Əli Rza Xələfli
Hər kəsin öz zəmanəsində yaradıcılığı ilə, qəhrəmanları ilə, yaratdığı obrazlarla sevilməsi müxtəlif cür ola bilər. Elə sənətkar var ki, zəmanəsində hədsiz dərəcədə sevilə bilər, hamının dilinin əzbəri olar. Amma zaman keçər bəlkə, elə öz sağlığında da unudulmaq təhlükəsi qarşısında qalar. Amma zəmanəsinin döydüyü sənətkarlar da var ki, onlar vaxt keçəndən, zaman dəyişəndən sonra düşüncələrə hopa bilər. Zəmanəsinin tanımadığı sənətkarı özündən sonrakı nəsillərin bu cür tanıması, əzizləməsi mümkün olan haldır. Həm bizim ədəbiyyatımızın tarixində, həm də dünya ədəbi həyatında belə hallar az olmayıb. F.Kafkanın taleyini yada salaq, S.Fitsceraldın faciəli taleyi zəmanəsinin tanımadığı sənətkarın taleyi deyilmi? Eləcə də, konkret olaraq bu gün yaradıcılığını araşdırmağa çalışdığımız, obrazlarının mahiyyətinə vardığımız, əsərlərinin psixoloji, mənəvi köklərini axtardığımız şair H.İsaxanlının yaradıcılığını hamının sevdiyi və bildiyi iddiasında da deyilik. Amma buna şübhəmiz yoxdur ki, onun yaradıcılığını xüsusi diqqət və zövqlə oxumaq istəyən hər kəs onu bir şair kimi duya bilər, ağrılarına şərik olar. Ən azı hədsiz səmimiyyəti qarşısında qibtə hissi ilə düşünməli olar. Axı onun şeirləri yerdən çıxmır və göydən gəlmir. İnsan qəlbinin dərinliklərindən süzülüb gəlir, duyğu ilə, hissiyyatla süzülüb gəlir. Görünür, elə bu səbəbdən də onun hər bir şeiri, demək olar ki, bütün obrazlarının arxasında bir insan aləmini, başqasının görə bilmədiyi, bəlkə, dərinliyinə vara bilmədiyi bir aləmin təqdimatıdır. Artıq biz Hamletin yuxuları haqqında xeyli danışdıq. O yuxuları haqqında danışdıq ki, çayların tərsinə axmazlığı haqqında həqiqəti göstərirdi. Yuxu bir arzu olaraq, istək olaraq, könül aləminin yanğısına cavab olaraq bir udumluq su kimi insanı sevindirə bilər; səhrada susuzluqdan əzab çəkən adam üçün bir udumluq su nədirsə, elə o qədər sevindirə bilər.
Bəli, yuxu həyatı qaytara bilməz. Amma əvəzində şairin insan ağrılarının dərinliyinə vara bilməsi üçün mənəvi körpü olar, yolgöstərən bələdçi olar. Onu çağıran, yaşamağa, yaratmağa səsləyən ecazkar bir səs olar. Elə buradaca yenidən Freydin mülahizələrinə qayıtmaq yerinə düşərdi:
“Yuxugörmə müstəsna dərəcədə mürəkkəb, sirli, möcüzəli bir psixi fenomendir. Əsrlərlə bu fenomenin üzərindən “mayya pərdəsini” götürmək mümkün olmamışdır. Əslində, bu problem ruh haqqında elmlərin “Qordi düyünü” hesab edilir. Belə bir problemi bir cümlə ilə ifadə etmək oxucu üçün yeni bir müəmma yaratmağa bənzər bir şey olardı. Bu gün ona verilən ən qısa və elmi məzmunlu tərif Freydin bu mülahizəsi ola bilər ki, “yuxugörmə həyata keçməyən arzuların ifadəsidir”1.
