Əli Rza Xələfli

…Ruhun həsrət yolu: Bədən Vətən. Bədən və Vətən anlamı nə qədər bir-birinə yaxındır. Elə bilirəm ki, bu sözlər qohum sözlərdir.
Sürgündən qayıtmağın, Vətənə qovuşmağın nə demək olduğunu Vətən həsrəti çəkənlər daha yaxşı bilər. Bunu kifayət qədər duyğularının tarixi yaşantılar üstündə köklənməsi ilə müəllif verə bilib və biz də bu barədə danışdıq. Əsərin oxucu ruhunda yaratdığı əhval, təəssürat, əsərin təsirilə oxucunun yaddaşında canlanmış mənzərələr, əslində, müəllifin uğurudur. Və onun özünün səsinin, sözünün oxucu dünyasındakı əks-sədasıdır. “Ziyarət” poemasında sürgünün qurtardığı, Vətənə qovuşma zamanındakı təəssüratlara müəllif “gözüm toxdu” hissəsində yer ayırıb. Amma nədənsə, Vətənə qayıdıb, sanki Vətənə qayıtmaqla ayrılmış bədən və ruh təzədən bir-birinə qovuşub. Düşüncəsinin təsiri altında yaddaşında oyanan daha bir mənzərəni buradaca, bu sətirlərin arasına gətirməyə bilmərəm. Bu, görkəmli ədəbiyyatşünas alim, Dövlət mükafatı laureatı, professor Məhərrəm Qasımlının Şah İsmayıl Xətai ilə bağlı düşüncələridir. İndiki məqamlarda mənim düşüncələrimə qol-qanad verdiyi üçün, ilhamıma yeni duyğular bəxş etdiyi üçün yada salıram:
“On altıncı yüzilliyin tarixi salnamələrindən birində Şah İsmayılın Təbrizi fəth edərək hakimiyyəti öz əlinə alması barədə poetik bir bənzətmə var: “O, Təbrizə girdi, elə bil ruh bədənə daxil oldu”. Bu bənzətmədəki milli romantika indinin özündə də vətənçi duyğunu, dövlətçi düşüncəni dimdik ayaq üstə saxlamağa qadirdir. Şah İsmayılın Təbrizə girməsinin ruhun bədənə daxil olmasına bənzədilməsi onun Azərbaycan tarixi içindəki yerinin son dərəcə dəqiq ifadəsidir. O, öz keşməkeşli, yorulmaz mübarizəsi və dövlət idarəçiliyi ilə təkcə Təbrizə deyil butövlükdə Azərbaycana böyük bir ruh gətirdi. Bu, milli kimlik, vətənçilik, dövlətçilik ruhu idi”1.
Göründüyü kimi, professorun özünün də qanadlı duyğularla qələmə aldığı tarixi salnamənin hansısa bir küncünə ilişib qalmış faktın, hadisənin mahiyyəti Vətən və dövlətçilik duyğuları üstə köklənib. Əlbəttə, indiki məqamda ruh və bədən mahiyyəti məni daha çox cəlb eləyir. Və elə bu fikirlə də şərikəm ki, Vətəni olmayanın milləti də olmaz. Bütün sürgünlər, deportasiyalar, təqiblər ona xidmət edir ki, gücünü Vətəndən, yerindən, yurdundan alan insanların özlərini Vətəndən ayırsınlar. Və beləliklə, milli ruhu öldürsünlər. Təbiətdə də belədir. Bir ağacı, bitkini başqa bir şəraitdə asanlıqla yetirmək olmur. Uyğunlaşmaq üçün on illərlə vaxt lazımdır. Hindistan filini təbii şəraitdə Qafqazda təmin etmək mümkünmü? İnsan da təbiətin bir parçasıdır. Onu öz mühitindən ayıranda cismən məhv olmaqdan başqa mənən də ölümə məhkum olur. Ancaq “Ziyarət” poeması bir nəslin sürgünlərin, qürbətlərin bütün məhrumiyyətlərinə dözərək ağır qurbanlar bahasına təzədən yurda dönüşünü bizə təqdim edir. Yurda qayıdacaqlarına inam bu adamları qoruyub saxlayıb. Yaddaş Sahibinin dinlədiyi hekayətin mahiyyəti budur; ana Vətəndədir ruh bədəndə olduğu kimi. Bu qayıdışın ruhun bədənə təzədən qayıdışına bənzəri var. Həmin anlarda nənə hansı hissləri yaşayıb? Onu dilləndirən hansı duyğular olub?
Sürgündən dönəndə dedi: “Şükür, şükür Yaradana Balalarım vətəndədi…” (Ey müqəddəs, əziz ana, İlahi ruh, Allah eşqi
Əgər varsa, o, səndədi).

Bəli, bu, ruhun bədənə qayıdış hekayətidir. Elə bir hekayətdir ki, heç vaxt yaddaşdan çıxmamalı, heç vaxt unudulmamalıdır. Çünki yeni nəsillər bu tarixi bilmədən gələcəyin etibarlı təminatçısı ola bilməzlər. Nəslin yaşarılığını təmin etmək, nəsli qorumaq hissi ananın ehtiyat enerjisini səfərbər edib, onu uzaq yollardan keçirib, Vətənə qaytarıb ona görə ki, bu, acınacaqlı, bu dəhşətli tarixi Yaddaş Sahibinin kitabına yazsın. Artıq bu fikri neçənci dəfədir ki, vurğulayırıq. İndi yurdu dirçəltmək, qürbətdə göz açmış övladlara Vətəni tanıtmaq, bəlkə, onlara gədiklərin, təpələrin, yolların, cığırların, bulaqların, talaların da adlarını demək lazım olacaq. İndi yaşamaq üçün Vətənin havası və suyu var. Bərəkət gətirən torpaq indi onların ayaqları altındadır, indi onlar kifayət qədər güclüdürlər, indi onlar halal zəhmətə, bəhrəsini görəcək zəhmətə qayıtmalıdırlar. Bəli, zillət, zəhmətlə əvəz olunmalıdır. Nənə də elə bunu deyir:

“Balalarım, zəhmət çəksək, Bir bağ salıb, bostan əksək, Düzəldərik ev-eşiyi;
Bəndə bağlayan qapını
O gözəgörünməz kişi
Bir gün gələr açar” dedi.

Yeri gəlmişkən, H.İsaxanlının “Ziyarət” adlandırdığı epik-lirik poeması oxucuda güclü təəssürat yaradan əsərdir. Oxucunu hisslərlə silahlandırır, onu duyğulandırır, düşüncələrini əsərin ovqatı üstə kökləyir. Əsərin ayrı-ayrı fəsillərinə uyğun olaraq oxucu qəzəblənə bilir, acıyır, qürurlanır, inamın nəyə qadir olduğunu dərk edir, bəzən sevinir, bəzən kədərlənir. Əslində, elə bədii əsərin də, ədəbiyyatın da əsas məqsədlərindən biri elə budur: İnsana hisslər sahibi olduğunu xatırlatmaq. Hisslərlə qavramaq, hisslərlə düşünmək iqtidarında olan insan daha az qərəzsiz olar. Belə adamların duyğuları insana hörmət, insana ehtiram, ən başlıcası insana sevgi üstə köklənir.

Ədəbiyyat:

Məhərrəm Qasımlı, “Şah İsmayıl Xətayinin poeziyası” , Elm, Bakı, 2002. s.3.
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.