Əli Rza Xələfli

Belinski cizgiləri dəqiq verilmiş mənzərələri, kamil, bədii lövhələri poeziyada incəsənət adlandırırdı, özü də təsviri incəsənət. Həqiqətən də poetik lövhə nə qədər canlıdırsa, bir o qədər rəssam işinə bənzəyir. Şüurumuza, yaddaşımıza hopur. Uzun müddət bizi səfərbər edir, ruhumuza qida verir.
H.İsaxanlının “Ziyarət” poemasında beləcə, rəssam işinə bənzər bədii lövhələr az deyil. Biz bunu dəfələrlə qeyd etsək də, bir daha həmin fikrə qayıtmağa məcburuq. “çaylar axmazmiş tərsinə” başlıqlı parçada canlı lövhənin müəllifin özünün yaratdığı lövhənin elə onun özünün yaddaşında uzun müddət yaşamasının səbəbi bu canlılıqdır. “Qışla yazın arasında” adlanan poetik parçanı yada salaq: iki fəslin arasında baş verənləri müəllif o qədər canlı vermişdir ki, hətta uzun müddət oxucunun yaddaşında fəsillər arasında baş verən hadisələr istər əsərin qəhrəmanının taleyi ilə bağlı hadisələr, istərsə də qış-yaz arası təbiətdə baş verənlər gözümüzün önündən çəkilmir, bizi düşündürür, bir anlığa özümüzü həmin uşağın yerində təsəvvür edib yazqabağı əsən soyuq küləyin, sazağın önündə dayanırıq, üşüyən əllərimizi həmin o tənək bağlayan balaca uşağın əlləri kimi görürük.
Görünür, Belinski bu anlamda poeziyanı təsviri sənətlə eyniləşdirirmiş. Müəllifin özü də həmin hisslərdən ayrıla bilmədiyi üçün uzun müddət həmin lövhənin təsiri altında qalır və əsər boyu qışla yazın arasından, demək olar ki, çıxmayıb. Əlbəttə, biz müəllif dedikdə əsərin baş qəhrəmanını şərti olaraq onun adını Yaddaş Sahibi qoymuşuq düşünürük. Yaddaş Sahibi eyni zamanda yaddaş ağrısı çəkir. O, yaddaşında canlanmış olanlardan can qurtarmağa, xilas olmağa yox, bu canlanmış əlbəttə ki, əvvəlcə daşlaşmış və sonra canlanmış ruh, mənəvi güc kəsb eləmiş hadisələri danışmaq, çaya, dağa, təbiətə danışmaq, yaddaşın qoruyub saxladığı adamlara danışmaq istəyir. Bu, onu ağrılardan xilas edəcəkmi? O, başqa məsələdir. Amma hər halda, canlı xalq təfəkküründəngəlmə belə bir hökm var ki, dərdini danışanda insan yüngülləşir. İndi Yaddaş Sahibi yuxusunu danışır. Amma yuxusunu danışmamışdan əvvəl həyat, tale, insan səadəti, insanı xoşbəxt eləyən anlar haqqında düşüncələrini bizimlə bölüşür:

Səadəti qucaqlamaq
Olsa da, o, bir an olur.
Dalınca içdən ağlamaq… Dünya tamam viran olur. Növbədə gözləmək gəlir… Növbədə şübhə, intizar
Dərd içib, qəm yemək gəlir…
Dərdin, ağrının insanın könlünü havalandıran hisslərlə qol-boyun olduğunu bu misralarda qovuşduğunu ən zəif ədəbi zövqə malik oxucu da duya bilər. Amma burda daha dərindən duyulası bir həqiqət odur ki, səadəti qucaqlamaq, xoşbəxtlik anlarını yaşamaq insanın taleyinə yazılsa da, bunun ömrü uzun olmur. Müəllifin dili ilə desək, olsa da, bir an olur.
Elə həmin o xoş, insanın ruhunu qanadlandıran duyğuların arxasınca ağlamaq gəlir, özü də ürəkdən ağlamaq. O ağlamaq ki, dünya insanın gözündə kiçilir, daralır, lap elə dağılır, viran olur daha niyə ağlamayasan? Amma əgər insan həyatı, dünyanı bir heçlik kimi görürsə və bu heçlik insanın həyatının mənasına çevrilirsə, onda yaşamağın mənası olmazdı, onda yaşamaq bir daşın, bir torpağın yaşamasına bərabər olardı. Axı söhbət düşüncəli varlıqdan gedir, çətinliklərdən yol tapa bilən, mürəkkəblikdən baş çıxaran, müşkülləri asan eləməyə qadir olan insanlardan gedir. Ona görə də növbədə həyatın bir heçlik olmadığı haqqında düşüncələr gəlir, özünün şübhələri, intizarı ilə qarışıq qəmi-kədərilə. Amma yox, müəllif bununla da barışmır. Daha doğrusu, Yaddaş Sahibi özünün barışmazlığı ilə həyatın nə iləsə daha da yaşarı olduğunu qənaətində birinci hesab edir və deyir:

Bəzən olur yuxularda Qaranlıq da işıq saçır…

Burda məsələyə bir qədər daha dərindən yanaşmalıyıq. Əslində, dərindən yanaşmanı mətnin özünün məntiqi tələb edir. Burada iki amil var yuxu və xəyal amili. Zənnimcə, müəllif xəyal dedikdə arzuları nəzərdə tutur. Demək, həyatda xəyaldan gerçəkliyə gələ bilməyənlər arzunun imkanla uzlaşması mümkün olmadıqda yuxu həmin xəyalları, arzuları, istəkləri filmə çevirir. Elə bir filmə ki, orada xəyalda olanlar, düşüncədə olanlar, arzudan reallığa çevrilə bilməyənlər həqiqətlərə çevrilir, əlbəttə ki, yuxu həqiqətlərinə. O yuxu həqiqətlərinə ki, bəzən qaranlıqda da işığa çevilir və qaranlığın özü də işıq olur.
Yuxu bizi bir çox hallarda baş verəcək hadisələr üçün səfərbər edir. Və bəzən də arzularımızı, istəklərimizi çəkib yanımıza, yaxınımıza gətirir. Lap elə yuxuda da olsa, bizi arzularımıza, istəklərimizə qovuşdurur. Yuxunun mahiyyəti həmişə psixoloqların, psixiatrların, həkimlərin tədqiqat obyekti olduğu kimi, filosofları, yazıçıları da çox düşündürür. Demək, sənət adamları da bir çox hallarda yaradıcılıqlarında yuxudan təkcə vasitə kimi yox, həmdə mahiyyət kimi qidalanıblar. Klassiklərin fikri belədir:
“Freyd öz fəaliyyətilə bunu sübut etdi ki, röya yuxugörmə tarixən fövqəltəbii, demonik qüvvələrin işi hesab edilmişdir. Buna görə də onun yozulması qeyri-adi insanların – peyğəmbərlərin, cadugərlərin və s. kompetensiyasına aid məsələ kimi anlaşılmışdır. Freyd bişüuru (bilincaltını) kəşf etməklə bu xürafatlara son qoydu və sübut etdi ki, yuxugörmə və bişüur bir-birilə əlaqəli psixi proseslərdir: bişüurun kəşfi yuxuyozma, yuxuyozma isə öz növbəsində bişüurun fəaliyyət mexanizminin daha yaxşı anlaşılması üçün imkan yaradır”1.
Yaddaş Sahibi hansı yuxunu görüb? Bu yuxunun onun həyatında nə kimi təsiri olacaq? O, öz yuxusunu yoza bilərmi? Özünün fəaliyyət mexanizminin daha çevik hərəkəti üçün bu yuxunun yozulmasının hansı köməyi olacaq? Hər halda Yaddaş Sahibi yuxusunu danışmalıdır. Yoxsa, bu yuxu da onun üçün əlavə ağrı mənbəyi olaraq qalacaq:

Gördüm ki, doğma evdəyəm… Ev o evdir, bağ da o bağ.
Həm böyüyəm, həm də uşaq,.. Yaşıllaşıb yaza sarı,
Yumşaq söyüd budaqları.
Canıma soyuq dolubdu
Qışla yazın arasında
Əllərim çat-çat olubdu.
Nənəm hər zamankı kimi,
Yağa tutub əllərimi…