Müəllif göstərilən nümunədə yuxunun sirlərinin açımını “Qordi düyünü” ilə müqayisə edir. Konkret olaraq nəticəni həyata keçməyən arzuların ifadəsi hesab eləsək və bu nəticədən gələn yanaşma ilə şairin yuxularına münasibət bildirməli olsaq, onda bu yuxuları iki qismə ayırmalıyıq. Birincisi, həqiqətən həyata keçməyən arzuların ifadəsi; ikincisi, həyatın iç üzünü göstərən və müəllifin arzularının əksinə olan yuxular. “Ziyarət” kitabında bu iki qisim yuxuların hər birinə ən tutarlı nümunələr var. Çayların tərsinə axmazlığını, həyata keçməyən arzuların şirinliyini göstərən yuxular haqqında danışmışıq. İndi bir növ həyatın iç üzünü göstərən yuxuların mahiyyətinə varaq: bu mahiyyətin ən bariz ifadəsi kitabda müstəqil şeir şəklində verilmiş “yuxu” poetik nümunəsidir. Ümumiyyətlə, Hamletin Yuxu obrazı mülayimdir, həyat həqiqətlərinə sadiqdir, insanlara düz yol göstərəndir və yaxud kəskinlik gətirəndir, səbir, dözüm aşılayandır:
Nə qədər ki ömür sürdüm,
Yuxumda hey yuxu gördüm…
Fələk gördüm, mələk gördüm,
Çayda bir div, əlində bir ələk gördüm.
Çaydan o yana bir cırtdan,
Gözlərində kələk gördüm.
Yuxuda kimlər yoxdu ki?
Bəzən oldu, gözlərim elə qorxdu ki, Hər yan düşmən,
özümü tamam tək gördüm…
Bu yuxudakı mənzərə bizi düşündürməlidir. Çünki burada xeyir və şərin qarşılaşması, bu qarşılaşmada qüvvələrin qeyri-bərabərliyi açıq-aşkar duyulur. “Cırtdan” xalq nağılı həmişə xalq müdrikliyinin, ağlın zordan daha üstün olduğu haqqında xalq qənaətinin ifadəsi kimi təqdim olunub. Yəni, divlə Cırtdan qarşılaşmasında zor yox, ağıl qalib gəlir. Ağılın və zorun qarşılaşması ilə bağlı xalq düşüncəsində çox maraqlı rəvayətlər, əfsanələr, deyimlər yaranıb. Gücünə güvənənin biri bir yığnağa gəlir. Bir cansızı, çəlimsizi, boysuzu, yəni fiziki gücsüzü pərt eləmək üçün atını bir tərəfə bağlayıb arpa dolu kisəni atın qabağına gətirməyi əmr edir. Əmrə tabe olmalı cansızçəlimsiz adam (başqa sözlə, Cırtdan) arpa dolu kisəni gətirə bilməyəcəyini görüb atı kisənin yanına aparır. Beləcə, burada ağılla fiziki gücün qarşılaşmasında ağlın üstünlüyü görünür. Hamletin “Yuxu”sunda da div və Cırtdan qarşılaşmasında oxşar mənzərə yada düşür, ancaq bir qədər fərqli şəkildə. Yalnız gücünə arxalanan div əlində ələk tutub ağlını işlətmək iqtidarında deyil. Və su içmək arzusunda olsa da, xəlbirlə, ələklə su içə bilməz. Çaydan o yana isə onu xəlbirlə suya göndərən Cırtdanın özünün qələbəsindən məmnunluğu görünür. Sanki gözlərinin işıltısı da bərq vurur. Ancaq müəllif burada sanki poetik emosiyanın gücü ilə Cırtdanın da divə qalib gəlmək “elmini” təqdir etmir. Çünki Cırtdan da divə kələklə qalib gəlib.
