Əli Rza Xələfli
Beləliklə, qayım-qədim ozanın – Yaddaş Sahibinin duyğular aləmində birinci onun böyükləri yada düşür. Və elə beləcə də göstərir: “böyüklərim yada düşdü”. Böyüklük anlamı burda qoşa çalar mahiyyəti daşıyır. Bi- rincisi, əlbəttə ki, mənəvi böyüklükdür. Bu birinci anlam düzgün yol gös- tərən, özü haqqın, həqiqətin yolunda olan böyükdür. İkinci anlam isə o bö- yüklüyün mahiyyətini kəsb edir ki, bunun arxasında baba-nənə, ata-ana, kənd müdrikləri, aqillər dayanır. Və həm də o adamlar dayanır ki, onlar artıq tarixin bir parçasıdır, hansı əməlləri isə yadda qalandır, yaddaşda yaşayan- dır. Kimdir onlar?
Ömrümüzdən keçən illər,
Bəhsə girdi xeyirlə şər.
Əyrilərə baş əyməyən
Doğru yolda oda düşdü.
“Oğul, haqqa sığın” deyən
Böyüklərim yada düşdü,
Canım yenə oda düşdü.
Böyüklüyün birinci anlamdakı mahiyyəti elə ilk misralardaca özünü göstərir: “Oğul, haqqa sığın” nəsihəti oğulun – Yaddaş Sahibinin əslində, ömür kitabı olub. Bütün ömrü boyu bu nəsihətin və vəsiyyətin düsturu ilə yaşadığı üçün qazandığı bütün uğurların əsas güc mənbəyini də elə bu sağ- lam düsturda görər. Yada düşən həmin böyüklərdir. O böyüklər ki, cəmiyyət uzun illər repressiya tufanlarından üzü bəri onların ağrısını yaşayıb. Cəmiy- yətin rəngi, daxili-mənəvi siması bu böyüklərin xarakteri, təbiəti ilə forma- laşırdı. Bütün varislik ənənələri, əlaqələr, qırılmaz bağlar, ən yaxşı mənəvi genlərin nəsillərdən-nəsillərə ötürülməsi bu böyüklərin cəmiyyətdə mövcud- luğu ilə mümkün ola bilərdi. Yaddaş Sahibinin canını yenə oda salan elə bu dərdlərdir. Mahiyyətcə, repressiya tufanlarının kökündən qoparıb aparmağa çalışdığı və bir çox hallarda nail olduğu (N.Nərimanov, H.Cavid, M.Müşfiq və başqalarının nəsillərindən bir kimsə qalmayıb) həmin mənəvi gen sahib- ləri yaşasaydılar bu gün Azərbaycanın mənəvi siması daha zəngin olardı.
Söhbət kimdən gedir? Yaddaş Sahibi elə buradaca atasının ən xarakte- rik cizgilərini xatırlayır:
Atam comərd bir insandı, El-obaya yaraşandı-
Ağlı iti, qəlbi yumşaq,
Tez yetişdi, tez də yandı. Bəzən tale haqqı dandı-
Ağrı çəkdi neçə uşaq Ruzgarı sərt, qəlbi yumşaq.
Mən ən kəskin, sərt mövqeli müsahiblərimlə razılaşa bilmərəm, əgər desələr ki, burada Şəhriyarın təsiri yoxdur:
Mənim atam süfrəli bir kişiydi,
El əlindən tutmaq onun işiydi. Gözəllərin axıra qalmışıydı,
Ondan sonra dönərgələr döndülər, Məhəbbətin çıraqları söndülər
Yaddaş Sahibi də atasının comərdliyini, elə-obaya yaraşan olduğunu, iti ağıl sahibi olmaqla bərabər, həm də onun çox qəlbi yumşaq bir insan oldu- ğunu xatırlayır. Təəssüf ki, o, tez yetişib, tez də yanıb. Təəssüf doğuran, acı kədərlə xatırlanan doğruların yanmağını elə belə xatırlamaq olar və özü də yana-yana.
Zaman, siyasi rejimlər burada tale obrazı ilə görünür. Bu qəddar hakim haqqı danır və bu haqqı danmaqla bərabər neçə uşağa ağrı bəxş edir. Bəli, onların kövrək aləmləri sərt rüzgarın məngənəsi arasında öz əzablarını ya- şamaqda olurlar.
Burada bütün aydınlığı ilə görünən ən dəqiq cizgilərlə verilmiş atanı biz yalnız Yaddaş Sahibinin cismani atası kimi qavramırıq, onu həm də tarixdən gələn bir ata kimi görürük. Tarixdən gələn atanın obrazı bu gün necə qavra- nılır?..
