Əli Rza Xələfli

«Ziyarət» əsərinin əsas güc mərkəzi Yaddaş Sahibinin obrazı ilə aşkarlanır. Bu obraz bütün əsər boyu xüsusi hərəkətverici gücə malikdir. Biz onun ətrafında, onun haləsində baş verən hadisələri məxsusi olaraq onun özünün münasibətilə qavrayır, başa düşürük. Açıq demək lazımdır ki, “Ziyarət”  əsərindəki  Yaddaş  Sahibi  obrazı  Azərbaycan  ədəbiyyatındakı  tarixi yaddaşı canlandıran obrazlardan fərqlidir, yəni bir növ qeyri-ənənəvi obraz- dır. Bəzən onun hədsiz dərəcədə sadəliyi sadəlövhlük təsiri bağışlayır. Onun təbiətində bir uşaqlıq, uşağaməxsus kövrəklik əlamətləri görünür. Bir çox hallarda o, bu cəhətləri ilə xüsusi qayğıya möhtac olan bir uşaq zəifliyi təsiri bağışlayır. Sanki təbiətdəki ecazkar görkəminə, sehirli cazibəsinə, nadir olan rayihəsinə, ətrinə görə elə çiçəyə bənzəyir ki, o çiçək görənləri özünə çəkir. Amma yaxınlaşıb ona toxunsan və bəlkə, bir qədər onun zəifliyini nəzərə almasan, elə yerindəcə ovulub tökülər. Amma əslində, bu ilk baxışdan belə görünür. Onun çox güclü məntiqi var. Saydığımız xüsusiyyətlərin hər birisi onun cazibəsini artırır. Əgər o, ilk baxışdan düşündüyümüz kimi, zəif və aciz olsaydı, xüsusi yaddaş ağırlığını öz çiyinlərində daşıyıb, maneələri dəf edib yurdacan gəlib çata bilməzdi. Obrazın məntiqini, xüsusilə, bu məntiqin fəlsəfi mahiyyətini dünyanın görkəmli filosofları mühakimələrində, ədəbiyyatşünasları təhlillərində və eyni zamanda, şairləri yaratdıqları xarakterlərdə açmağa  çalışıblar.  Y. E. Qolosovker1   obrazın məntiqi haqqında danışanda mühakimələrini belə təqdim edir:

“Obrazın   məntiqi   bütövlükdə   tamamlanmış   surətlərin   mənasının sonacan tükədilməsindədir. Yəni ki, bütövlükdə tamamlanmış surətlərin saçdığı mənalar ardıcıllığından obrazın məntiqi doğur. Düzü, mifdə o, özünü əyrilər üzrə hərəkət edib bir çevrəni qapadan yeganə konkret surətlərin ardıcıllıq cərgəsində aşkarlayır”1.

Beləliklə, obrazın məntiqi yaradıcının bütövlükdə təqdim edə bildiyi, mənasını axıracan aça bildiyi surətlərdə tamamlanır. Görünür, tərcüməçi bi- rinci cümlədə artıq bir dəfə “tamamlanmış” ifadəsini işlətdiyinə görə, cümlənin sonunda həmin ifadəni təkrarlamamaq üçün “tükədilməsində” sözü ilə barışmalı olmuşdur. Əlbəttə, mahiyyət bununla bağlı deyil. Demək, obrazın məntiqi onun estetik təsir dairəsindən, yaratdığı mənalar yükündən və bu mənaların xüsusi məntiqi ardıcıllıqla bir-birini tamamlayan izləməsindən çox asılıdır. Yaddaş Sahibi də ayrı-ayrı məna və mahiyyətlərə vararkən elə incə məqamları diqqətə çəkməli olur ki, biz yalnız bu qabarıq əlamətlər sa- yəsində zəncirvari ardıcıllığı mənəvi dünyamıza yığdığımız estetik hisslərlə qoruyub-saxlayır, bizə olan təsiri özümüz üçün sərvətə çevirmiş oluruq. Bu əsərdə qəribə bir məqam mənim diqqətimi çəkir. Elə “Ziyarət”in əvvəlin- dəcə Yaddaş Sahibinin eynək taxdığını müşahidə edirik. Hələ yarı yaşına çatmamış bu adam yaddaş aləminə eynəklə baxır. Əlbəttə, söhbət əsərdə həyatdan gedir. Zənnimcə, bunun özü də çox dəyərli və xüsusi məna kəsb edən bir cəhətdir, əsərin daha dərin qatlarla bağlı olduğuna işarədir. Bu mə- nada, həmin əlamət elə böyük əhəmiyyət kəsb edir ki, onun haqqında daha əsaslı danışmamaq mümkün deyil. Demək, görkəmli filosof təqdim elədiyi- miz məntiqin davamı olaraq yazır:

