2024-cü il aprelin 9-da Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin “Çapar” yayın evi ilə birgə təşkil etdiyi tədbir Azərbaycan ictimai fikrinin inkişafında, milli mədəniyyətimizin tərəqqisində, yeni ideyaların möhkəmlənməsində mühüm rol oynayan görkəmli ziyalı, böyük maarifçi Ömər Faiq Nemanzadənin həyat və yaradıcılığına həsr olunub. Tədbiri Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos. Dilbər Zeynalova açaraq, Ömər Faiq əfəndinin Azərbaycan publisistikasının inkişafında əvəzsiz xidmətlərindən söz açıb, onun mollanəsrəddinçilərin ideya rəhbərlərindən biri olduğunu vurğulayıb. Sonra çıxış üçün söz Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlıya verilib. Hamlet İsaxanlı “Molla Nəsrəddin” jurnalının təsis edilməsində Ö.F.Nemanzadənin rolundan, əməkdaşlıq etdiyi “Şərqi-Rus” qəzetində, sonra isə Tiflisdə “Qeyrət” mətbəəsində və “Molla Nəsrəddin” jurnalındakı fəaliyyətindən, keçdiyi həyat yolundan və xatirələrindən ətraflı danışıb. O,Ömər Faiq əfəndinin təkcə maarifçi-demokratik ideyaların carçısı, publisist, mətbuat nümayəndəsi olmadığını, onun həm də bir təhsil işçisi, müəllim və maarifçilik ideyalarını təbliğ edən vətənpərvər ziyalı olduğunu söyləyib. Natiq öz çıxşında Ö.F.Nemanzadənin varislərinin, xüsusilə onun irsinin yorulmaz təbliğatçısı, hazırda Böyük Britaniyada Azərbaycan Diasporunun nümayəndəsi Ülviyyə Pepinovanın fəaliyyətini yüksək qiymətləndirib. Daha sonra ”Çapar” dərgisinin və Çapar yayınlarının təsisçisi Yusif İlhamoğlu jurnalın Ö.F.Nemanzadəyə həsr olunan xüsusi buraxılışlarından geniş bəhs edib. Sonda Hamlet İsaxanlı tələbələrin suallarını cavablandırıb və iştirakçılara təşəkkürünü bildirib.