Əli Rza Xələfli
H.İsaxanlının poeziyasını tədqiq edənlər, yalnız onun kitablarının dili ilə danışanlar onun poetik lövhələrinin şeriyyət dolu hekayətlərinin alt qatında yatan sirləri asanlıqla aça bilməzlər. Birinci növbədə hər hansı bir tədqiqatçı gərək müəllifin həyatını heç olmasa, müəyyən səviyyədə öyrənə bilsin. Çünki poetik kəşflərin orijinal yozumu bir çox hallarda müəllifin həyatı ilə bağlı olur. Ən azı ona görə ki, həyatın müəyyən mərhələlərində müəllifin yaşadığı hisslər obrazın dünyasına köçür. Və yaxud müəllif ən həyati detalları obrazın təbiətinə o vaxt köçürə bilir ki, onu dəqiq müşahidə edə bilib. Və təkcə müşahidə etməyib, həm də özünün mənəvi aləmindən keçirib. Əgər həmin həyati detalda ağrı varsa, müəllif onu özünün mənəvi aləmində yaşamış olursa, demək, o zaman əsərdə həmin ağrı istər-istəməz duyulacaq. Yox, əgər müəllif hər hansı bir hadisəni yalnız həyatına ən azı şəcərəsinə daxil olmadan çöldən-çölə eşidibsə, onu əsərinə gətirə bilər. Və zənnimizcə, bu zaman səmimiyyət çatmayacaq. Bəs onda müəllifin uğurunun başlıca səbəbini, eyni zamanda, uğursuzluğunun əsas kökünü harada axtarmaq lazımdır?
Yenə çıxış nöqtəsi müəllifin özüdür. Əgər təxəyyül sahibi, qələm sahibi yazacağı mövzuya ürəkdən bağlanıbsa, həmin mövzudan gözəgörünməz min tellərlə asılıdırsa, onda həmin mövzu müəllifin taleyinin yozumuna çevriləcək. Əslində, müəllifin həyatını da həmin mövzunun özündə, həmin mövzu daxilində təzahür edən hadisənin özündə görə biləcəyik. Bəri başdan sual vermək olar: oxucuya H.İsaxanlının şeirləri necə təsir edir? Əgər bir şair olaraq, müəllif olaraq o, özü yaratdığı lövhələrdə istər təbiətlə bağlı, istərsə cəmiyyətlə bağlı ümumi düşüncələrində, istərsə də müəyyən fərdlərin, konkret adamların və hadisələrin fonunda özü həyəcanlanıbsa, həmin hadisələrin, obrazların xarakterik cizgilərini yazarkən, yaradarkən müəyyən tərəddüdlər qarşısında, müəyyən sıxıntılar içərisində olubsa, demək, oxucunu da kifayət qədər həmin sıxıntılara, həmin tərəddüdlərə, həmin düşüncələrə məruz qoya biləcək. Oxucunu da narahat edə biləcək. Əlbəttə, söhbət insana daxili-mənəvi təkamül bəxş edən, ona əlavə enerji verən, onu düşüncə hərəkətinə məcbur edən narahatlıqdan söhbət gedir.
H.İsaxanlı demək olar ki, bütün poeziyasında düşüncə şairidir. Onun hissləri nə qədər orijinal, təzə-tər və səmimi olsa da, bir o qədər də fikirlə yüklənmiş olur. Biz ənənəvi poeziyada demək olar ki, tərənnümü hiss və həyəcanın ifadəsi kimi qəbul eləmişik. Xüsusilə, bu yönümdə S.Vurğunun səmimi tərənnümləri əvəzolunmazdır. Şübhəsiz ki, S.Vurğunun ürəkdən gələn səmimi tərənnümləri əbədi örnək olacaq. S.Vurğunun bütün yaradıcılığı Allahla təmas kimi, Allahla danışıq kimi təzahür eləyir. Amma, əlbəttə, bu tale hamıya qismət ola bilməz.
