Qarabağ və Şərqi Zəngəzurun Türk-İslam irsi beynəlxalq simpoziumda müzakirə olunub
Xəzər Universitetində Tarix və arxeologiya departamentinin təşkilatçılığı, departamentin müdiri Dr. Telman Nüsrətoğlunun layihə rəhbərliyi ilə 2026-cı il oktyabrın 21-də “Qarabağ və Şərqi Zəngəzurun Türk-İslam Abidələri” mövzusunda beynəlxalq simpozium keçirilib. Tədbirdə alimlər, tədqiqatçılar və rəsmi qonaqlar bölgənin tarixi-mədəni irsinin öyrənilməsi, qorunması və tanıdılması məsələlərini müzakirə ediblər.
Simpoziumun plenar iclasında layihə rəhbəri Dr. Telman Nüsrətoğlu, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı, Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün, millət vəkili Tural Gəncəliyev, Milli Məclisin komitə sədri Dr. Fazil Mustafa, eləcə də AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktor müavini Dr. Pərviz Qasımov çıxış ediblər.
Çıxışlarda Qarabağ və Şərqi Zəngəzurun mədəni irsinin elmi əsaslarla araşdırılmasının, abidələrin sənədləşdirilməsinin və qorunmasının vacibliyi vurğulanıb. Natiqlər bu irsin tədqiqində Azərbaycan və Türkiyə alimləri arasında əməkdaşlığın əhəmiyyətinə də toxunublar.
Simpoziumun məruzə və müzakirələrində bölgənin türk varlığının tarixi mənbələr əsasında araşdırılması, Şuşanın Türk-İslam şəhər kimliyi, Zəngəzurda 1918–1920-ci illərdə baş vermiş hadisələr və mədəni irsə vurulmuş ziyan, Qarabağ xanlığı dövrünün memarlığı, məscidlər, vəqf sənədləri, epiqrafik irs və abidələrlə bağlı folklor nümunələri kimi mövzular təqdim olunub.
Məruzələrdə, həmçinin, Qarabağ və Şərqi Zəngəzur abidələrinin tarixi mənbələrdəki təsviri, onların bərpası və mədəni yaddaşın qorunması, abidələrin elmi və ictimaiyyətə təqdimatı, eləcə də toponimlərin müasir arxeoloji tədqiqatlarda əhəmiyyəti müzakirə edilib. Tədqiqatçılar abidələrin qorunması və bərpası prosesində tarixi həqiqiliyin, kitabələrin və yerli yaddaşın nəzərə alınmasının vacibliyini qeyd ediblər.
Beynəlxalq simpozium Qarabağ və Şərqi Zəngəzurun Türk-İslam irsinin müxtəlif elmi istiqamətlərdən araşdırılması, tarixi-mədəni abidələrin öyrənilməsi və bu sahədə mütəxəssislər arasında elmi fikir mübadiləsinin genişləndirilməsi məqsədi daşıyır.






