Çox canlı, həyatda olduğu kimi görünən mənzərədir. Elə həmin andaca qışla yazın arası yada düşür. Sanki ən əlçatmaz bir arzu lap yaxındadır, gerçəkləşib, itirilmiş dünya tapılıb. Və ölməz lirika ustası, Azərbaycanın mənəvi mühitinin vaxtsız itirilmiş bir incisi Mikayıl Müşfiq yada düşür: “Yenə o bağ olaydı, yenə o qumlu sahil, Sular ötəydi dil-dil”. İtirilmiş dünyanın arzulanması, yenidən ona qayıdış istəyi qarşısıalınmaz bir enerjiyə çevrilir. Əslində, Yaddaş Sahibini hərəkətə gətirən budur. Arzunun, istəyin güc mənbəyi nədir? Yenidən elmi-nəzəri mülahizələrə qayıdaq:
“Arzu gerçəkləşməsi gözlənilən tələbdir. Bişüur da əslində, tələblər toplusudur ki, onlar da reallaşmaq üçün fürsət gözləyirlər. Bişüurda toplanan arzuların həyata keçməsi xoşbəxtlik idealının əldə edilməsidir. Seksual arzular isə bütün arzuların hərəkətverici qüvvəsidir; seksual arzular əsas enerji daşıyıcısıdır, başqa arzular da məhz bu səbəbdən ondan asılı şəkildə olur. “Hər şey məhəbbətdən yaranır” hikməti də bu fikrin təsdiqidir. Böyük şəxsiyyətlər – böyük eşqin daşıyıcısıdırlar, onları xariqələr yaratmağa sövq edən qüvvə və eşqdir. L.daVinçi, Marks, elə Freydin özü və minlərlə dahilər qeyri-adi eşq qüvvəsindən ilham alaraq xariqələr yaratmağa nail olmuşlar. Psixoanalizin insana energetik sistem kimi baxması onu göstərir ki, insanda nəyəsə sahib olmaqla, hansısa hərəkəti törətməyə meyl instinktiv xarakter daşıyır: enerji mövcuddursa, o, sərf edilməlidir. İnsan enerjisinin nəyəsə sahib olmağa və ya nəyisə yaratmağa yönələn məqsədi arzudur” .