Ancaq ümumdünya ədəbi prosesi göstərdi ki, cəmiyyətin ağrılarını müəyyən olunmuş poetik gücdə göstərmək üçün tərənnüm həmişə və axıradək etibarlı yol deyil. Ona görə də ya gərək ilham, pafos, emosiya və poetik ehtiras S.Vurğunun özünəməxsus enerjisinə bərabər olsun, ya da elə ayaqları yerin üstündə olub, sadə səmimi ünsiyyətlə oxucu ilə üzbəüz danışa biləsən. Bu zaman yeganə vasitə olaraq səmimiyyət kara gələ bilər. H.İsaxanlı istər “Ziyarət” poemasında, istərsə də həmin ad altında oxuculara təqdim olunan kitabda verilmiş sevgi şeirlərində real həyatın, bu günün insanının sevgisinin dəqiq ünvanını və motivlərini göstərə bilir. Onun aşiqi, sevdalısı göydən Ay gətirən adam deyil, amma sevdiyinə “nə istəyirsən, sənin üçün eləyim” hökmünü verməyə gücü çatır. Onun mənəvi gücü inamındadır. Çünki sevgisində inamlıdır. Bu sevginin mənəvi mühitini vermək üçün H.İsaxanlı sələfləri kimi, Azərbaycanın bir çox klassik sənətkarları kimi sevginin obyekti və subyekti olaraq ilahi obraz yaratmaq istəmir. Təşbehlərini, bənzətmələrini yerdən-göydən gətirmir. Onun təqdim elədiyi, bizə tanıtdığı adamlar özünə nə qədər doğmadırsa, bizim özümüzə də elə bir o qədər doğmadır. Həmin adamları biz də tanıyırıq. Ümumiyyətlə, H.İsaxanlının yaradıcılığında onun əsas cəhəti olaraq
“hər bir insanda iki cəhəti seçmək lazımdır ümumi, bəşəri və xüsusi fərdi cəhəti. Hər bir insan hər şeydən əvvəl” bəşərdir, insandır. Bundan sonra Hamletdir, İsaxandır, Yaddaş Sahibidir, qoca kəndlidir, soyuqdan əli üşüyən uşaqdır (Belinski bu adların əvəzinə İvan, Sidod adlarını işlədir). Yəni bizim tanıdığımız Yaddaş Sahibi birinci növbədə bizə yaxın olan, doğma olan adamdır və bundan sonra dünyanın sakinidir. Onun ağrısını, acısını, yaxşısını, pisini, yurda, torpağa nə dərəcədə bağlı olub-olmadığını biz birinci dəfədə görürük. Bizim özümüz də daxil olmaqla, elə müəllifin özü də bizimlə bahəm Yaddaş Sahibi ilə bir yerdə bundan sonra dünyanın övladıdır.
H.İsaxanlı fəlsəfəçilik eləmədən, qətiyyən müdriklik iddiasında olmadan özünün daxili-mənəvi ahəngi ilə poeziyada hərəkətdədir. Onun bu daxili-mənəvi ahəngi ruhunun harmoniyasını olduğu kimi təqdim edə bilir. Biz bir sənətkar kimi onu poeziyasının müdrikliyində, müdrikliyini isə poeziyasında görə bilirik. Bəlkə də, Azərbaycan ədəbiyyatı tarixində sevgi hisslərini özünəməxsus orijinallıqla “Leyli və Məcnun”un, “Vərqa və Gulşa”nın… XX əsr üçün ən nadir bir variantını yaradıb.