Fəlsəfə elmləri doktoru Camal Mustafayevin təbirincə desək, ən mü- qəddəs ziyarət yeri ata ocağıdır. Niyə məhz ata ocağı? Professor
“Bir zamanlar milli düşüncəmizdə müqəddəs sayılan ata ocağı anlamı indi yaddaşdan sıxışdırılıb. Yeni nəsil, əslində, bu xüsusda təsəvvürə malik deyil, ancaq sınanmış gerçəkdir – yurd yaddaşı, Vətən hissi həmin ilk başlanğıcdan nəşət edir”1
qənaətindədir. Göründüyü kimi, müdrik alim əslində, Vətən hissinin, yurd yaddaşının bir-birinə qovuşmuş və bir-birilə sıx əlaqədə olan iki anlamın – ata və ocaq obrazlarının vəhdətində təzahür etdiyini təsdiqləyir. Bəli, ata və ocaq obrazları birləşəndə daha möhtəşəm, daha zəngin yaddaş obrazını yaradır. Əvvəlcə ata mahiyyətinə diqqət edək. Əvvəla, onu qeyd edim ki, ata adı ilə bağlı çoxlu onomastik adlar “Ata”nın zəngin tarixi-mənəvi keç- mişindən xəbər verir. Belə adlar Qarabağ ərazisində də tarixi abidələrin ün- vanı olaraq bu gün də mövcuddur. Bir daha suallara qayıdaq: Qədim türk mənbələrində və bu mənbələr əsasında təsdiqlənən qədim türk düşüncəsində ata kimdir? Onun hansı tərəfləri var? Ən diqqətçəkən mənbələr atanı necə xarakterizə edir? Mən bu barədə fikrimi artıq bir dəfə – “Yaddaşa aparan yollar” (məktub-roman) adlı ədəbi düşüncələrimdə yazmışam:
“Birinci münasibət bildirdiyimiz atanın kimliyi, təbiəti şamanlıq ruhu ilə bağlıdır. O, ata bizi əcdadlarımıza nə qədər bağlayırsa, gələcəyimi- zə də o qədər bağlayır. Sanki əzəlimiz və axirətimiz bu ata mahiyyə- tindən keçir. Ata keçmişlə gələcəyi bir-birinə bağlayan düşüncə kör- püsü yaradır. Bu obrazın əzəməti, ruhu məhz bu cür yanaşma ilə daha yaxşı qavranıla bilir, daha asan dərk olunur.
Qədim türk düşüncəsində ata kimdir? Bu suala cavab vermək üçün yenə mifik anlama qayıdaq:
“ATA – Mifoloji düşüncədə axirət dünyası, yer stixiyası və bu mənada da əcdadlar dünyası ilə bağlanır. Çünki mənəvi-ruhani yaradıcı olan “Ata”nın başlanğıcındakı bir funksiyası da əcdadlar dünyasına qırılmaz tellərlə bağlı mərasim hamısı obrazına aid olmağı idi. Yəni “Ata” axirət dünyası ilə, axirət dünyasının sakinləri olan varlıqlarla bağlılıq- daydı. “Ata” adı özlüyündə əcdad haqda təsəvvürlərə açıq-aydın işarə edir. “Ata” obrazında mədəni qəhrəman, bəlli bir ölçüdə də demiurq cizgiləri aydın sezilir. Axirətlə bağlandığından “əcdad” inisiasiya ak- tındakı hami (əcdad şaman) ruhunun eynidir. Təsadüfi deyil ki, sonra- lar xalq inanclarındakı ilk türk övliyaları da çox zaman elə bu adla adlandırılmışdır. Xızır peyğəmbərin müqəddəslik bəxş etdiyi “Həkim” adlanan Süleyman Bakirqanı isə öz əsərini məhz onun haqqında dediyi: “Xızır İlyas atam var” – sözləri ilə başlayır.
Ata bəlalardan qoruyan, hifz eləyən ruhdur. Qırğız Ata qırğız elini və b. qoruyan ruh olduğu kimi. Türk etnik-mədəni ənənəsində mifoloji zəmində təşəkkül tapan və mədəni qəhrəman, ilkin əcdad, eləcə də mərasim hamisi olaraq səciyyələndirilə bilən Qorqut Ata, İrkıl Ata və daha neçə obraz var ki, bu adla birgə anılır. Qaraimlərin dini-mifoloji görüşlərindəki qoruyucu ruhlardan biri də Karqıl Ata adında mifoloji varlıqdır. Xarəzmdə şiələr axırıncı imamına həsr olunan ibadətgah Qaib Ata adını daşıyırdı. Teleutlarda isə yeraltı dünya ruhlarından olan Erlikə böyük sayğı əlaməti olaraq “Atam” (adam) deyərdilər. Sa- yaq miflərinə görə də Erlik xanın bir adı “Ada” (ata)dır.