Müasir siyasət aləmi yada düşür. Vaxtilə qüdrətli Misir ordusunu kələklə darmadağın edən İsrailin gücü yada düşür. Camal Əbdül Nasir kimi qüdrətli bir dövlət başçısı və nəhəng bir dövlətin özü bütün hərbi potensialı ilə bahəm İsrailin siyasi fırıldaqlarının və nəticədə qəfləti zərbələrinin qurbanı oldu. Bu, dünyanın iç üzüdür. Bəzən görünən, bəzən görünməyən tərəfləridir. Və bu yuxuda elə bugünkü dünyanın mənzərəsi də pis görünmür. Və elə bu səbəbdən də müəllif “Yuxuda kimlər yoxdu ki?!”, deyir. Bəsirət gözü açıq olanlar (yuxuda olsa belə) dünyanın bu fəlakətli mənzərəsini ağılla gücün qarşılaşmasını yox, ağlın siyasətə, əslinə qalsa, sağlam siyasətə yox, hiylə və kələk siyasətinə xidmət etməsini müəllif qətiyyən təqdir etmir. Bu mənzərəni görə bildiyi üçün, bu mənzərənin təhlükəli tərəflərini, ölüm və qırğınlar gətirən tərəflərini (əlbəttə, eyni zamanda, fəlakət gətirə biləcək tərəflərini) gördüyü üçün etiraf eləməli olur, “Gözlərim elə qorxdu ki” hətta yuxuda olduğumu unudub bu aləmdən başımı götürüb qaçmaq istədim – demək istəyir. Çünki həmin aləmdə hər tərəf düşməndir. Sağlam, səmimi danışan xeyir tərəf tək-tənhadır. Bu təkliyi, tənhalığı xarakterizə edən, onun mahiyyətini özündə cəmləşdirən əsərin qəhrəmanı əsas obraz deyəsən, elə şairin özüdür. Biz bu yuxunu xəbərdarlıq kimi də qəbul edə bilərik bəşərə xəbərdarlıq, Tanrının şair vasitəsilə ruhlara, düşüncələrə, hissiyyatlara təsir edə bilmək gücündə olan poetik vəhylərlə xəbərdarlığı kimi də qəbul edə bilərik:
Bilmək olurmu yuxunu?!.. Gördüyümün
Dumanda gördüm çoxunu…
Müəllif yuxunun sərhədsizliyini, onun istiqamətinin dəqiqləşdirilə bilməməsini, proqnozsuzluğunu diqqətə çəkməklə sanki yuxuya müdaxilə etməyin mümkünsüzlüyünü, nəticədə nəzəri fikirlərin doğruluğunu təsdiqləyir. Heç yuxu görənin özünə də aydın deyil ki, nəyi haracan yuxuda görüb. Axı gördüklərinin çoxu alaqaranlıqdadır, dumana bürünüb. Bəzən yuxuda tanıdığı, tanımadığı adamlar, obrazlar, tərəflər, qüvvələr kölgələr kimi nəzərə çarpır:
Həm yuxu, həm gecəyarı…
Gah oyan, gah yuxuya get…
Tanrım, əfv et
Yuxusunu qarışdıran günahkarı.
İnsan, əlbəttə ki, dəfələrlə deyilmişləri bir də təkrar edək, yuxusuz yaşaya bilməz. Yuxu sanki həyatın özünü təmin edən əsas vasitələr kimi insanın taleyində özünü qoruyub saxlayır. Amma yuxu görmədən də insan yaşaya bilər. Əlbəttə, bu müstəsna haldır və bəlkə də heç mümkün deyil. Yəni insan düşünən, hətta ruhu ən sağlam insan belə yuxu görə bilər, yuxugörmədən qaça bilməz.
Amma yuxuda ağın qaraya, yaxşının pisə qarışması, demək olar ki, yaxşı əlamət hesab olunmur. Hətta belə yuxu görənlər qarışıq yuxugörmədən keçən adamlar “yuxumu qarışdırmışam” deyərlər. Və bunu da müəyyən günahın, səhvin nəticəsi hesab edə bilərlər. Şair də, ədəbi obrazın əvəzində özünü yuxusunu qarışdıran günahkar hesab edir. Bunun bir mahiyyəti də şairin dünyanın taleyində özünü vacib missiya daşıyıcısı hesab etməsidir. Dünyanın başına gələn fəlakətlərdə şərin tüğyan eləməsində özünü günahkar bilməsidir. Əlbəttə, şərin gücü o zaman fəlakətə çevrilir ki, xeyir öz missiyasını yerinə yetirmir. Və yaxud da özünə aid olan missiyanın yerinə yetirilməsində gecikir. Dünya isə öz qarışıqlığında xeyirin passivliyindən, fəaliyyətsizliyindən istifadə edərək, başqa sözlə “biganələrin sui-qəsdindən” istifadə edərək tüğyan edir. Bu aləmdə nələr var? Ən dəqiq, ən aydın mənzərə “Yuxu”dadır:
Yuxuda hər cür məxluq var
Yuxular çox zəngin olar
Qoşadırnaq geyinənlər,
Buynuzuyla öyünənlər.