Dastan elə dastandır. O, lap bir səhifə də ola bilər, min səhifə də. “bir diri ceyran balasi” sevgi haqqında, sevgidə səmimiyyət haqqında, ruhi-mənəvi bağlanış haqqında ən dəyərli bir hekayət… H.İsaxanlının təfsirində sevgi haqqında hekayətin tam yeni bir məcrası…
Belinski Puşkinin istedadından danışanda onun həyatın müxtəlif sahələrindən, hətta bir-birinə zidd olan sahələrindən asanlıqla bəhs etməsini qeyd edir. Hətta eyni mövzu daxilində bir-birinə zidd sahələrə asanlıqla keçidini Puşkinin istedad nişanəsi kimi xatırlayır. Həqiqətən eyni mövzu daxilində hadisələrin dəyişməsi zamanı şairin iztirab çəkməsi, çətinliklər qarşısında qalması təbii bir hal kimi qəbul edilməlidir. Amma bütün bu iztirablara, çətinliklərə baxmayaraq, şair yaradıcılığında həyatın müxtəlif tərəflərinə, hətta bir-birinə zidd tərəflərinə asanlıqla körpü ata bilirsə, uçurumları, istedadının gücünə adlaya bilirsə, demək, o, həyatı bütün əlvanlığı ilə görə bilir və bu əlvanlığı həm də o, özünün mənəvi mühitində ehtiva edə bilir. İnsafən, H.İsaxanlının “Ziyarət” poemasında həyatın ən müxtəlif tərəfləri, hətta birbirinə zidd tərəfləri demək olar ki, süniliyə yol vermədən, təbii şəkildə öz rənglərində göstərilə bilib. Məsələn, biz qışla yazın arasında üşüyən uşağın hisslərini nə qədər duyuruqsa, “Könül səsi”ni dinləyərkən qoca bir qarının, yaşlı bir kişinin həyatın bu günü ilə bağlı danışaraq “Yaşadığım mənə yetər” deməsi zamanı yaşadığı hissləri qarışdırmırıq. Göründüyü kimi, mövzu, obrazlar, məkan, hətta zaman çox vaxt dəyişilir, sürətlə dəyişilir. Yaddaş Sahibini Malayziyada da görə bilirik, ot-alaf basmış cığırlarda da, yurdun xarabalıqları önündə dayanıb düşüncələrə daldığı zamanda da, dostlar arasında, yaxud düşmənlərin Qarabağ talanlarındakı qəddarlıqlarını nifrətlə yada salanda da. Bütün bunlar dəyişən mənzərələrdir. Və heç də asan deyil ki, hər mənzərənin öz rəngini tapıb onu olduğu kimi göz önündə canlandıra biləsən. Professor Şamil Vəliyevin dediyi kimi:
“Poeziya tarixi min illərdir ki, şeirin mayasında hiss və duyğunun olduğunu təsdiqləyir və bu duyğular dənizində dərdi çiçəkləyənlərin şair olduğunu nişan verir. Odur ki, “duymaq üçün yaranan” şairin poetik kredosu dünyaya sevgi, məhəbbət, qayğı bəxş edir, insanın özü və mühiti haqqında düşüncəsinə əsas olur” 1.
Burda həm şerin, poeziyanın, həm də onun yaradıcısı olan şairin missiyası görünür. Şairin ən ümdə vəzifəsi hissləri və duyğuları ilə yoğrulmuş olan misralarını pıçıldayarkən, yaxud da, pafosa, emosiyaya uyğun olaraq qəlbinin alovuna bükərək vulkan kimi püskürəndə insanları düşündürə bilsin, yaxud səfərbər edə bilsin. Hər hansı bir şəkildə olursa-olsun, poetik lövhə insanın yaddaşında iz buraxmırsa, demək onun özünün yaradılışının özündə bir sünilik var. H.İsaxanlının həm zaman baxımından, həm də məkan baxımından geniş imkanlara malik, əhatə dairəsinə malik “Ziyarət” əsərində sevginin, məhəbbətin çox məhrəm, örtülü və həm də gizlədilməsi mümkün olmayan tərəflərini də görürük. Artıq qeyd etdiyimiz kimi, könül aləmləri bir-birinə qovuşmaqda olan, yaxud istəkləri, hissləri bir-birinə tərəf gəlməkdə olan tərəflər arasında istəyin özünəməxsus dəyəri var. Xalq bunu canlı dildə “İstəyin nədir? Bir diri ceyran balası” söz abidəsi ilə əbədiləşdirib. İstər-istəməz bu düşüncənin alt qatındakı sevgi mahiyyəti, ərkyanalıq, ərköyünlük, hiss və duyğu, nazlanma könül xoşluğu üçün mühitə təmiz və saf havanın gətirilməsi istəyi… bütün bunlar həmin fikrin alt qatında dayanır. İlk baxışdan həmin fikirləri, həmin sözün ifadə elədiyi mahiyyətin altındakı görünməz duyğuları poeziyaya gətirmək çətindir. Bəlkə də, ilk baxışdan yox, elə ümumiyyətlə, çətindir. İnsan hisslərinin qapalı aləmin açıqlanması üçün insanın dünyaya, aləmə doğmalığını təmin etmək üçün mühitin səmimiyyəti, tərəflərin bir-birinə açıq və səmimi etirafları əslində, bütün problemləri həll edir. Bu məsələlərin poetik təfəkkürdə də səmimi qavranılması və misralar şəklində səmimi etirafları əslində, poetik əks-sədanın da çətinliyini aradan qaldırır. “bir diri ceyran balasi” hekayəti sevgi haqqında bəlkə də, çox şirin bir nağıldır. Çünki müəllif bu sevgi hekayətini dastanlaşdırmaq, ona hansısa daha təhlükəli, ciddi narahatlıq və ziddiyyət dolu səhnələr əlavə eləmir. Baş verən hadisəni nənənin dilindən o nənənin ki, həmin o “Bir diri ceyran balası” hekayətindəki əhvalat onun özünün başına gəlib, danışır. Hekayətdə onun adı da verilir Zeynəb ana. Amma bütün nəsil, tayfa onu “böyük ciji” deyə çağırarmış. Müəllif də hekayətin əvvəlini elə bu təqdimatla başlayır:
Dörd yanında kimlər vardı, Nələr olub, kimlər keçib? Çaydan asta-asta içib
Nənəm mənə danışardı… (“Böyük ciji Zeynəb ana” Qohum, nəsil, kim ki, vardı Onu belə çağırardı).
