XII Bakı Beynəlxalq Kitab Sərgisində Prof. Akad. Hamlet İsaxanlının “İki mədəniyyət: Elm və Sənət” adlı təqdimatı
XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində 2026-cı il oktyabrın 23-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Prof.Akad. Hamlet İsaxanlının “İki mədəniyyət: Elm və Sənət” adlı təqdimatı keçirilib.
Bakı Ekspo Mərkəzinin “SOCAR” təqdimat zonasında təşkil olunan tədbir Xəzər Universitetinin 35 illik yubileyinə həsr olunmuş “Xəzərin imzası” filminin nümayişi ilə başlayıb.
Tədbirin aparıcısı, Xəzər Universiteti Kitabxana-İnformasiya Mərkəzinin direktoru Aytac Misgərli universitetin 35 illik fəaliyyət yoluna, elm və təhsil sahəsindəki roluna diqqət çəkib. İştirakçılara Xəzər Universitetinin tarixini, inkişaf yolunu və dəyərlərini əks etdirən “Xəzərin imzası” filmi təqdim olunub.
Filmin nümayişindən sonra Prof.Akad. Hamlet İsaxanlı “İki mədəniyyət: Elm və Sənət” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda H. İsaxanlı elm və sənətin qarşılıqlı əlaqəsi, bu iki sahənin insan düşüncəsinin və mənəvi dünyasının formalaşmasındakı rolu, eləcə də onların cəmiyyətin inkişafına təsiri ətrafında fikirlərini bölüşüb.
Hamlet İsaxanlı elmi düşüncə ilə bədii yaradıcılığın əlaqəsinə toxunaraq, elm və sənətin insanın dünyanı dərk etməsindəki əhəmiyyətini vurğulayıb. Təqdimat iştirakçılara bu iki sahənin fərqli ifadə formaları ilə yanaşı, onları birləşdirən ortaq dəyərlər haqqında düşünmək imkanı yaradıb.
Təqdimat kitabsevərlər tərəfindən maraqla qarşılanıb. Görüş iştirakçılar üçün elm, sənət və yaradıcılıq arasındakı əlaqələri daha dərindən anlamaq, eyni zamanda, Prof.Akad. Hamlet İsaxanlının fikir və mülahizələri ilə tanış olmaq baxımından əhəmiyyətli olub.
Qeyd edək ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi 2026-cı il 21-27 oktyabr aralığında “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” şüarı altında keçirilib. Sərgi kitab və mütaliə mədəniyyətinin təşviqi ilə yanaşı, elmi və yaradıcı fikir mübadiləsi üçün də mühüm platforma rolunu oynayıb.



