“Dairənin qapanması ilə bütöv obrazın mənası da tükənir. Yeganə konkret surətlərin məna ayrısı boyunca hərəkəti əksərən qarşıdurma prinsipi üzrə gerçəkləşir. Beləliklə, bütöv “görmə” (“baxan göz” və “korluq”) obrazında təkgöz Kiklop yeganə konkret surət kimi mingözlü Arqusun surətinə qarşı qoyulur; gözləri baxa-baxa ruhən kor olan, zorən cani edilmiş Edipə qarşı fiziki cəhətdən şil, amma mahiyyəti mənəviyyatının “gözü” ilə görə bilən, qeybdən xəbərlər söyləyən falçı Tirezi dayanır. Hətta Kolon şəhərində peyda olub daxilən nurlanmış kor Edip də əvvəlki şah Edipin qarşıdurumudur” .

Biz təhlilçinin dairənin qapanması ilə obrazın mənasının tükənməsinə ilkin başa düşülən mənada yox, daha geniş mənada yanaşmalıyıq. Yəni, əslində, Yaddaş Sahibi ilə yaddaşın istiqamət verib gətirdiyi obrazın qarşılaş- dığı məqam dairənin qapanmasıdır, bundan sonra baş verənlərin hamısı bu dairənin içərisində cərəyan edir. Biz dairənin içərisini bütün maddi və mənə- vi aləmin mahiyyəti kimi qavramalıyıq. Qədim yunan mifologiyasına söy- kənən müəllif təkgözlü ilə mingözlünü yada salır. Onların qarşılaşmasında da əsl həqiqət üzə çıxmır, demək, həqiqəti görmək üçün yalnız cismani ola- raq görən gözlər hələ əsas deyil. Qədim yunan mifindəki Tiresi – Orakul cismani olaraq görmür. Amma o, həyatı bildiyinə görə mənəvi aləmdəki ha- disələrin məntiqi ardıcıllığını dərk etdiyinə görə, gələcək haqqında da doğru və dürüst məlumatlar verə bilir. Hətta filosof fikrinin sonunda eyni şəxsin iki dövrünü də yada salır. Gözlü tiran Edip mənəvi korluğun nəticəsində ne- cə böyük cinayətlər törədir. Amma həyatı dərk etdikdən sonra – fəqət bu zaman o, gözlərinin ikisini də itirmişdir – hətta başqalarının görə bilmədiyi həqiqətləri görə bilir, dərk edə bilir. Yalnız onun bundan sonrakı həyatı mə- nəvi, sağlam həyat ola bilərdi. Beləcə, Yaddaş Sahibi aliməqam bir zirvədə görünür. Cismani olaraq gözlərinin nurunu itirsə də, mənəvi gözləri tamam açıqdır, onun bəsirət gözləri o qədər nurlanmışdır ki, cəmiyyətə liderlik et- mək istəyənlərin, fəqət mənəvi korların – hiyləgər siyasilərin, onun axtardığı bütün dünyanı gəzdikdən sonra qayıtdığı yaddaş aləminin ətrafında nə qədər dəhşətli torlar hörsə də, yenə bu torların – labirintlərin arasından işıqlı dün- yaya aparan çıxışı görə bilir. Əgər onun bu fəhmi, zəkası olmasaydı, demək, onun ətrafında da o qeyri-adi canlanma, dirilmə mümkün olmazdı.

