2024-cü il mart ayının 1-də Gəncə Dövlət Filarmoniyasında təşkil olunan görüşdə Hamlet İsaxanlının ömür yolu, yaradıcılığı ilə bağlı bir çox məqamlara toxunuldu, xoş, yaddaqalan anlar yaşanıldı. Tədbirdə ölkənin tanınmış ziyalıları, elm və sənət adamları, şair və yazıçılar – Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, professor Qəzənfər Paşayev, tanınmış ustad-sənətkar, rejissor Ramiz Həsənoğlu, tarixçi-professor, şair Şahin Fazil, professor Asif Rüstəmli, Üzeyir Hacıbəyli muzeyinin direktoru, bəstəkar, Xalq artisti Sərdar Fərəcov, Xalq artistləri – Alim Qasımov, Azər Zeynalov, İlqar Muradov, Əməkdar artistlər – Fərqanə Qasımova, İlahə Əfəndiyeva, Ramil Qasımov və digərləri iştirak edirdilər. Müğənnilər Hamlet İsaxanlının şeirlərinə həm özünün həyat yoldaşı Nailəxanım İsayeva, həm də müxtəlif tanınmış bəstəkarlar tərəfindən yazılan mahnıları ifa etdilər. Vokalçıları Xəzər Universitetinin Kamera orkestri (bədii rəhbər Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqova) müşayiət edirdi.

Filarmoniyanın səhnəsində Gəncə “Dünya” Məktəbinin şagirdləri tərəfindən sözləri Hamlet İsaxanlının və musiqisi Nailəxanım İsayevanın olan “Dünya” Məktəbinin himn-mahnısının ifası tamaşaçılar tərəfindən xüsusi olaraq alqışlandı. Eləcə də, Xəzər Universiteti rəqs ansamblı və Gəncənin “Xəmsə” uşaq və rəqs ansamblının mahnılara qurulan rəqsləri qonaqlarda xoş ovqat yaratdı.

Görüşdə Bakıdan gedən ziyalılar çıxışlarında professor Hamlet İsaxanlının ömür yolu, həyat və fəaliyyəti, yaradıcılığı, Xəzər Universiteti və “Dünya” Məktəbi haqqında geniş söz açaraq, alimi maarifçilik tariximizin yeni əsrdəki davamçısı adlandırmaqla bərabər gördüyü işlərdə onunla hər zaman yan-yana dayanan ömür-gün yoldaşı Nailəxanım İsayevanın da xatirəsini hörmətlə andılar.

Həmin gün Gəncə Dövlət Filarmoniyasında Gəncə, Göygöl, Şəmkir, Samux icra hakimiyyətlərinin məsul şəxsləri, Türkiyənin Gəncədəki Baş Konsulluğu, Gəncə universitetlərinin professor və müəllim heyəti, Gəncə Yazıçılar Birliyi, Gəncə – Daşkəsən Mədəniyyət İdarəsi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşları, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tibb işçiləri, Gəncə qəzetlərinin müxbir və yazar heyəti, Gəncə ziyalıları və təhsil işçiləri, eyni zamanda tanınmış sənət adamları və digərləri iştirak edirdilər.

Rəsmi görüşdən sonra davam edən və aşıq, müğənni, xanəndələrin rəngbərəng ifaları və rəqsləri ilə dolu məclis də çox maraqlı keçdi.

khazar.org