2024-cü il iyunun 6-7-də Xəzər Universitetinin Təhsil departamentnin təşkilatçılığı, Türkiyənin Qazi Universitetinin Qazi Təhsil Fakültəsinin tərəfdaşlığı ilə “Təhsilin idarə olunması və müəllim hazırlığı” mövzusunda Beynəlxalq Elmi Simpozium keçirilib.İyunun 6-da Xəzər Universitetinin mərmər zalında baş tutan simpoziumun açılış mərasimi universitetin kamera orkestrinin ifasında Üzeyir Hacıbəylinin “Arazbarı”sı ilə (bədii rəhbər Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, Dos. Zülfiyyə Sadıqovadır)başlayıb. Sonra Azərbaycan və türk milli rəqsləri,departamentin müəllimləri-solistlər Aşıq Ramin Qarayevin və Məhsəti Cabbarovanın ifaları təqdim olunub. Musiqi nömrələri başa çatandan sonra tədbiri giriş sözü ilə Xəzər Universiteti Təşkilat Komitəsinin həmsədri Dos. Leyla Əliyeva açıb və iştirakçıları, qonaqları salamlayaraq,bu əlamətdar gün münasibətilə hamını təbrik edib.
Çıxış edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad.Hamlet İsaxanlı tədbirə dəvətli olan qonaqları salamlayaraq, simpoziumun işinə uğurlar diləyib.Universitet rəhbəri öz qısa və məzmunlu çıxışında maraqlı bir məqamı xüsusilə vurğulayıb:-Biz əvvəlcə qərara almışdıq ki, bu konfrans geniş məzmunda böyük təhsil sektorlarını, əhatə etsin.Sonra fikrimizi dəyişdik və qərara aldıq ki, bu simpozium gələcəkdə keçirəcəyimiz daha böyük miqyaslı simpoziuma hazırlıq xarakteri daşısın;.Bir-birimizi daha yaxından tanımaq, işimizə yaxından bələd olmaq baxımından düşündük ki, bu daha səmərəli olar. Söylədiyim bu qərarın təklifi də əslində Türkiyənin Qazi Universitetinin rəhbərliyindən gəldi və biz də Xəzər Universiteti olaraq bu təklifi alqışladıq.Düşünürəm ki, elm, təhsil fədailərinin belə mötəbər toplantılarda bir araya gəlməsi bütövlükdə təhsin inkişafına öz töhfəsini verəcək. Ali məktəblərdə müəllim hazırlığı olduqca ciddi və mürəkkəb məsələ olaraq həmişə müzakirə mövzusu olub. Çünki tədris prosesində müəllim əsas fiqurdur. Müəllim öyrədəndir, ancaq öyrətmə prosesi dərin fəlsəfi məna kəsb edir.Bu, heç də asan məsələ deyil.Müəllim öyrədən olmaqla bərabər əgər özü öz üzərində işləməsə, çalışmasa,aramsız mütaliə etməsə, tədris etdiyi fənlə bağlı yenilikləri özündə əxz etməsə, mənimsəməsə onun sinifdə, auditoriyada verəcəyi bəhrə qənaətbəxş ola bilməz. Mən müəllim peşəsini müəyyən mənada həkimlik peşəsilə müqayisə edərdim.Həkim əvvəlcə xəstəni müayinə edir,onun nasaz orqanını müəyyən edəndən sonra müalicəyə start verir və uğur qazanır. Müəllimlək də belədir: Pedaqoji prinsiplərə yiyələnən müəllim sinifdə şagirdin yaş psixologiyasını, sosial psixologiyasını, ailə-məişət problemlərini dəqiq öyrənməli, bunları düzgün qiymətləndirməli və öz yetirmələrinə fərdi yanaşma prinsiplərinə uyğun olaraq tədris etdiyi fənni mənimsətməlidir. Bu, olduqca vacibdir.Tədris ocaqlarında yaşanan problemlər də elə bilavasitə bu mənəvi diaqnostikalarla bağlıdır. Düşünürəm ki, bu simpoziumda bu və digər problemlər dərindən təhlil olunacaq və onların həlli yolları da mütəxəssislərimiz tərəfindən müəyyənləşdiriləcək.Bir daha səmərəli fəaliyyətinizdə uğurlar arzulayıram.