Bundan sonra nələr olub, nələr keçib, axı “Bir diri ceyran balası” nə olan məsələdir? Sən demə, dünyanın ən nadir bir hadisəsi də kiçicik bir nazlanmadan, ərköyünlükdən, ən başlıcası, ürəkdəki hissi, odu-alovu, istəyi dilə gətirməklə də yarana bilərmiş. Böyük ciji Zeynəb ana gəlin gəldiyi vaxt təzə bəyin İsaxanın evinə köçdüyü vaxt elə ilk günlərdə aralarında baş verən bir hadisəni danışır. Bir neçə günün gəlini olan gənc Zeynəb evdədir. Təzə bəy çöldən gəlir. Yəqin ki, atını bir tərəfə bağlayıb, tüfəngini də çiynindən aşırıb divara söykəyib özünün bəylik otağına keçir. Amma sevgilisini kefsiz görür.
Onun sorğusu-sualı necə ola bilərdi? O, öz sevgilisinin əhvalını nə cür soruşardı? Müəllif o mənzərəni yaratmaq üçün sanki misraların arasına bircə kəlmə də artıq söz tapıb qoymur. Elə nənə özünün keçmiş həyatını, uzaqda qalmış, az qala iki nəsli yola vermiş zamandan sonra xatırlayıb danışır və onun danışdıqlarını da müəllif yaddaşında saxlayıb bizə danışır. Söhbət Yaddaş Sahibi ilə nənənin arasındakı münasibətdən gedir. Bu münasibət o qədər doğmadır, o qədər istidir ki, nənə də o əhvalatı sinəsinin altında bu dünyadan aparmaq istəmir. Onu nəvəsinə danışmalı olur. Bu qəribə hekayətin, bu maraqlı hekayətin elə ilk anlardaca bir sevgi nağılı olduğunu hər birimiz ilk misralardanca duya bilirik:
O, təzə gəlin gələndə
Bəxtin güldüyü bir gündə
“Ay qız, nədir bu qaş-qabaq? Gözünü qaldır, mənə bax” Demiş İsaxan təzə bəy.
“Bəlkə, kefsiz, ya xəstəsən? Sevgilindən heç nə danma. Gücüm çatan nə istəsən,
Səninkidir, de, utanma”.
