29 iyun-4 iyul
Pekin şəhərində Birinci Dünya Çinşünaslar Konfransının və Üçüncü Sivilizasiyalararası Dialoq Konfransının açılış mərasimi keçirilmişdir
Konfransda Azərbaycanı Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı və Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri, eləcə də Xəzər Universiteti Çin Tədqiqatlar Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev təmsil etmişlər.
İlk olaraq Çin Xalq Respublikasının sədri Si Cinpinq`in konfrans iştirakçılarına təbrik məktubu oxunmuşdur. Məktubda qlobal dialoq, mədəni mübadilə, sivilizasiyalararası əlaqə və qarşılıqlı anlaşmanın müasir dövrdə vacib olduğu xüsusi vurğulanmış, Çinin dünyanın bütün ölkələri ilə mədəni əlaqələri inkişaf etdirmək istəyi qeyd olunmuşdur. Sonra Çin Xalq Respublikasının sədr müavini (vitse-prezidenti) Han Gen açılış mərasimində çıxış edərək, dünya xalqlarının mədəni dəyərlərinin öyrənilməsinin vacibliyini və qarşılıqlı şəkildə qorunub təbliğ olunmasının önəmini qeyd etmişdir, bu xüsusda Çinin dünya ölkələri ilə əməkdaşlığa hər zaman açıq olduğu vurğulanmışdır.
Açılış mərasimindən sonra universitetlər və elmi təşkilarlar arası görüşlər keçirilmişdir.
Qeyd edək ki, konfrans Çin Beynəlxalq Mübadilə Assosiasiyası və Dünya Çinşünaslıq Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir. Konfrans çərçivəsində Çinqdao şəhərində Azərbaycan Çinşünaslıq Mərkəzi təsis edilmişdir.