Müqəddəslik haləsinə bürünüb xalq arasında böyük ehtiram qazanan ulu ozanlar, qamlar da bu “ata” adını daşıyırdılar. Sonralar xalq su- filiyi ruhunda şeirlər yazan Ata ünvanlı sufiləri isə əski baxışların davamçıları saymağın mümkünlüyü haqda fikir bu mənada özlüyündə elmi əsasdan məhrum deyil. Yəni türklər içərisində sufilik bir axın ki- mi gücləndikcə şeyxlərə (şıxlara), hikmət sahibi olan şəxslərə, kəra- mət sahibi övliya dərvişlərə də “Ata” adı verilməyə, məs., Çoban ata, Mənsur Ata, Hakim Süleyman Ata, Zəngi Ata, Dəmirçi Ata… deyil- məyə başlanmışdı.
Türk “ata” anlayışının onun müqəddəsliyindən gələn “əcdad ruhu”, “övliya” məzmunu vardı. Türküstanın müxtəlif bölgələrində, qırğız çöllərində Övliya Ata kimi coğrafi adlar oralarda qəbirləri olan türk övliyalarının adları ilə bağlıdır. Yer adlarında isə həmçinin “pir, ocaq”, anlamı daşıyır. “Baba” kimi “Ata” ünvanı bəzən ulu dağların adlarında da işlənə bilmişdir. Əbülqazi Bahadır xan (XVII əsr) “Türk şəcərəsi” əsərində yazır: “Türk xalqı əziz adamlarına “ata” deyir; mə- sələn, Həkim Ata, Seyyid Ata”.
“Ata” adını daşıyan varlıqların bilici olmaları onların qeyb aləmi – gö- rünməzlər dünyası ilə bağlılıqlarından gəlir. Kökündə “ata” məfhumu dayanan “ata-saqun”, M.Kaşqari “Divan…”ında “həkim, hikmət sahibi, müdrik, bilici” kimi mənalandırılır.
“Saqun” isə karluqlarda “qam” demək idi. Maraqlıdır ki, Atillanın qur- duğu Hun dövlətində də “Ata-kam” bir bilgə – müdrikin adıdır”1. Yeri gəlmişkən, ata obrazının müqəddəsliyini tarixi abidələrdə, qədim türk- alban məbədlərində qoruyub saxlayan toponimik adlara bizim Cəbrayıl rayonunda da rast gəlinirdi. Cəbrayıl ata, Çomaq ata, Tumas ata, bəlkə də, hansısa bir mahiyyəti ilə elə bu adlarla səsləşən Gordu baba… ata adı ilə bağlı belə müqəddəslik məkanları Orta Asiyada, Ön Asiyada və Kiçik Asiyada da çox yayılmışdır. Bir sözlə, qədim türkün tarixini yaşadan möhürlər kimi zamanlar keçərək, qəddarlıq mühari- bələrinə qarşı döyüşərək tarix yolunda qalib çıxmış adlar kimi etnosun ruhunu özündə yaşadır”.
“Ziyarət” isə davam edir. Daha doğrusu, bu ziyarət elə atanın adından, onun yaddaşdakı obrazından, mənəvi dünyasından başlanır. Sanki ata illər boyu gözlədiyi günə – işıqlığa indi çıxıb. Həsrət çəkən Yaddaş Sahibi də tarixin çox böyük, yarım əsrlik bir mərhələsini zirvədən-zirvəyə çatan ayaq- ları ilə keçə bilib. Fikrimizin təsdiqi olaraq professor C.Mustafayev sözünə davam edir:
“H.İsaxanlının yaxınlarda nəşr etdirdiyi “Ziyarət” poemasını oxuyan hər kəs buna bir daha inanır. Bu poemanı ata ocağı haqqında kədərlə sevincqarışıq xatirələri əsasında yazıb. Burda əks edilən əsas əhvalat- ları yaxından izləmək, bunların mənasına varmaq oxucunu düşündürür”.
Yaddaş Sahibi böyük dərgahın qapısı ağzındadır. Bu qapıdan keçməklə o, bütün ağrı-acılarıyla bərabər, həm də ruhunu səfərbər edən, düşüncələrini müəyyən ahəngə, nizama tabe edən bir aləmə düşür.
H.İsaxanlı “Ziyarət” poemasında artıq keçmişdə qalmış olan obrazlara daha hissiyyatla, daha emosional duyğularla müraciət edir. Şübhəsiz, onun artıq tarixə çevrilmiş olan obrazlara müraciətinin mahiyyətində bugünkü zi- yalının, geniş mənada, bəşər nəsli qarşısında və əlbəttə, həm də mənsub olduğu xalq qarşısında məsuliyyəti ilə bağlıdır. Borçalı son üç yüz ilə yaxın dövr ərzində bir çox tarixi təcavüzlərə məruz qalıb. Demək olar ki, Borçalı- nın tarixi taleyi ilə hərbi güc sahibləri kefləri istədikləri kimi davranıblar. Qüdrətli Səfəvilər dövləti, orta əsr feodal çəkişmələrin qurbanı olduqdan sonra, böyük Osmanlı imperiyası Avropa müstəmləkəçilərinin təzyiqi altın- da sarsıldıqdan sonra demək olar ki, Borçalının taleyi başlı-başına buraxıldı. Və təkcə Borçalının yox, Azərbaycanın bir çox ərazilərinin də.