Bəyin sorğusu, sualı, sevgilisinin yolunda nəyi edə bilib, edə bilməyəcəyi, hətta çox incə şəkildə gücünün dərəcəsini də yada salması nə qədər cəzbedicidir. “Gücüm çatan nə istəsən”. Demək, söhbət ondan gedir ki, bu gənclər nə qədər xəyalpərvər, sevginin nə olduğunu duymaq, başa düşmək üçün macəra axtarsalar da, yenə də real həyatın adamlarıdır. Onların hissləri, duyğuları ümumi insana aid olan hisslər, duyğulardır. Sevgi heç onları dəli də etməyib. Bir-birini istəyib, ümumi el adəti ilə evləniblər. İndi qəribədir, bəs onlar daha hansı şirinliyin arzusundadırlar? Görünür, bəy sevgilisindən daha artıq soyuqqanlı və təmkinlidir. Amma hər halda o da gücünü göstərmək əzmindədir. Sevgilisindən utanmamağı tələb edir, gücünün çatdığı nə varsa, hamısının onun olacağını da elə bəri başdan vədləyir. Amma əlbəttə, söhbət müəyyən güc daxilində, halallıqla, Tanrının izni ilə mümkün olanlardan gedir. Sonra gəlinin cavabı gəlir. Nə qədər öz rəngində, öz dadındatamında olan sözlərdir. Gənc bir qızın, gəlinin hansı istək və arzuları ola bilər ürəyində? O, öz ərindən, təzə bəydən nə istəyə bilər? Nağılın şirinliyi də elə misraları qabaqlayan suallardadır. Hələ oxucunun düşüncəsində olan suallarda:
Gəlin nazlana-nazlana:
“Ürəyim sıxılır bir az,
Darıxıram mən ağlı kəm.
Keçib gedər, heç nə olmaz,
Vallah, heç nə istəmirəm…”
Təzə bəylə gəlin arasındakı dialoq bitmir. Bu söhbət necə qurtaracaq? Nağılın davamını nənə necə sapa düzəcək? Bu cavabların hər birisindəki səmimiyyət o qədər güclüdür ki, hətta onu müəllifin yazdığına belə şübhələnirsən. Deyəsən, elə nənə elə bu cür misralarla, elə bu şirinlikdə danışıb. Ədəbiyyatda, sənətdə təbiilik və səmimiyyət bu cür psixoloji mühitin yaradılması ilə təmin oluna bilər. Təzə bəysə təkid edir, onun geriyə çəkilmək məramı yoxdur. Bəlkə də, elə bu gün gəlinin nazlana-nazlana ürəyində gəzdirdiyi hissləri, duyğuları aça bilməsi ilə onun gələcək ailə həyatındakı hakimiyyəti təmin olunacaq. Söhbət ondan getmir ki, bəy bunları düşüncəli surətdə, özünün gələcək hakimiyyətini təmin etmək üçün yenicə ailə qurduğu gəlinin ürəyində gizlətdiklərini bilmək istəsin. Əlbəttə, bəy heç bu barədə düşünmür də. Amma səmimiyyət olan yerdə örtülü də heç nə qala bilməz axı. Və demək, əsl hakimiyyətin mayasında, nüvəsində elə səmimiyyət dayana bilər. Ailədə də, cəmiyyətdə də, siyasətdə də, iqtisadiyyatda da. Ədəbiyyatda və incəsənətdə əbədiliyin təminatı üçün təbiiliyin və səmimiyyətin rolunu artıq demişik.
Bəy hələ cavab almayıb, ona görə də o, çəkinmədən bacardığını “başüstə” yerinə yetirməyə, imkanından xaric olanı sevgilisinin görəcəyinə və bunu da düzgün başa düşəcəyinə inanır:
“Dedim ki, utanma, istə Bacarmasam görəcəksən, Bacarsam da başım üstə!”
Bəzən təbiiliyin və səmimiyyətin gücü o qədər qətiyyətli, inadlı olur ki, qarşı tərəf özündə məsuliyyət hissini qədərincə görməyəndə özünü qınamalı olur.
Bəlkə, başqa heç nə demədən bu gənc qızın təzə gəlinin nazlana-nazlana dilinə gətirdiyi istəyinə, arzularına diqqət edək. Əslində qalsa, o, oxşanmaq, sevilmək, əzizlənmək arzusundadır. Nə öz qüruruna sığışdırıb bəyə yaxın gəlmir, nə də onu Avropa qızlarına xas olan xüsusiyyətlə qarşılamaq gücündə deyil. Buna onun gəldiyi ocağın adəti də yol verməz. Bəyin özü də əslində, bu hissləri keçirir. Ancaq o da dədə-baba kişilərin ənənəsinə uyğun olaraq dörd divar arasında olsa belə, xanımına ümumi ənənədən kənar yaxınlaşmaq, başqa sözlə, kişiliyə yüngüllük gətirə biləcək bir hərəkətə yol vermək istəmir. Məsələni isə daha da qəlizləşdirsə belə, yenə gəlin həll edir:
“Çox qoçaqsan, deyirlər sən, Sən bir igid, mən ağlı kəm. Bilirəm, boş söz deyirəm:
Mənə yüz daş-qaş alası…
Bircə ceyran istəyirəm,
Bir diri ceyran balası!”