Yaddaş Sahibi yaxşı bilir ki, kristallaşmış həqiqətlərdən başqa dünyada nə varsa, hamısı ötəridir, keçəridir. Yalnız elə həqiqətlər var ki, məna və əhatə dairəsinə görə zamanlarla döyüşə bilir, öz dəyərini qoruyub saxlayır. Müəllif “Ziyarət”in ən gözəl fəsillərindən birini gözəlliyin tərənnümünə həsr edib.  Onun  özünəməxsus  açımında  gözəllik  bütöv  mahiyyəti ilə  təzahür edir. O, əbədiləşmiş, ömrünün kamillik çağına çatmış gözəllik obrazıdır. Onun gözəli Bayronun, Füzulinin, Titsianın gözəli qədər müqəddəsdir. An- caq onların heç birisinin gözəlinə bənzəmir. “O gözəllik qocalmişdi” – bu hökm o gözəlin qənirinə zərrəcə də xələl gətirmir. Ancaq müəllif də – Yad- daş Sahibi də idealı köklü-köməcli onun mənəvi aləmini yaşına uyğun təm- kinlə səmimiyyətini elə öz dili ilə təqdim edir.

Bir səs gəldi arxamızdan:

“Ay Bakıdan gələn oğlan,  Bir az da biz tərəfə bax,  Qoy bir az da biz danışaq”.

Bəzən müəlliflər obrazın səmimiyyətini təqdim etmək üçün elə cizgilər axtarıb tapmağa çalışırlar və guya ki, elə dərinliklərə varmağa çalışırlar ki… bununla da oxucu ilə obrazın arasında az qala keçilməsi mümkün olmayan uzaq bir məsafə yaranır. Əlçatmazlıq, maneələrin yaratdığı toranlıq obrazın səmimiyyətini qavramağa imkan vermir. Amma nə qədər sadə, nə qədər ay- dın, duru bir istək var tərəflər arasında. “Ay Bakıdan gələn oğlan”, təkcə elə bitkin bir mahnı təsiri bağışlayan bu misra bəs edir ki, tərəflər arasındakı bütün maneələr götürülmüş olsun. Doğmalıq, yaxınlıq, ilıq münasibət illərin, zamanın dov gələ bilmədiyi, üstündən bir zərrə də qopara bilmədiyi İla- hi saflıq olmadan bu dörd kəlmə söz eyni məna və mahiyyəti daşıyaraq cər- gələnə bilməzdi.

İndi tərəflər arasındakı mənzərəyə diqqət edək:

Geri döndüm. Onu gördüm,  Gördüm, köksümü ötürdüm. Mən uşaqkən, o,.. o zaman  Gözəllikdə ad çıxaran

Bir gəlindi. Amma indi…

Əlbəttə, təəssüflər də var, ötüb-keçmiş zamanın arxasınca baxmaq da var. O gəlinin – o qənirsiz gözəlin bir uşağın yaddaşında buraxdığı aydın iz- lər var. Bütün bunlar bütövlükdə bir qeyri-adi, şahanə bir gözəlliyin rəsmi- dir. Sözlərin rəngilə işlənmiş portretidir. Özü də diqqət eləsək, heç bir ifrat təsvir və qarşı tərəfə xüsusi diqqəti yönəltmək məqsədi daşımayan “rənglər- dən” istifadə olunub. Biz bu rənglərlə qavrayırıq. O qənirsiz gözəl vaxtilə gözəlliyilə ad çıxarıb. Zaman o gənclik təravətini aparsa da, gözəlliyini təs- diq edən cizgiləri silə bilməyib. O gözəl öz gözəlliyini səmimiyyətində qo- ruyub-saxlayıb:

Yel kimi keçdi o vədə,
O gözəllik itməsə də,

O gözəllik qocalmışdı.

Daha yandırıb-yaxmırdı, Üstünü bulud almışdı.

Və elə müəllifin özü də çox qəribə obrazlarla yaratdığı lövhəni tamamla- yır. O lövhəni ki, indi üstünü bulud almışdı. Bəzən buludlar nə qədər sıx olsa da, biz buludun arxasında günəş olduğunu heç vaxt yadımızdan çıxara bil- mirik.

Təbiidir ki, Yaddaş Sahibi yaratdığı aləmdən, döndüyü aləmdən, qovuş- duğu aləmdən asanlıqla üzülüşə bilmir. Daha dərin qatlara, zamanın o gözəl üçün şahanə çağlarına qayıdır. O vaxtına ki, Yaddaş Sahibinin özü ətrafın nəzərində bir dilbilməz uşaq idi. Amma o dilbilməz uşaq bu gözəli elə o dil- bilməz çağında da görə bilmişdi. Pedaqoqlar arasında belə bir söz, belə bir bitkin fikir çox tez-tez işlənir: “Uşağı uşaq yerinə qoyma”.

