2024-cü il fevralın 12-16-da Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin təşkilatçılığı ilə Türkiyə Respublikası İzmir Katip Çelebi Universitetinin professoru Didem Buhari`nin “Siyasət və Beynəlxalq münasibətlərdə tədqiqat aparmaq: Kəmiyyət və keyfiyyət metodlarına giriş” mövzusunda təlimi keçirilib.

Təlimdə Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Orxan Vəliyev, Psixologiya departamentinin koordinatoru Mələk Kərimova, departament müəllimləri, yerli, eləcə də əcnəbi doktorant və magistrantlar iştirak ediblər.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Prof. Akad. Hamlet İsaxanlının açılış nitqi ilə təlim öz işinə başlayıb və gündə 2 dəfə olmaqla həftə ərzində davam edib.

Prof. Didem Buhari 5 gün müddətində akademik tədqiqat üçün vacib hesab edilən elmi tədqiqatın mahiyyəti, tədqiqatın qiymətləndirilməsi üçün meyarlar, düzgün mövzu seçimi, ədəbiyyat və istinadlar, sorğu və müsahibələrin düzgün alınması, siyasət və beynəlxalq münasibətlərdən müxtəlif nümunələr, etnoqrafik müşahidələr və sair anlayışlarla bağlı təlim keçirib.

İştirakçılar təlimdə öyrəndikləri nəzəri biliklərlə bağlı praktik günlük tapşırıqlar da yerinə yetiriblər.

Təlim 2024-cü il fevralın 16-da Xəzər Universitetinin rektoru Dos. İradə Xəlilovanın və Prof. Akad. Hamlet İsaxanlının qonaq professor Didem Buhari`yə sertifikat və hədiyyə təqdimatları ilə öz işini yekunlaşdırıb.

Təlim iştirakçılarına da sertifikatlar təqdim olunub.

khazar.org