Atan, tutan, vuran, qıran…
Barmağıyla ortalığı qarışdıran…
“Hər cür məxluq” deyəndə fikir kifayət qədər aydın olur. Amma müəllif bu aydınlıqla barışmır. İronik bir münasibət bildirir: “Yuxular çox zəngin olar” bu zənginliyin tərsinə anlamı, istehza anlamı göz qabağındadır, tez başa düşüləndir. Burada buynuzuyla öyünənlər, qoşadırnaq geyinənlər (?) azmış kimi, atanlar var, tutanlar var, vuranlar var, qıranlar var… ən başlıcası, mələk donunda ortalığı barmağı ilə qarışdıranlar var.
…Bir qoca yer şumlayırmış. Birdən öküz xışı çəkmir, boyunduruğun altında mözələk vurur. Quyruğunu belinə döyür, buynuzuyla yanındakı öküzü helləmək istəyir. Qoca əkinçi, “lənət sənə kor şeytan” deyir… Gözə görünməyən bir tərəfdə guya ki, şeytan öz balasını yemləyirmiş. Balası anasından soruşur ki, ay şeytan ana, axı sən burada məni yemləyirsən. Sənin nə günahın var ki, o kişi səni lənətlədi. Ana şeytan da balasına cavab verir ki, mən burada səni yemlədiyimə baxma, barmağım öküzün quyruğunun altındadır. Bu, xalq təfəkküründən gəlmə düşüncənin məntiqi H.İsaxanlının “Barmağı ilə ortalığı qarışdıran” misrasındakı məntiqi tamamlayır. Bəs nə vaxt ortalığı barmağı ilə qarışdıranların işi yaxşı gedir? O vaxt ki, maarif olmur, o vaxt ki, insan sağlam düşüncədən məhrum olur, o vaxt ki, doğru ilə yalanın, həqiqətlə saxtanın meyarı itir. Bax o zaman xurafatın, xurafatdan faydalananların hökmlərində tanrısızlığa (ədalətsizliyə) güvənənlərin cəlladları iş başında olur. Ətrafda cinlər oynayır:
Arasında xurafat, cəllad, cin olar. Qorxuram, yuxudan duram… Qorxuram ki
Qorxulu yuxum çin olar…
H.İsaxanlı “Ziyarət” poemasında ayrı-ayrı məqamlarda və elə “Çaylar tərsinə axmazmış” hissəsində də yuxudan ayrılmağa (oyanmağa yox) qorxur. Burada da yuxudan ayrılmanın xofu duyulur. Amma mahiyyət fərqi var: bu qorxulu yuxuların dırnaqarası avandına düşməyindən qorxur, yəni çin olmağından. Əslinə qalsa, müəllif kifayət qədər dünyanın mənzərəsini “Yuxu” şerində və özü də çin olan mənzərəsini verə bilib.
* * *
H.İsaxanlı təbiət etibarilə narahat söz adamıdır. Söz onun ruhunu əsir
edib, dilini bağlamayıb. Əslində, onun bütün varlığını əsir edərək, özünə tabe edərək sözlə, yəni özü ilə ülfətə yönəldib. Əslində, söz onun keşiyində ona görə dayanıb ki, onun ruhunu yad təsirlərdən qorusun və o, bir an da olsun sözdən ayrılmasın. Sözün aşiqi olaraq o, bütün varlığı ilə, cismində, canında söz ağrısı daşıyaraq sözün istədiyini, sözdən aldığını sözə qaytarmağa çalışır. Bütün bunlar enerjiyə çevrilərək onun mənəvi aləmində təlatümlər yaradır. Bütün narahatlıqlar, nigarançılıqlar öz mənbəyini bu enerji qaynağından götürür. Demək, şairin dünyanın taleyindən narahatlığı, nigarançılığı, eyni zamanda insanın taleyindən narahatlıq, nigaranlıqdır. Və demək, həm də sözdən nigaranlıqdır. İnsan olmasa, söz də olmaz. Dünya olmasa, insan da olmaz. Bu zəncirvari müstəvidə şair özünü işıq verən, işıq gətirən kimi görür. Yuxularda da, əslində, bu mahiyyət hakimdir. Çayların tərsinə axmazlığı haqqında danışan yuxuda daha çox insanın ruhunun, mənəvi aləminin məsuliyyəti duyulur. İnsanın ruhunu qoruya biləcək duyğuların müqəddəsliyi tərənnüm olunur. Və şübhəsiz, bu, az əhəmiyyət kəsb eləmir. İkinci yuxuda isə (mən bunu əsas yuxu hesab edərdim) dünyanın taleyindən nigaranlıq, dünyanın taleyini qorumaq hissi daha güclüdür. Ümumiyyətlə, H.İsaxanlı dünyanın taleyini özünün taleyindən ayırmır. Elə ona görə də ayrı-ayrı kitablarında dəfələrlə dünya ilə ünsiyyətə girməyə çalışır. Bəzən onu zərif, nəvazişə ehtiyacı olan bir gözəl kimi vəsf edir, onun könlünü almağa çalışır:
Məhəbbətə sığınaraq dünyamıza göz açmışıq,
Torpaq üstə ayaq açıb asimana can atmışıq.