Rusiya imperiyası caynağını Şərqə doğru uzadırdı. Və artıq Qafqaz və bütün Azərbaycan onun pəncələri altında idi. Beləcə, Azərbaycan ərazilərində yaradılan qonşu dövlətlər nəinki əraziyə yiyələndi, hətta onun tarixi, mə- nəvi mədəniyyətinə sahib çıxmağa çalışdı. Qərbi Azərbaycan bütövlükdə daha uzaq gələcək üçün Qafqazda və Şərqdə jandarm olacaq riyakar erməni siyasətçilərinin ixtiyarına verildi. Dərbənd Azərbaycandan qoparıldı. Və bu sırada Borçalı da Vətənin qıraqda qalan yerinə çevrildi. Heç kimə sirr deyil ki, bu gün ən müxtəlif yollarla borçalıların torpaqları əllərindən alınır, Qara- papaqlar dədə-baba torpaqlarında sıxışdırılırlar. Və demək, H.İsaxanlını yal- nız nostalji duyğular deyil Borçalıya çəkən. Atasının, babasının, nənəsinin, ulu keçmişinin tarixini canlandırmaq istəyi ötəri bir həvəs deyil və yalnız poetik duyğularla bu hissi bağlamaq olmaz. Bu gün Borçalıda doğulub bö- yümüş sənətkarların, ziyalıların – Xalq şairi Zəlimxan Yaqubun saza üz tut- ması, Borçalının mənəvi simasını özündə əks etdirən poetik örnəkləri dilə- ağıza çəkməsi Əməkdar memar, yazıçı-publisist, rəssam Ömər Qoçulunun “Nənəmin nağılı”nı yazması və təbii ki, bu yöndə H.İsaxanlının “Ziyarət”ə önəm verməsi yalnız ədəbiyyatla bağlı məsələ deyil. Bu, həm də xalqın real- siyasi taleyi ilə bağlı məsələdir. Əslində, bu məsələdə insanın özünün şəxsi həyatını necə yaşaması, bu şəxsi həyatın özündə ictimai həyatı necə qavra- ması, bir sözlə, insanın mübarizələrinin mahiyyəti cəmlənir. Bəli, insan hə- yatının mənasını nədə görür? – sualına cavab vermək istəyən müəllif hələ “Ziyarət” poemasından çox-çox əvvəl yazdığı, yaratdığı şeirlərdə də bu sua- la cavab verməyə çalışmışdır. Onun “Əl-ələ” adlı bir şeiri “Ziyarət” kitabının lap əvvəlində özünə yer alıb:
Ömür var mənası – ye, iç, yat, Nə dərin həyəcan, nə fəryad. Sevdasız bir həyat – nə həyat?!
Bu şeir insan həyatının mənasını ehtiva edən, bəsirət gözü açıq olma- yanların görə bilmədiyi tərəflərə işıq salır. Şeirin özündən də göründüyü ki- mi, müəllif üçün həyatın mənası sevdalı yaşamaqla daha zəngin olur. Onun üçün nə dərin həyəcanların, nə də fəryadların olmadığı yerdə yaşanan həyat və yaxud, könül dünyası zəmanənin tufanları ilə üz-üzə gəlməyən insan üçün ömür yeməkdən, içməkdən və yatmaqdan başqa bir şey deyildir. Bəs bunun üçün nə etmək lazımdır? Bu suala da müəllif dəqiq və aydın cavab verir:
Sizə bir söz deyim, nəhayət, Tutuşaq, a dostlar, əl-ələ. Keçməsək arzudan əmələ, Böyük bir təhlükə, qorxu var – Məhv olar, puç olar arzular. Könüllər coşub nəğmə deməz, Dünya biz deyənə bənzəməz.