Bizim düşüncələrimizlə nə qədər yaxındır? Arzu enerji mənbəyidir. Və o, yeraltı maqma kimi istiyə çevrilir, işığa, oda çevrilir. Və məqam gözləyir ki, özünün gücünü, işığını göstərsin. Yaddaş Sahibi də həmin o qarışısıalınmaz istəyin içərisində olduğu üçün uzun illərdən sonra yenidən o əlləri üşüyən balaca uşağın yanına qayıdır. Yuxunun möcüzəsi orasındadır ki, eyni vaxtda Yaddaş Sahibini həm böyük, hətta atasından böyük, həm də uşaq kimi göstərir. Bu filmin rejissoru Yaddaş Sahibinin arzusudur. Filmin mizanlarını isə o, artıq gündüzdən, hələ yatmamışdan əvvəl xəyallarında qurub. Bir anlığa balaca uşaq görünür. Onun əllərini soyuqdan cadar-cadar olmuş əllərini nənəsi yenə yağlayır. Və elə nənə də hər zamankı kimi nənədir. Bu sanki filmin əvvəlidir. Filmin əsas, ən təzadlı, hətta ağıla sığmayan hissəsi bundan sonra gəlir. Eyni zamanda həm böyük, həm də uşaq olan Yaddaş Sahibi qapıya baxır. Kimi görəcək, indi kim gələcək:
Qapıya doğru baxanda
Həyəcandan əsdim tit-tir, Gördüm odur… Atam gəlir! O, yenə də tələsirdi
Zəhminə bax, bircə anda Hər uşaq bir küncə girdi…
Yaddaş Sahibinin sevincinin həddini təsəvvür etmək olmur. Bu, şeirdə iki sözlə ifadə olunub “Atam gəlir”. Həqiqətən də nüfuzu, hökmü, şahanə bir mərtəbədə olan atanın gəlişi uşaqlar arasında evdə, ailədə pıçıltılarla deyilən “atam gəlir” xəbərdarlığı ilə hamıya çatdırılır. Yaddaş Sahibinin hələ ki, uşaqlığını görürük. Onun həyəcandan tir-tir əsdiyini təsəvvür edirik. Və atasının zəhmini, hökmünü görürük. Bu hökmün, bu gücün nədən ibarət olduğunu Yaddaş Sahibi xatırlamalarında “zəhmliydi, hökmlüydü, güclüydü” sözündə qəti idi ifadələrindən istifadə eləmədən çatdırır. Atanın gəlişi ilə hər uşağın bir küncə girməsi bəs edir ki, onun ailədəki yerini, nüfuzunu aydın təsəvvür edək. Bax burdaca, mənzərə dəyişir, Yaddaş Sahibi özünün uşaqlığından çıxır, körpəliyindən ayrılır və uzun illərin həsrətliləri kimi qollarını açıb atasını qarşılamağa çıxan dünyanın tanıdığı adamı görürük. Onun boyu-buxunu, görkəmi, hətta atasından bir qədər yaşlı olmağı gözlərimizin önündə canlanır və bu, bizə qəribə gəlmir. H.İsaxanlı adı-sanı ilə Borçalıda Azərbaycanın qərb bölgəsində, bir sözlə, Gürcüstan və Ermənistanda da yaxşı tanınan, qoçaqlığı və igidliyi dillərdə dastan olan Qaçaq İsaxanın nəvəsidir. Atası Abdulla İsaxanlı qırx altı yaşında avtomobil qəzasında dünyasını dəyişib 70-ci illərin əvvəllərində. Enerji daşıyıcısı olan genlər nəsildən-nəslə ötürülməklə babaların, ataların yenidən təzahürü kimi görünür. Bu mənada, o, nəslin, şəcərənin ən layiqli davamçısıdır. Bəli, ata oğulun indiki yaşından çox cavan getmişdi. Qədim misirlilərin dediyi kimi, qərbə, sükut vadisinə, əbədiyyətə getmişdi. Nədənsə yuxuları da, əbədiyyəti də bəzən qaranlıq aləm kimi təsvir edirlər. Amma Yaddaş Sahibi doğru olaraq qaranlıqda işıq görür. İşıq daşıyıcıları qaranlıqda olsa belə, ətraflarını işıqlandıra bilirlər. İndi qollarını açıb atasını qarşılayan, yaşında atasından böyük olan Yaddaş Sahibinin düşüncələrini həyatiliyinə görə, qarşısıalınmaz bir arzu olduğuna görə necə yuxu hesab etmək olar:
Onun ərsə gətirdiyi, Boya-başa yetirdiyi,
Yaşa dolmuş böyük oğlu Qollarını aça-aça
Yaşca ondan cavan olan Atasını qarşılayıb,
Ona doğru qaça-qaça… Yuxum gerçək olaydı kaş… Səhralar çiçək açaydı, Qaranlıq işıq saçaydı…
Bəlkə də yenidən atanı görmək istəyi olmasaydı və bu hiss bir qarşısıalınmaz arzu kimi Yaddaş Sahibinin mənəviyyatına hakim olmasaydı, heç bizi cazibəsinə çəkən yuxudan çox həyat həqiqəti təsəvvürü yaradan bu lövhələr də olmazdı. Və istər-istəməz biz yenə arzunun, istəyin mahiyyəti haqqında düşünməli oluruq:
“Arzu çox böyük yaradıcılıq qüvvəsinin daşıyıcısıdır: o insana, onun hərəkət və rəftarına müəyyən məqsədyönlülük, oriyentir verir, orqanizmin enerjisini nəyisə əldə etməyə, nəyəsə sahib olmağa sövq edir. Arzunu reallaşdırmaq işində iradə mühüm rol oynayır; məhz onun hesabına subyekt öz arzularını həyata keçirmək üçün müəyyən qərarlar qəbul edir və onların keçirilməsi üçün müəyyən cəhdlər göstərir. Arzuları iki tipə bölmək olar: bişüurdan və şüurdan gələn arzular, yaxud xalis irrasional və rasional arzular. İrrasional arzular sırf instinktlərlə əlaqədar olur, onlar bioloji varlığımızdan gəlir; rasional arzular şüurdan, zəkadan gəlir, reallıqla uzlaşır. İrrasional arzular heç şeylə məhdudlaşmır, onların məntiqi nizam və harmoniyası, qayda, qanunu, bir sözlə, rasional əsası olmur”1.