Deyib zarafat etmişdi,
Təzə bəy susub getmişdi.
Gəlinin zarafatı bəyin qüruruna toxunmur. Amma hər halda o, sevgilisinin istəyi üçün atını, silahını da götürüb üz tutur meşələrə. Axı burada təbiətin də özündəngəlmə imkan mahiyyəti var. Bəlkə, həmin ərəfədə ceyranların balalamaq dövrü deyil? Təbii olaraq körpə bala ceyran tapılmaya da bilər. Ancaq bəyin heç nə deməməsi, susub getməsi, yenə də onun könül dünyasının saflığı ilə bağlıdır. Yəni “əgər varsa, onu mütləq sənin üçün gətirəcəyəm” bəyin heç nə demədən getməsinin mahiyyəti budur. Əlbəttə, heç gəlinin bəlkə, ağlına da gəlmirdi ki, onun əri bir diri ceyran balasını gətirmək üçün çıxıb gedəcək. Bundan sonra özünün dili ilə necə bir iş açdığını təsəvvür edəndə vahimələnir. Lap əvvəlcə həyasından qızarır, peşman olur, amma nə olsun ki, “bir diri ceyran balası” arzusu dilə gəlmişdi:
O çıxan tək gəlin peşiman olmuşdu, Qıpqırmızı, qızarmışdı həyəcandan. “Doğrudan da ağılsızam, başım boşdur,
Arvadının dəliliyi kimə xoşdur?”
Ala gözləri dolmuşdu həyəcandan.
Hekayətdə tərəflərin bir-birinə münasibəti, keçirdikləri hisslər, həyəcanlar, narahatlıqlar çox aydın verilib. Xüsusilə, nazlanmağı ilə ərini dağa-daşa saldığına görə narahatlıq keçirən gəlinin həyəcanları nağılçılıqdan çıxaraq oxucunun, dinləyicinin özünə də sirayət edir. Maraqlıdır, görəsən, o bir diri ceyran balası tapılacaqmı? Tapılacaqsa, nə baş verəcək? Nə olacaq? Tapılmayacaqsa, təzə bəyin və gəlinin arasındakı münasibət necə görünəcək? Hansı “rəng”də olacaq?
İnsan həm də təbiətin övladıdır. Övlad anasından həmişə arxayındır. Anasının nəyə imkanı çatırsa, övladından əsirgəməz. Əslinə qalsa, övlad da anasına inandığı üçün həmişə çox böyük səmimiyyətlə onun dünyasına sığınmağa can atır qadın olsun, kişi olsun, az ömür yaşasın, ya çox ömür yaşasın fərqi yoxdur, ruh, can son həddə çatanda anasını çağırır, anasını istəyir. Əzabların, ağrıların dözülməzlik anlarında yalnız ananın adı dilə gəlir. Məşhur filmdən maraqlı epizod da yada düşür: Gənc, kəşfiyyatçı qadının hamiləlikdən azad olması anında hansı dildə, hansı sözü deyəcəyi ciddi narahatlıq doğurur. Təbiidir ki, qadın hamiləlikdən azadolma anındakı əzabların qabağında bütün missiyaları unudur. Yalnız insani hisslər, köməyinə anasını çağırmaq hissi hakim kəsilir yaddaşına.
…Beləcə, təzə bəy güvəncinə doğru gedir. Anasına tərəf gedir – Qarayazı meşəsinə. Florasına, faunasına görə zəngin olan, nadir bitki və heyvanlar aləmilə məşhur olan Qarayazı meşəsinə. Qarayazı meşəsi onu boy qaytarmaz, ümidindədir. Və heç çox da vaxt keçmir. Bəy axşamacan qayıdır:
Axşam üstü Qarayazı meşəsindən
Bəy tutub ceyran balası gətirmişdi.