Təəssüf ki, müəllif “Ziyarət” kitabında toplanmış bir çox şeirlərinə tarix qoymayıb. Zənnimcə, şairin ən dəqiq özkeçmişi (həyat yolu, ömürlüyü, tər- cümeyi-halı, avtobioqrafiyası) onun şeirləridir. Çünki şeirlər sanki insanın mənəvi aləminin ən dərin gizlinlərində qalmış sirlərini açır. Bu şeirin özü də göründüyü kimi, müəllifin “Əl-ələ” adlandırması təsadüfi deyil. Müəllif in- san həyatının zənginliyini insanların bir-birində doğmalığında görür, bir-bi- rini daha dəqiq, daha aydın başa düşməsində görür. Hiss olunduğu kimi, bu kiçik, poetik parçada müəllif hələ gələcəkdə tufan kimi üzə çıxacaq “Ziyarət”in həyəcanlarının ilk mərhələsini yaşayır. Başqa sözlə, “Ziyarət” kitabın- da toplanmış şeirlər “Ziyarət”in yazılması üçün psixoloji hazırlıq mərhələsi- ni öz üzərinə götürmüşdür. Elə ona görə də “Ziyarət”in ayrı-ayrı məqamları- na aşkarlıq gətirdikcə, sanki ilk baxışdan “Ziyarət”ə dəxli olmayan, amma daha dərindən yanaşdıqda “Ziyarət”in əzəmətli ruhunu tamamlayan, onun mənəvi zənginliyini açmağa kömək edən belə şeirlərə də müraciət edəcəyik. Biz dünyanı necə görmək istəyirik və görmək istədiyimiz dünyanın mövcud durumunu necə görürük? Əslində, H.İsaxanlını dərindən düşündürən, onu həyəcanlandıran, onu insanlara üz tutmağa vadar edən bu sualların cavabın- da gizlənən həqiqətdir.
Şübhəsiz, müəllif öz məqsədini daha yaxşı çatdırmaq, ideyasını qabart- maq üçün tarixi yaddaşdan qidalanan emosiyalarına da rəvac verir. Hisslərin, emosiyaların ideya ilə bağlı tərəflərini V.Q.Belinski çox böyük məharət- lə göstərir. Şairin mənəvi aləmində bu əsas tərəflərin bir-birilə qarşılıqlı mü- nasibətlərini açmaqla, müəllifin əsas məqsədə doğru hərəkətini aydınlaşdı- rır. V.Q.Belinskinin fikrinə istinad edək:
“Beləliklə, hər bir poetik əsər pafosun məhsulu olmalıdır, pafosla dolu olmalıdır. Pafos nəzərə alınmazsa, şairi əlinə qələm almağa nə vadar etdiyinin və ona bəzən çox böyük əsər başlamağa, bu əsəri qurtarmağa nəyin qüvvə və imkan verdiyini anlamaq olmaz. Buna görə də “bu əsərdə ideya vardır, bunda isə ideya yoxdur” təbiri o qədər də düz və müəyyən deyidir. Bunun əvəzinə “bu əsərin pafosu nədən ibarətdir?” yaxud, “bu əsərdə pafos var, onda isə yoxdur” təbiri daha müəyyən və dürüst olar. Çünki bir çoxları ideyanı bədii əsərdən başqa hər yerdə ideya ola bilən və bu əsərdə görmək istədikləri, lakin əslində, sadəcə olaraq, nəsihətçilikdən ibarət olan bir şeyi ideya kimi qəbul edirlər ki, bu şey də yoxsul formanın baxyalanması, şəlpə-şültəsi ilə birtəhər örtüldüyünə baxmayaraq, yenə də bütün çılpaqlığı ilə meydana çıxır. Pafos tamamilə başqa bir şeydir. Hər cür estetik duyğudan tamamilə məhrum olmaq lazımdır ki, soyuq, cansız bir əsərdə pafos artırasan, çünki belə əsərdə yağ suya necə qarışırsa, ideya ilə forma da eləcə bir- ləşmiş olur və ya qara parça üzərində ağ sapla köklənmiş tikişə bənzəyir”.
Göründüyü kimi, Belinski pafosu əsəri canlandıran, əsərə ruh verən, onu daha oxunaqlı edən bir əlamət kimi qavrayır. H.İsaxanlının “Ziyarət” poemasında həsrət motivlərinin yandırıcı cizgiləri keçmişin xatırlandığı an- larda Yaddaş Sahibinin yaşadığı hisslər sözə çevrildikcə emosiyaları artırır, hisslərə, həyəcanlara çevrilir, oxucunu səfərbər edir. Onun köksünü qabar- dır. Başqa sözlə, oxucunun yaddaşını təzələyir, oxucunun özünün oxşar duyğularını tərpədib oyadır, silkələyir, ona indiyə qədər yadına salmadığı, düşüncələrində təzələmədiyi duyğuları xatırladır. Təbii ki, bu əsər, bu hiss- lər, duyğular, bu əlamətlər yoxdursa, onda əsər də cansız və soyuq olacaq- dır. Belə məqamlarda Belinskinin qeyd etdiyi kimi, əsərin mahiyyəti ilə uy- ğun gəlməyən, mənanı tamamlamayan, mənanı qabartmayan emosiyalar (tənqidçinin anlamında pafos) əsərdən kənar bir hiss olaraq qalacaqdır. Və onun heç bir təsiri də müşahidə edilməyəcək. Emosiyaların təsir gücünü yaxşı anlamaq və onun mənanı tamamladığını daha yaxşı başa düşmək üçün Yaddaş Sahibini “Ziyarət”ə aparan yolları dəqiq və düzgün müşahidə etmək lazımdır. Dədə Camal “Ziyarət”ə aparan yolları daha çox reallıqda görür. Onun nəzərinə görə və həm də çox doğru müşahidəsinə görə, əsəri yaradan əsas səbəb həyatla bağlıdır. Kökü həyatla bağlı olmayan əsər öz oxucusuna da təsir edə bilməz. Və yəqin ki, Dədə Camalın qeyd etdiyi kimi, həyatdan gələn təsir olmasaydı, heç “Ziyarət” də baş tutmazdı.