Artıq oxucunun diqqətinə çatdırdığımızaxırıncı misralara yenidən qayıtmağa ehtiyac var: “Yuxum gerçək olaydı kaş…” bu nöqtələrdən sonra, hətta bu nöqtələrə qədərki o dörd kəlmənin yaratdığı istək-arzu mahiyyəti o qədər dərinliklərdən gəlir ki, sanki söz müəllifin bağrından qopan zərrələr kimi duyulur. Yuxunun gerçək olmasını arzulayan və bunu sonsuzluqla arzulayan Yaddaş Sahibi özünün atasızlıq dünyasında gördüyü səhraların çiçək açmasını arzulamış olur. Atasızlığın onun ruhunda yaratdığı qaranlıqların işığa çevrilməsini arzulayır.
Nə yaxşı ki, yuxular var. O yuxular ki, xəyalları bir anlığa da olsa səadətə çevirir, işığa çevirir və ayılandan sonra insan üçün əlavə enerji mənbəyinə çevrilir, güc mənbəyinə çevrilir: “Freyd yazırdı ki, demək olar ki, bütün insanlar, hətta ən normal adamlar belə yuxu görməyə qabildirlər. Buradan aydın olur ki, röya insanın təbii, antropoloji atributudur. Lakin röya həmişə adi həyatın möcüzəsi hesab edilmişdir. Yuxugörməyə əsla heç kim biganə olmur, deməli, o əbədi aktuallığa və misilsiz praktik məzmuna malik bir problemdir. Yuxunun gələcək və cari həyatla əlaqəsi, onun proqnostik funksiyası, mexanizmində zərurətlə təsadüfün, adiliklə ecazkarlığın vəhdəti, ondakı hadisələrin zaman-məkanla əlaqəsi (əcaib yuxular, ölülər, başqa planetlər, əlaqəsiz sintezlər, zahirən arzu olunmayan faktlarla üzləşmə və s.), adi məntiqə zidd olan şeylərin müəyyən bir məzmun şəklinə düşməsi və s. insanın ona marağını artırmışdır. Yuxunun adi həyat və psixi fəaliyyət üçün bu qədər əhəmiyyəti sübut edir ki, insanın və ruhun dərki hökmən həmin problemin həllini tələb edir”2Yuxugörmə probleminin hələ də mübahisəli olduğunun fərqinə varmayaq. Amma fakt odur ki, Yaddaş Sahibini danışdıran onun gördüyü yuxudur. Bir anlığa yenidən müəlliflə Yaddaş Sahibini eyniləşdirək. Demək, müəllifə həmin əsəri yazdıran, bu hissləri, həyəcanları yaşadan elə yuxudur. Və onun ayılandan sonrakı düşüncələri də, əslində, bir anlıq olan səadətin yaşantılarıdır.
Çox qəribədir, insan yuxu görür, sevincli anlar yaşayır və eyni zamanda elə yuxunun özündə də, hələ ayılmamış elə bunun yuxu olduğunu da bilir. Demək, yuxu həm də insanın iztirablı yaşantılarıdır. Ayılandan sonra Yaddaş Sahibinin gözündəki yaşın sevincdən, yoxsa kədərdən yarandığını demək də çətindir:
Ayıldım ki, gözümdə yaş
Yuxular da bir an olur….
Saçımda dən, qəlbimdə daş…
Könül evi viran olur
Uçub gedir yavaş-yavaş…
Yaddaş Sahibi yenidən özünə qayıdır. İndi onun uşaqlığı da yoxdur, arzuladığı qeyri-adi görüş də yoxdur. Onun kədərləri, iztirabları, ağrıları sinəsinin üstündən asılmış daşa bənzəyir. Və o, uşaq olmaqdan başqa, heç gənc də deyil. İndi onun saçlarında dənlər ağarır. Özünü dərketmə, özünəqayıdış onun müqəddəs aləmdən ayrılmasının əsasıdır. Yaddaş Sahibi isə o müqəddəs aləmdən ayrılmaq istəmir. Yavaş-yavaş uçub getməkdə olan xəyallarının arxasınca baxır. İndicə qucaqladığı dünyanı təzədən itirmişdir. Elə ona görə də onun könül evi viranədir. Xəyal aləmi yenidən onu qanadlarına alıb: bəlkə, gözünü yumsun? Bəlkə, gözünü yummaqla itirilmiş dünyanı təzədən qaytarmaq olar:
Gözümü təzədən yumdum…
Yuxuma şəfəq dolaydı…
Nakam gedən atam, əmim,
Neçə qohumum, həmdəmim
Dörd yanımda cəm olaydı,
Yanımda nənəm olaydı…
Amma bunların heç birisi mümkün olmasa da, yenidən arzuların arasındadır. Həyatla çarpışmada olan, lap elə gerçəkləşməsi mümkün olmayan arzuların onun yuxusuna nə qədər işıq gətirən adamların şəfəqləri dolsa da, istilər, hərarətlər gəlsə də, itirdiyi doğmalarını təzədən qaytara bilmir. Və Yaddaş Sahibi atası ilə, əmisi ilə itirdiyi qohum-əqrəbaları ilə həsrətini çəkdiyi həmdəmlərilə birgə yenə onun uşaqlıq aləminin qayğılarını çəkən, üşümüş əllərini qoynuna-qoltğuğuna qoyub isitməyə çalışan nənəni yaddan çıxarmır: “Nənəm yanımda olaydı”. Təkcə nənənin yanında olması o deməkdir ki, bəlkə də, o itirilmiş dünyanı bütövlükdə qaytarmaq olarmış.
Müəllif buradaca Yaddaş Sahibindən ayrılır. İndi o, tək-tənhadır. Bu çal-çağırlı, get-gəlli, hay-haraylı dünyanın içərisində, onun arxasınca kölgəsini qılınclayanların nəzərləri altında, onun çıxışlarını alqışlayan, onu xoş nəzərlərlə qarşılayan, onu sevən adamların arasında tənhadır. Və bu tənhalıqda özünün çox dəqiq məntiqi yekununa gəlir:

