29 iyun-4 iyul
Çinin Çinqdao şəhərində yerləşən Dünya Çinşünaslıq Mərkəzində Azərbaycan Çinşünaslıq Mərkəzi təsis edilmişdir
Çinin Pekin və Çinqdao şəhərlərində keçirilən Dünya Çinşünaslar Şurasının Qurultayı çərçivəsində baş qərargahı Çinqdao şəhərində yerləşən Dünya Çinşünaslıq Mərkəzinin nəzdində Azərbaycan Çinşünaslıq Mərkəzi təsis edilmişdir. Mərkəzin təsis olunması üçün təşkil edilmiş xüsusi mərasimdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor, akademik Hamlet İsaxanlı və Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri, eləcə də Xəzər Universiteti Çin Tədqiqatlar Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev iştirak etmişlər.
Çində Azərbaycan Çinşünaslıq Mərkəzinin yaradılması Xəzər Universitetində 2022-ci ilin oktyabrında yaradılmış Çin Tədqiqatlar Mərkəzinin yaradılması layihəsinin tərkib hissəsidir. Çinqdao şəhərində Azərbaycan Çinşünaslıq Mərkəzinin yaradılması Çində tədqiqatlar aparacaq azərbaycanlı alimlər üçün münbit iş və tədqiqat şəraitinin yaradılması məqsədi daşıyır. Qədim ipək yolu üzərində yerləşən iki xalqın mədəni əlaqələri Azərbaycan müstəqillik əldə etdikdən sonra daha da güclənmişdir. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Çinə çoxsaylı səfərləri müasir Azərbaycan-Çin əlaqələri üçün möhkəm təməl yaratmışdır. “Kəmər və yol” təşəbbüsü irəli sürüldükdən sonra bu əlaqələr daha da dərinləşmişdir.
Azərbaycan-Çin münasibətlərinin davamlı inkişafı özünü təkcə iqtisadi-ticari deyil, eyni zamanda mədəni, təhsil, akademik, turizm və digər sahələrdə göstərir. Bu xüsusda universitetlərarası əlaqələr öz əhəmiyyətinə görə seçilir. Xəzər Universitetində təsis edilən Çin Tədqiqatlar Mərkəzi bu əlaqələrin inkişafına öz töhfəsini verməkdədir. Azərbaycan-Çin əlaqələrinin tədqiq olunması, eləcə də Çində Azərbaycan haqqında qaynaqların müəyyən olunması və üzə çıxarılması zamanın tələbidir. Bu işi uğurla həyata keçirmək üçün Çin mənbələrinə istinad etmədən mümkün deyil. Çinqdao şəhərində yaradılan Azərbaycan Çinşünaslıq Mərkəzi bu məqsədlərə xidmət edən tədqiqat ocağı kimi mühüm əhəmiyyətə malikdir.