“H.İsaxanlının “Ziyarət”i yazmasını şərtləndirən əsas səbəbdən başla- yaq. Onun Xəzər Universitetinin rektoru vəzifəsində, ictimai fəaliy- yətdə gərgin çalışdığını hamı yaxşı bilir. Bununla birlikdə tez-tez xa- rici ölkələrdə ezamiyyətdə olur. Kəndimizə (Borçalının Qarayazı böl- gəsinin Kosalı kəndinə) yalnız hərdən, imkan olanda gedə bilir. Doğ- ma kəndinə gələndə sanki arzuladığı bir ziyarətgaha qovuşur. Bu ziya- rətgahla bağlı yaddaşı yenə oyanır, xəyal dünyasında əziz xatirəsi ye- nidən canlanır”.
Beləliklə, “Ziyarət”i yaradan səbəblər nə qədər tarixlə, keçmişlə bağlı- dırsa, bir o qədər də Yaddaş Sahibinin bugünkü həyatı ilə bağlıdır. Keçmiş nə qədər mənaya və məqsədə xidmət edirsə, bugünkü həyat bir o qədər emo- siyalara (tənqidçinin anlamında pafosa) qol-qanad verir. Hər bir müəllifin emosiyaları, duyğuları fərdi olduğu kimi, hər bir müəllifin yaratdığı əsərin də özünəxas, fərdi cəhətləri var. Bu, Yaddaş Sahibinin portretində daha ay- dın, qabarıq duyulur. Biz burada H.İsaxanlının bir müəllif olaraq yaradıcılıq aləminin emosional çalarlarını nə qədər müşahidə ediriksə, elə bir o qədər də əsərin əsas qəhrəmanının daxili aləmini görə bilirik.
Belinski fikrinə davam edir:
“Böyük şairin yaratdığı əsərlər nə qədər çox və nə qədər müxtəlif olsa
da, onların hər birinin həyatı, buna görə də öz pafosu vardır. Bununla bərabər, şairin bütün yaradıcılıq aləmi, onun bütün poetik fəaliyyəti də vahid bir pafosa malikdir ki, ayrı-ayrı əsərlərdəki pafosun bu vahid pafosa münasibəti hissənin tama olan münasibətidir, əsas ideyanın bir rəngi, onun başqa bir şəklidir, onun saysız-hesabsız cəhətlərindən bi- ridir”.
Zənnimizcə, burada bir şərtiliyi nəzərə almaq lazımdır. Belinskinin ya- radıcılığında pafos anlayışı şairin hisslərini, duyğularını, başqa sözlə, emo- siyalarını ifadə etdiyini… Görünür, Belinskinin vaxtında emosiya anlayışı daha çox pafos mahiyyəti ilə ifadə olunub. Yaxud bu ifadələrin mənaları o qədər yaxın olub ki, biri digərini asanlıqla əvəzləyib. H.İsaxanlının “Ziyarət”ində də əslində, şairin duyğulanmaları, Yaddaş Sahibinin keçmişə qayıt- maq ağrıları elə onun emosiyaları ilə, hisslərilə görünür. Və bunun özü də “Ziyarət”in mahiyyətini daha qabarıq verməyə xidmət edir. Artıq dünyada tanınan bir alim kimi, sözü sevilən bir şair kimi, gur işığı ilə ətrafa nikbinlik, xoş əhval gətirən bir ziyalı kimi Yaddaş Sahibi yurda qayıtmaqla sanki keç- mişə gəlir və o keçmişin özünü oyatmaq, o keçmişi yaddaşlarda bərpa etmək məqsədi daşıyır. Onun kövrək aləmi özünün uşaqlığına qayıtmaqla bahəm, həmin uşaqlıqda qoyub gəldiyi zamanın özünü bütün əlvan çalarları ilə göz- lərimizin önündə canlandırır:
Mən qapıya yetişəndə Qarşılardı nənəm özü. Qucaqlayıb öpüşəndə Nur saçardı qəmər üzü.
Sinəsinə döyə-döyə, “Atam-anam sənsən” deyə, Dönə-dönə yalvarardı,
Mələkmisal lütfü vardı.