Çaylar axmazmış tərsinə, Mənsə uymaq istəmədim Zamanın quru dərsinə…

H.İsaxanlının poeziyasında lövhələr tez-tez dəyişir. Bu, onu göstərir ki, o, bir alim, publisist, sərrast, məntiqi gücə malik natiq olmaqdan başqa, bütün ruhu poeziyanın hakimiyyəti altında olan və bu hakimə özünü bütün varlığı ilə təslim edən istedadlı bir şairdir. Və heç şübhəsiz, heç vaxt H.İsaxanlının səmimiyyətini onun şairliyindən ayırmaq olmaz. Bəlkə də, onun şairliyinin və demək poeziyasının ən üstün məziyyətlərindən biri səmimiyyətdir həyata, insanlara, eləcə də keçmişə və gələcəyə səmimiyyət.

Ədəbiyyat:

Fərman İsmayılov.”Klassik psixoanalizin əsasları”. Azərbaycan Milli Ensiklopediyası
NPB. Bakı, 2003, s.126.
Fərman İsmayılov.”Klassik psixoanalizin əsasları”. Azərbaycan Milli Ensiklopediyası
NPB. Bakı, 2003, s. 95.
Fərman İsmayılov.”Klassik psixoanalizin əsasları”. Azərbaycan Milli Ensiklopediyası
NPB. Bakı, 2003, s. 98.
Yenə orada. s.128.
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.