Bu sevincdən, bu kübarlıq nəşəsindən Yazıq gəlin huşunu tam itirmişdi…
Bəy ceyranı gətirib. Bir diri ceyran balasını görən gəlinin bəxtiyarlığını təsəvvür etmək o qədər də çətin deyil. Amma çətin olan başqa məsələdir. Doğrudanmı, bizim yazdığımız kimi, gəlin elə nazlanmasının, ərköyünlüyünün nəticəsi olaraq bir diri ceyran balası arzulamışdır. Hətta bu arzu düşünülməmiş olsa belə, bütün qeyd elədiyimiz səbəblərlə bahəm, başqa bir səbəb də var. O səbəb gəlinin düşüncəsinin alt qatındadır. Axı bir diri ceyran balası arzulamaq arzunu yerinə yetirməli olan üçün bir imtahandır. Və bu imtahan Azərbaycan mənəvi mühitində, Azərbaycan həyatında həmişə təbii hesab olunub və həmin ifadənin folklorlaşması, ağız ədəbiyyatına çevrilməsi də elə bu səbəblə bağlıdır. İmtahan, imtahan… Füzulişünas Sabir Əliyevin imtahan motivini yada salması Füzuli Leylisinə münasibətdən çox xalq arasında yaşayan bu hikmətin kökünü axtarmaqdır:
“Belə düşünmək daha real olardı ki, mənəvi üsyanın iztirab mərhələsi ilə kifayətlənməklə Füzuli daha doğru hərəkət etmişdir, çünki elə “iztirab çəkən aşiq” “etiraz edən aşiq” deməkdir. Burada Leyli həm də fəhmin və elmin kütlük və nadanlıq üzərində təntənəsinə şərait yaradır. Bu mənada, Füzuli qərarı Azərbaycan folkloru ilə yaxından səsləşir: xalq dastanındakı ağıllı gözəl ərə gedəcəyi oğlanı sorğu-suala tutub, bərkə-boşa salıb onun zehni və mənəvi keyfiyyətlərini imtahana çəkmirmi?”1.
Burada Füzuli Leylisinə münasibət məsələsi bilavasitə yox, bilvasitə bizim fikrimizlə səsləşir. Amma əsas məqam ağıllı gözəlin ərə gedəcəyi (bizim hekayətdə artıq ərə getmiş olduğu) gənci sınaq mərhələsinə çəkməsidir. Şair isə bu mənzərənin gözəlliyini bir misranın içində dördcə sözün, kəlmənin gücünə elə yaradıb ki, o, lövhəni daha söz şəklində yox, elə təbii mənzərə şəklində görürük:
Bu həyətdə iki ceyran
Hər ikisi ala gözlü, pəricamal. Millət baxır heyran-heyran, Bu, nə ehtişam, bu nə hal?!
Təzə gəlinin bəxtiyarlığının həddi-hüdudu yoxdur. O, öz sevgilisindən dünyanın bütün daş-qaşlarından, varından-dövlətindən üstün olan bir hədiyyə alıb. Bu hədiyyənin “bir diri ceyran balası” şəkli var, forması var. Amma onun adı sevgidir, sevgiyə inamdır, sevgilisinə inamdır. Tərəflər arasında münasibətin elə sıx qovuşmasıdır ki, bu qovuşmanı gələcək zamanlar boyu heç kim və heç nə ayıra bilməz. Başqaları da onlara qibtə edər, onlar kimi doğma, yaxın, bir-birinə sevimli olmağa çalışar. Bədxahlar həsəd aparar.
Dünyanın yaranışından bəri ceyranın gözləri şairlər üçün tərənnüm obyekti olub. Aşiqin sevgilisi timsalında ceyranın gözləri ala kimi təqdim oluna bilər. Amma söhbət təbiətin övladı olan ceyrandan gedəndə onun gözləri qaradır:
Dünya yaranandan bəri
Ceyranın ala gözləri
Kimi heyran etmədi ki?!
İndi həqiqətən təzə bəyin həyətində, evində bir həyətdə iki ceyran – birinin gözü ala, birinin gözü qara. Və bu mənzərənin gözəlliyi ancaq iki aşiqin, iki sevgilinin, iki istəkli könülün bir-birini duyması ilə yarana bilər. Bu mənzərənin müəllifi, ən böyük rəssamı sanki müəllifin özündən də qabaq sevgidir, məhəbbətdir.