İndi həmin o dilbilməz uşağın yaddaşında oyananlara baxaq:

O günlərə döndüm bir an:  Yerişi, duruşu, səsi…

Söz bəs etməz, söz hədərdi – Onun hüsnü cazibəsi
Ürəkləri titrədərdi.

Əgər diqqət edildisə, burada “o dilbilməz uşağın yaddaşında oyananlara baxaq” fikrini bir də təkrar eləməklə oxucunun nəzərini müəllifin yaratdığı rənglər aləminə cəlb etmək istədim.

Müəllif elə özü də razılaşır ki, o cazibəni, o ürəkləri titrədən gözəlliyi tərənnüm etmək üçün söz bəs eləməzdi. Kimlərsə ancaq sözə ümid etsəydi cəhdləri hədər olardı. Demək, buradaca müəllifin karına gələn sözlərin rən- ginə tapınmadır – əlbəttə, sözlərin ecazkar rənginə… Çox vaxt keçmir, elə o titrək duyğu ilə müəllif daha ecazkar bir hisslə, daha təlatümlü bir ovqatla yaddaşına üz tutur:

Yox! O dilbər yox olmamış,
Gözlər o gözlərdi – tanış.
Danış, ey xəyalım, danış!

Yaddaş Sahibinin çağırışları, qırıq-qırıq xatirələr bəzən sönüb-yanan işıqlarda görünən titrlərdə Yaddaş Sahibinin təəssüflərini, dünyanın ötəriliyinə, keçəriliyinə heyfslənmələri, hətta bəzən bəsirət gözü bağlı olanların onun həyata, gözəlliyə pərəstişini, sevgisini duymayanların istehzasını, tənəsini də görə bilir.

Yazıq ürək, yenə dərd çək…
Qafil, gülmə kədərimə.

Gör nə qədər “hayıf” demək
Yazılıbdır qədərimə.

Müəllifin yaratdığı obrazlar xarakterlərinə görə, çox özünəməxsusdur. Azərbaycan və eləcə də dünya ədəbiyyatında ürək obrazı orijinal deyil. Və bəlkə də, elə ədəbiyyatın yarandığı ilk gündən, lap elə mifin zamanından üzü bəri ürək təfəkkür süzgəcindən keçib, ürəyin başa düşülən və başa dü- şülməyən tərəflərinin aydınlaşdırılmasına cəhdlər göstərilib. Ürəyə xüsusi ruh və can verilib, ürək bütövlükdə düşünən bir varlıq kimi tərənnüm olu- nub. Ancaq göründüyü kimi, H.İsaxanlının ürəyi tamam başqa aləmdən – onun özünün dünyasından insaniliyi özündə ehtiva edən bir gücdə görünür. Beləliklə, “hayıflar”, “təəssüflər” Yaddaş Sahibinin qədərinə yazılsa da, əs- lində, insanlığın və insaniliyin qismətidir. Yalnız Yaddaş Sahibinin ölçü və meyarları ilə hayıflar, təəssüflər xüsusi dəyər kəsb edir. O zaman ki, ömür mənasız bir həyatla fənaya verilməyib:

Fikir dəryasına girdim,

O gəlini mən bir zaman  Gözələ heykəl bilirdim…  Heykəl olan dəyişərmi?!  Eh, nə bilim?! Ağlı olan  Heç zamanla döyüşərmi?!

Müəllif sözün həqiqi mənasında gözələ heykəl qoya bilib. Tişədən, daş- dan istifadə eləməyib. Onun heykəltəraşlıq emalatxanası özünün zəngin mü- şahidə aləmidir, təəssürat dünyasıdır, həyata, insanlara sevgi dolu baxışlarıdır.

Zamanla döyüşmək yox, zamanın axarında zamanın gətirdiyi fırtınalar- dan keçib gedə bilən dəyərlərlə yaşamaq… müəllif üçün həyatın mənası budur.

 

Ədəbiyyat:

Sovet filosofu (1890-1967).
Y.E.Qolosovker. “Mifin məntiqi”. Kitab aləmi. Bakı, 2006. s. 63.
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.