Duyub, görub-götürmüşük, kövrək hisslərə çatmışıq, Cilvələnib arzu, əməl, rəngarəng sərgidi dünya.
Arzuların cilvələnməsi, əməlin gözəllik donunda görünməsi, dünyanın rəngbərəng sərgiyə bənzəməsi bütün bunlar insan gözəlliyinin cizgiləridir. Ali insana, ürəklərə, könüllərə xoş ovqat gətirən, insanı daxildən isidən, ona hərarət bəxş edən gözəlin obrazını görürük bu misralarda. Bəli, o, dünyanı belə görür. Və eyni zamanda, həm də dünyanı bir Tanrı ahəngi kimi, həyatı, yaşarılığı təmin edən bir harmoniya kimi də görə bilir. Beş bənddən ibarət olan “Dünya” şeiri dünyaya, həyata bu günə qədər yazılmış dünya şeirlərindən fərqli ancaq müəllifin öz hisslərini göstərən bir baxışdır, münasibətdir:
Zərif şamdır, hər yaranan yanır, yanır, yoxa çıxır, Kim yandırır, kim söndürür, bu gərdişə kimlər baxır? Göylər sonsuz, vaxt hüdudsuz, bilinməyir əvvəl-axır, Ənginlikdən ağıl çaşır, Tanrı ahəngidi dünya.
“Dünya” şeirinin digər bəndlərində də ümumi məntiqə tabeçilik qalsa da, dünyanın indiki mənzərəsinin təsviri də görünür. “Tarix mürgü içindədi, Yaddaşında yatır nələr?” deməklə, dünyanın savaş mənzərəsinin yalnız bu günlə bağlı olmadığını, dünyanın elə savaşlardan keçib gəldiyini təsdiqləyir. Bu savaşların bir tərəfində yırtıcılar, bir tərəfində müəllifin dediyi kimi “quzu mələr”.
Bütün bunlara baxmayaraq, müəllifin bu duyğulanmalarından yan keçmək olmur:
Ümid xəfif olsa belə, könüllərə şəfəq saçar,
Xoş əməllər bar gətirər, xoş niyyətlər çiçək açar. İnsanlara qanad verən sevgi adlı möcüzə var, Nəhayətsiz eşq, ehtiras, duyğu çələngidi dünya.
Göründüyü kimi, yenidən insana qayıdış, dünyanın özünü insanın özü kimi görmək, insan eşqinin, sevgisinin, ehtiraslarının, istək və arzularının bütöv bir harmoniya şəklində cəmləşdiyi bir obraz dünya obrazı. İnsansız dünya varmı? İnsan olmayan digər planetləri dünya adlandırmırıq. Bu mənada, Hamletin dünyanın taleyindən nigarançılığı onun başqa şeirlərində də, o cümlədən “durmadan” adlandırdığı yeddi misralıq bir lövhəsində də özünü diktə edir:
İşıqlar qaranlığa,
Qaranlıqlar işığa
Dönür, dönür durmadan.
Dünya dinclik bilməyir, Yanır, sönür durmadan. İşıqlarda, kölgədə
Keçir ömür durmadan.
Əslində, insanın həyatı işıqlar və kölgələr arasında keçir. Bu işıqların və kölgələrin (qaranlıqların) arasında dünya dinclik tapmır. Bax şairi narahat edən, onu nigaran bir həyat yaşamağa vadar edən də budur. O, dünyaya dinclik istəyir.
