahlıq diləkləri aşılayan ərəb kəlmələrini də təkrarlayır. Bir sözlə, o pıçıltılar, o ruh, o iman anadan gəldiyi kimi Yaddaş Sahibinin dünyasında yaşayıb. Elə həmin saflıqla da özünü qoruya-qoruya gələcəyə gedir. Yaddaş Sahibi dünyanı dolansa da, o ruh onunla gəzir. Əslində o ruh həm də Yaddaş Sahibinin özünün qoruyucusuna çevrilir. Yaddaş Sahibinin mənəvi aləminin özülü böyük ananın saflıq duyğuları üzərində qurulub. Ona görə bu gün dünyanın bütün qapıları onun üzünə açıqdı. Bir vaxt nənənin duaları özünün saflığı ilə bahəm, mənəvi kamilliyi ilə bahəm həm də dini məzmun daşıyırdı. Yaddaş Sahibinin pıçıltıları Böyük Ananın yaşadığı dünyanın mükəmməl sonluğu haqqında ən dəqiq düsturdur:
Allahım, vəd etmə bol-bol, Varsan bəndənə kömək ol. Yoxsan-məxluqa yaxşı yol…
Kəskin münasibətdir. Hər bir bəndənin yaranmışın Yaradandan umacağı var. Yaradanla yaranmışın arasındakı fərq qədərdi bu umacaq. Yəni, kömək etmək, yardım etmək yalnız Yaradanın işidir. Yaddaş Sahibi yaşadığı ömrün özündə ehtiva olunan tarixin dərslərindən nəticə çıxararaq Tanrıya müraciətdə “Bəndənə kömək ol, deyir. Əlbəttə, bu kömək yoxdursa, onda məxluqa “yaxşı yol” ifadəsi istehza mahiyyəti daşıyardı. İnsanın olmadığı dünya aktyorsuz səhnədir. Tamaşaçının acı təəssüf və istehzasına hədəf olan səhnə.
Ədəbiyyat:
Hegel “Ruh fəlsəfəsi”, Bakı, 2003, s. 426.
Hegel “Ruh fəlsəfəsi”, Bakı ,2003, s. 253.
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.