Burada biz kədərli bir hekayətin başlandığını hiss edirik. Ancaq məqsəd yalnız kədərli hekayəti yazmaq deyil, müəllifin məqsədi ötüb-keçmiş, az qa- la yaddaşdan itməkdə olan mənəvi gücü qaytarmaq, bərpa etməkdir. Tarixi- siyasi kataklizmlərlə dağılmış enerjini bir yerə toplamaq, insana güc verən əsas mənbələri aşkarlamaqdır. Hələ vaxtilə F.Köçərli də şairin əsas missiya- sından danışanda bu məsələyə xüsusi diqqət verirdi. Akademik Bəkir Nəbi- yev qeyd edir ki, F.Köçərli elə bir meyara əsaslanır ki, bu meyar yalnız bir müəllifə aid deyil. Bütün digər müəlliflərin də yaradıcılığına münasibəti əks etdirməkdədir. Beləliklə, F.Köçərlinin fikirləri indiki məqamda bizim də qə- naətlərimizin tam doğru olduğunu təsdiq edir:
“Həqiqi şairin bir vəzifəsi mənanı yetirməkdədir. Çünki hər bir qis- səvü hekayətin ruhu onun içində olan məna və məzmundur. Nə qədər ki, şairin başında doğan təzə fikirlər aydın, açıq və salamat ola, bir o qədər də onları bəyan etmək asan olur. Çətin, ancaq fikrin başda do- ğub pərvəriş tapmağıdır. Dolaşıq və qarışıq fikirlərin zühura gəlməsi də dolaşıq olur və bəzi şairin yazılarının kəlamı o qədər qarışıq və bu- laşıq olur ki, o qədər ağır və qəliz ibarələrlə malamal olur ki, elə ölçü- süz və biçisiz yaraşılmayan dona geyinilir ki, onları oxuyanlar bir şey fəhm edə bilmir və bu kəlamı yazmaqdan şairin ümdə məramının nə olduğunu anlayıb başa düşmürlər”1.
Beləliklə, şair mənanı əslində, emosiyalarının gücü ilə, Belinskinin təbi- rincə desək, pafosun təsiri ilə daha qabarıq verir. Yoxsa, artıq çoxdan sınmış olan qədd-qamətləri necə düzəltmək olardı? Başqa cür dağılmış enerjinin az qala yaddan çıxmaqda olan tarixi-mənəvi gücünün yanğısı elə bizi də külə döndərərdi. Əgər razılaşsaydıq ki, gedən geri dönən deyil, şair də elə beləcə deyir. Amma bu geridönməzliyin özünü lirik duyğuların gücünə sözün ov- sunu ilə qaytarmağa çalışır. Və demək olar ki, buna nail ola bilir:
Keçənlərə min-min rəhmət, Sındı neçə qəddi-qamət, Onlar geri dönən deyil. Külli-bəşər etsə minnət, Başımıza yağsa nemət.
Can yanğısı sönən deyil, Gedən geri dönən deyil.
Məlum məsələdir ki, dünya yalnız təbiət fırtınalarının cəngində çapala- mır, həm də siyasi mənəm-mənəmliyin, hərbi güc mərkəzlərinin maraqları- nın toqquşduğu, qarşılaşdığı ziddiyyətlər arasında inləyir. Yəqin ki, elə “Ziyarət”dəki əsas ağrı-acıların kökü elə bununla bağlıdır:
Günəşin saçını hörə bilmirik, Zalımın dərsini verə bilmirik. Həyatın üzü çox tanış olsa da, İçini dərindən görə bilmirik.
Müəllif sanki çıxılmazlıq içərisindədir. O, çox aydın görür ki, bu dünya ona tanışdır. Sanki bu dünyada o, əvvəllərdə də yaşayıb. Hansı zamanlarda isə ruhunun göylərdən müşahidə etdiyi nəzərlərilə bu dünyanı yaxşı tanıya- tanıya min illik bir yolu keçib gəlib. Onun keçdiyi yolun, onun tanıdığı hə- yatın üzü-astarı bəllidir. Elə sonuncu yüz ilin güzgüsündə göründüyü kimi.
XX əsr nə qədər göyləri öyrənməyə can atdısa, bir o qədər də yerləri öyrənməyə çalışdı. “Yerləri öyrənmək” anlamını ilkin mənasında qəbul et- məkdən çox, onun mənəvi mənasına varmaq vacibdir. Burada “yerlər” anla- yışı həm də keçmişi, tarixi öyrənmək mənasında başa düşülməlidir. Bu mə- nada insan özünü dərk etmək üçün göylərə, yəni gələcəyə yol açmazdan qa- baq, həm də keçmişə yol açmağa çalışmalıdır. Keçmişin dərinliklərində, qa- ranlıqlarında qalmış tarixi mədəniyyəti öyrənmək, onun bu günə uzanan bağlarını tapmaq və bununla da yeni həyatın mənəvi kodlarını açmağı özü- nün əsas ümdə işi bilməlidir.
