29 iyun-4 iyul
Pekin şəhərində Dünya Çinşünaslar Şurasının Qurultayı və Üçüncü Sivilizasiyalararası Dialoq Konfransı keçirilmişdir
Çin Beynəlxalq Mübadilə Assosiasiyası və Dünya Çinşünaslıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor, akademik Hamlet İsaxanlı və Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri, Xəzər Universiteti Çin Tədqiqatlar Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev iştirak etmişlər. Qurultay zamanı Qlobal Çinşünaslıq Universitetləri Alyansı təsis edilmişdir. Xəzər Universiteti alyansa təsisçi-üzv seçilmişdir. Qeyd edək ki, qurultay və konfransda 71 ölkədən 100-dən çox çinşünas alim iştirak etmişdir. Qurultay və konfransın əsas məqsədi qarşılıqlı anlaşma və əməkdaşlığı dərinləşdirmək, müxtəlif mədəniyyətləri təmsil edən insan və cəmiyyətlər arasında dialoq yaratmaq, çinşünaslıq (sinologiya) elmi çərçivəsində elmi əlaqələri inkişaf etdirmək məqsədi daşıyır.
Xəzər Universiteti və Çinin müxtəlif universitetləri arasında sıx təhsil və akademik əlaqələr mövcuddur. Keçən illər ərzində Çinin Pekin Xarici Dillər Universiteti, Şanxay Universiteti, Pekin Dil və Mədəniyyət Universiteti, Şengen Universiteti, Anhuy Kənd Təsərrüfatı Universiteti və Xəzər Universiteti arasında bağlanmış müvafiq anlaşma memorandumlarına əsasən tələbə mübadiləsi, elmi konfranslar, alimlərin qarşılıqlı səfərləri həyata keçirilmişdir. Qeyd edək ki, 2022-ci ilin oktyabrında Xəzər Universitetində Dünya Çinşünaslıq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Çin Tədqiqatlar Mərkəzi yaradılmışdır.