“Nigar Rəfibəyli” 

Seriyanın (redaktoru Hamlet İsaxanlı) “Nigar Rəfibəyli” adlı 10-cu kitabı Xəzər Universitetinin Nəşriyyatında çapdan çıxmışdır. Kitabın müəllifləri Nigar Zeynalova və Fidan Rzayevadır.

Kitab “Böyük nəslin münəvvər qızı” ilə açılır və “Şanlı nəsillərin yadigarı”nda Xalq şairi Nigar Rəfibəylinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilir. Kitabda şairin şeirlərindən nümunələr də yer almışdır. Həmçinin, qızı Fidan Rzayevanın anasının xatirəsinə həsr etdiyi iki şeiri də çap olunmuşdur.

Nigar Rəfibəyli haqqında oğlu Anar, qızları Fidan və Təranə, gəlini Zemfira Səfərova, nəvələri Tural, Aysel və Günelin xatirələri səmimi yazılışı ilə maraqla oxunur.

Kitabda zəngin fotomaterialdan istifadə olunmuşdur ki, bu vasitə ilə oxucu Nigar Rəfibəyli və ailəsi haqqında dolğun əyani məlumat əldə edir.

Sonda Nigar Rəfibəylinin Gəncədə Xan bağında quraşdırılmış abidəsi (heykəltəraşlar Münəvvər Rzayeva və Fəxrəddin Əliyev) və Gəncədəki 43 saylı tam orta məktəbdə qoyulmuş büstünün (heykəltəraş Məşdi Rüstəmov) fotoları da oxuculara təqdim olunur.

Seriyanın kitabları, bir qayda olaraq, nəfis şəkildə çap edilir.

khazar.org