H.İsaxanlı mənəvi kodların əsas açarı kimi həyat eşqini görür. Yaşamaq həvəsinin, həyata sevginin olmadığı şəraitdə insan ruhdan, hissdən, emosi- yadan məhrum olan duyğusuz bir varlıqdır. Yalnız ömrün qısalığı və həyatın şirinliyi təzadında insan yaşarılığın mahiyyətini daha aydın qavraya bilər:
Uzaq ulduzları saya bilmirik,
Yaxın sevgiləri duya bilmirik. Ömür çox qısadır, həyat çox şirin, Nə qədər yaşasaq, doya bilmirik.
Həyatın mənasını yaşamaqda və yaşamağın mənasını yaratmaqda görən müəllif – Yaddaş Sahibi çox yaxşı bilir ki, əzəmətli bir keçmişin, tarixin qa- ranlıqları altında qalsa da, çox zəngin bir mənəvi sarayın özülləri üstündə dayanıb. Elə buna görə də həyatın axarı Yaddaş Sahibinin və əlbəttə ki, həm də onun mənsub olduğu etnosun tale, bəxt formulu ilə üzünə gülməsə də, onun iradəsi və inamı var. Yalnız bu inamın, bu iradənin gücünə onun daxi- lindəki enerji mənbəyi yeni partlayışlarla üzə çıxır. Və bu işığı onun gözlə- rində də görürük – sözlərində gördüyümüz gözlərində:
Tale üstümüzə kölgə salsa da, Ürəklə dil tapmaq çətin olsa da.
Yaşayaq, yaradaq, könül xoş olsun, Sevinc halal olsun, gülüş nuş olsun.
Bəzən şairin yaradıcılığında sanki epizodik xarakter daşıyan və bəlkə də, ilkin müşahidədə əsərin əsas xəttindən kənara çıxan hissələr, parçalar olur. Və çox vaxt bunları dəqiq müşahidə edə bilməmək əsərin daşıdığı əsas yükü qavramamağa gətirib çıxarır. Bu məqamı böyüklərin yada düşdüyü za- man çox səmimi, doğma, insanın özünün ruhundan gələn hisslərlə müşayiət olunan parçanın sonundakı bəndlərdə də duymaq olar. Elə bil ki, müəllif düşdüyü o sehirli aləmdən qopur, o kənd də, xatirələrin oyandığı yerlər də yaddan çıxır. O dünyanın övladına çevrilir. Elə o xatirə yerlərini yaşadan, kəndi unudan dünyanın haqqında danışır. Amma buradakı əsas bağlılıq unu- dulmur, Yaddaş Sahibinin qənaətinə görə, elə o bir yetim uşaq kimi boynu- nu bükən kənd o vaxt yaşarı ola bilər ki, dünyanın özü yaşarı olsun, dünya məhvərindən qopmasın, insanlar dünyaya öz evləri kimi baxsın. Və bu mə- nada, dünya insan evidir, desək, səhv etmərik. Yaddaş Sahibi nə qədər xatirə yerlərini yaşadan kəndin təəssübünü çəkirsə, bir o qədər də o kəndi öz sinə- sində saxlayan dünyanın təəssübünü çəkir.
Burada mənəvi xəritənin paralelləri, kəsişən meridianları həmin kənd- dən keçməklə dünyanın belinə dolanır. Müəllifin də istədiyi budur. O, dünya ilə gözdən-nəzərdən kənarda qalmış o kəndin daxili-mənəvi bağlılığını gör- mək və elə bu bağları qorumaq məqsədini daşıyır. Bir ziyalı olaraq öz missi- yasını bu qoruyuculuq gücündə görür.
Ədəbiyyat:
C.Mustafayev. “Ata ocağı”. “Xəzər Xəbər” jurnalı, 2010 Noyabr , № 290, s.26.
Cəlal Bəydili. “Türk mifoloji sözlüyü”. Elm, Bakı, 2003, s. 46.
Ə.Xələfli. “Yaddaşa aparan yollar”.”Kövsər” nəşriyyatı . Bakı, 2011.
C.Mustafayev.”Ata ocağı”. “Xəzər Xəbər” jurnalı, 2010 Noyabr , № 290, s.26.
V.Q.Belinski.”Rus ədəbiyyatı klassikləri haqqında”. Bakı, 1954. s.96
C.Mustafayev.”Ata ocağı”. “Xəzər Xəbər” jurnalı, 2010 Noyabr , № 290, s.26.
V.Q.Belinski.”Rus ədəbiyyatı klassikləri haqqında”. Bakı, 1954, s. 97.
F.B.Köçərli. “Azərbaycan ədəbiyyatı”. Avrasiya press. Bakı, 2005, cild 2, s. 364.
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009