Təbrik üçün kürsüyə qalxan növbəti çıxışçı- Qazi Universitetinin rektor yardımçısı Prof. Gelişli Yucel də öz növbəsində bu əlamətdar hadisə münasibətilə iki ölkənin təhsil sektorunda çalışan elm və təhsil nümayəndələrini ürəkdən salamlayaraq, özündən öncə simpoziuma xoş arzularını və tövsiyələrini ifadə edən Prof.Akad. Hamlet İsaxanlının fikir və mülahizələrini tam olaraq təsdiqləyib.Deyib ki, biz iki ölkənin ali təhsil ocaqları olaraq səylərimizi, təcrübələrimizi birləşdirərək birgə fəaliyyətimiz sayəsində qarşıya qoyulan hədəfə nail olmalıyıq. Hamlet İsaxanlı doğru vurğuladı ki, bu işin müsbət nəticə verməsi üçün Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təhsilin bütün pillələrinin təmsilçiləri və rəhbərləri sıx əməkdaşlıq şəraitində çalışmalıdır.Çünki müəllim hazırlığı bütün zamanlarda prioritet məsələ olub və bu gün də öz aktuallığını saxlayır.Əminəm ki, Türkiyənin Qazi Universitəsi ilə Xəzər Universitəsi qarşıya qoyulan hədəfə sıx əməkdaşlıq şəraitində nail olacaq.
Qazi Universitetinin Qazi Təhsil fakültəsinin dekanı Prof.Mahmut Selvi, həmçinin Azərbaycan Elm və Təhsil Nazirliyi,Ümumi və məktəbəqədər təhsildə məzmun və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Ali Təhsil müəssisələri ilə iş sektprunun müdiri, SABAH qrupları İcra Komitəsinin rəhbəri Dos. Elza Səmədova da tədbir iştirakçəlarını salamlayaraq simpoziumun işinə uğurlar diləyib. Sonra isə Xəzər Universitetinin Beynəlxalq əlaqələr departamentinin müdiri Fatimə Vəliyeva təmsil etdiyi ali təhsil ocağı haqda iştirakçılara geniş məlumat verib.
Qeyd edək ki, I Panel iclas “Müəllim hazırlığında yerli və beynəlxalq təcrübə” mövzusuna həsr olunub.İclasa moderatorluğu Prof.Mahmut Selvi və Prof. Hümeyir Əhmədov ediblər. Təqdim olunan mövzu ətrafında Qazi Universitetinin təmsilçiləri – professor Yucel Gelişli, Dos. Nurcan Uzel, Prof.Mehmet Taşpınar, Prof.Salih Şahin,Prof.Gürcü Koç,Prof.PaşaTevfik Cephe, Prof.Yılmaz Yeşil, Azərbaycan Elm və Təhsil Nazirliyinin təmsilçisi Dr. Afət Süleymanova,Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təmsilçisi Dos. Elza Səmədova,Bakı Dövlət Universitetindən Prof.Hikmət Əlizadə,Azərbaycan Dövlət Pedaqoji Universitetdən Dos.Yeganə Cəlilova mövzu ətrafında təhlillər apararaq təkliflərini veriblər və təqdim olunan təkliflər, onların həlli yolları müzakirə olunub.
II Panel iclası da iyunun 7-də universitetin mərmər zalında davam edib. Müzakirə mövzusu “Təhsilin idarə olunmasında milli prioritetlər, beynəlxalq çağırışlar” olub. Bu iclasın moderatoru isə Prof.Yüsel Gelişli və Prof.Akif Abbasov idi.Çıxışçılar-Qazi Universitetindən Prof.Mahmut Selvi, Prof. Seyfullah Yıldırım,Dr.Sinan Demirtürk,Prof.Muhammed Koçak,Dos.Derya Yüregilli Gökşu,Prof. Dr.Pınar Bilasa,Xəzər Universitetindən Raziyə İsayeva, Dos. Leyla Əliyeva Mingəçevir Dövlət Universitetindən Dos.Üzeyir Zeynalov təhsil sistemində qazanılan uğurlar, mövcud problemlər və onların həlli yolları barədə mütəxəssis rəylərini bildiriblər. Təqdim olunan bütün təkliflər və mövcud nöqsanlar ətraflı müzakirə olunub.
Bununla da “Təhsilin İdarə Olunması və Müəllim Hazırlığı “ Beynəlxalq Elmi Simpozium öz işini uğurla başa çatdırıb.