* * *
Dünyanın mənzərəsi isə savaşlar meydanıdır. Kimin haqlı, kimin haqsız
olduğu bilinməyən bir meydan. Hələ də dünyanın elə yerləri var ki, insanlar bir tikə çörək üçün dəridən-qabıqdan çıxırlar (və bu yerlər bizdən heç də uzaqda deyil) Aclıqdan əziyyət çəkənlər, epidemiyaların əjdaha ağzında tələf olanlar əslində, dünyanı iddia ərazilərinə bölmək istəyənlərin qurbanıdır. Silahlara çəkilən xərclər təbabətə, insanın rifahının yaxşılaşmasına sərf olunsaydı… Bəs şair nə istəyir? Şairi qarışıq yuxular görməyə vadar edən hansı düşüncələrdir? Şair dünyanı fəlakətlərin cəngindən xilas etmək istəyir. Sanki dünya fəlakət girdabındadır. Burada dünyanın insan anlamını, insanlığı, insanın yaratdığı dəyərlər anlamını başa düşmək o qədər də çətin deyil. Söhbət insanlığı bir məkandan başqa bir məkana, bir planetdən başqa bir planetə köçürməkdən getmir, söhbət insanlığın xilasından gedir. Şair özü də insanlarla bahəm, bir çıxılmazlıqdadır. O, gördüyü yuxular vasitəsilə bu çıxılmazlığın yoluna gəlib çatır. Labirintlərdən, çıxılmazlıq dairəsindən xilas olmağın yeganə yolu insanların şairin təlqin elədiyi hisslərə tabe olmasında, şairin mənəvi aləminə güvənməsindədir. Qədim yunan mifologiyasında Dedal və İkar əfsanəsi var. Dedal zülmkar hökmdarın əsirliyindən yaxa qurtarmaq üçün özünə və oğlu İkara mumun və lələklərin köməyi ilə qanad toxuyur. Su və quru yol hökmdarın əlindədir, səma yolu açıqdır. Dedalın hazırladığı qanadlarla özü və oğlu səmaya qalxır. Dedal oğluna tapşırır ki, yuxarı qalxmasın, günəş mumu əridər. Çox da aşağı enməsin, dənizə düşər. Dedal əslində, öz taleyi üçün yox, İkarın taleyi üçün narahatdır. Yuxarıda mumu əritməyə qadir olan günəş, aşağıda dibsiz dəniz vardır. İkarın xilası xilasedicinin atanın Dedalın sözünü eşitməsindədir, onun göstərdiyi yolu qəbul etməsindədir. Ata-oğul səmada uçmaqdadırlar. Onlar tezliklə öz azadlıqlarına qovuşacaqlar. Birdən hökmən İkar səmanın daha dərinliklərinə, hündürlüyə uçmaq istəyir. Qanad çalır və üzü günəşə tərəf səmt götürür. İkarın qanadlarını günəşin istisi əridir və o, dənizə düşür. Dedalın İkar çağırışları cavabsız qalır… Beləcə, əsl həqiqət tərəflərin anlaşma sərhədlərini keçməsi ilə sonuclanır. Böyük fəlakət Dedalın İkarı xilas etmək arzusu da cavabsız qalır. Sanki şair əsatirin əsas xilasedicisi Dedal, insanlar isə İkar obrazında görünür. Şair insanlığı yandırıb məhv edəcək hərarətdən, onu boğa biləcək dibsizlikdən, dərinlikdən qoruyur. Şair bütün varlığı ilə, mənəvi aləmi ilə insanları xilas edəcək fədakarlıq yolundadır. Əslində, bu nəticə H.İsaxanlının poeziyasının estetik qayəsidir, fəlsəfi mahiyyətidir. İnsanlığı xilas etmək, insanlıq uğrunda çarpışmaq, sözü insanın ruhuna bəşəri məhv edəcək epidemiyalardan qoruyan həblər kimi yeritmək. Sağlam mənəvi aləmdən gələn poeziyanın istəyi budur.
…H.İsaxanlının “Yuxu”larında Dedal və İkar əfsanəsinin ruhu danışır.
Ədəbiyyat:
Fərman İsmayılov.”Klassik psixoanalizin əsasları”. Azərbaycan Milli Ensiklopediyası
NPB. Bakı, 2003, s.129.
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.