İndi göydən üç almanın düşdüyü vaxt gəlib çatdı. Nağılçı da qayıdıb öz zamanına getdi. Yaddaş Sahibi də indi öz yaddaşı ilə savaş meydanındadır. Zamanın yığdığı tozu, torpağı, daşı, qayanı yaddaşın üzərindən dağıtmaqdadır. Başqa nələr olacaq, daha doğrusu, yaddaşın alt qatında daha nələr qalıb? Bu, sonranın işidir. Amma indi müəllifin özü görünür, sözü ilə görünür, “Ziyarət”inin hansı məqamındadır, neçənci dönəmindədir? Bəlkə, sonudur “Ziyarət”in? Bu məsələni müəllif özü bizdən əvvəl duymaqdadır.
“Ziyarət”im burda bitsə, Sözüm burda sona yetsə Oxuyana xoş olardı…
Amma nağıl bitmədi ki… Dünyada qurd, çaqqal da var, Onlar ölub itmədi ki…
Biz bu hekayəti nağıl adlandırmışdıq şirin bir sevgi nağılı. Və müəllif özü də elə bu şirin sevgi əhvalatının nağıl motivini duyur. O, nağılın sonu gəlib çatsa da, nağılı yaradan aləmin qurtarmadığını, nağıl qəhrəmanlarının başına min cür fəlakət gətirəcək şər qüvvələrin də hələ ölüb-itmədiyini necə yaddan çıxara bilər?
Müəllifin bu hekayətin sonundakı fəlsəfi ümumiləşdirməsi də maraq doğurur. Xüsusilə, xoşbəxliyin anlardan keçən mahiyyəti:
Xoşbəxtliyin zirvəsi də,
Hər zirvə tək duman, çəndir, Daş-qayadır, sürüşkəndir. Ora qalxsan toxta bir az, Orda heç kim uzun qalmaz.
Aforizm səviyyəsində olan bu misralar müəllifin dünyagörüşünün, həyata, cəmiyyətə baxışının təzahürüdür. Sanki bir parça təbiət təsvir olunur. Guya ki, bir dağ zirvəsinə çətinliklə də olsa, bir təbiətsevərin, bir səyyahın qalxmasından söhbət gedir. Amma söhbətin məğzi həyatdan, insan münasibətlərindən ibarətdir. Bəli, o xoşbəxtlik zirvəsinə qalxmaq sürüşkən qayaların üstüylə zirvəyə qalxmaq kimidir. Yuxarılarda, əgər belə demək mümkünsə, Tanrıya yaxın olan yerlərdə də duman var, çən var. Və orda da çox qalmaq olmaz. Hər kəs bu barədə, gərək, özü düşünsün.
…Sevdaların ən gözəli, demişdik. Nədir sevdaların ən gözəli? Xalq təfəkküründəngəlmə, xalq fəlsəfəsinin qənaəti, el hikmətinin cavabı budur dəli sevda!
İgidliyin, ərliyin Koroğludangəlmə bir dəlilik anlamı var. O dəlilik ruhi xəstəlik, ağıl kəmliyi mahiyyəti daşımır. O dəliliyin nüvəsində bir mərdlik var, dönməzlik var. Dəli sevda da belədir. Məhəbbətin ölüncə varlığına inamdan yoğrulub dəli sevda. Dəli sevdalarda əhdinə, ilqarına əbədi bir sədaqət var.
H.İsaxanlının lirik-epik əsərlərində dəli sevdalara sonsuz ehtiram və sevgi var. Şair insan hisslərini, duyğularını tərənnüm edir. Nə qədər insan var, onun hissləri və duyğuları da olacaq. Heç bir texnologiya, heç bir qeyriadi texniki zaman insanın hisslərini, duyğularını, sevgi aləmini onun dünyasından ala bilməz. Demək, nə qədər insan var, dəli sevdalar da olacaq; sevdaların ən gözəli dəli sevdalar!..
Ədəbiyyat:
V.Q.Belinski. “Rus ədəbiyyatı klassikləri haqqında”. Bakı , 1954.
Kələntər Kələntərli. “Seçilmiş əsərlər” Şamil Vəliyevin “Ön söz”ündən. Bakı,2010, s.6.
Sabir Əliyev. “Füzuli”. Bakı, 1996, s.184.
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.