Əli Rza Xələfli

İndi “Ziyarət”ə qayıtmağın vaxtıdır. Onsuz da ziyarət edəcəyimiz ocaq nə qədər bizim bağrımızın başındadırsa, bir o qədər də gözlərimizin yetmədiyi uzaqlıqdadır. Bu, sadəcə cismani ömür müddəti deyil, keçmişlə gələcək arasındakı məsafədir. Və bu məsafə üzərindəki qırılmaz bağlılığı yaradan elə ziyarət körpüsüdür. Hər iki anlamda, həm Yaddaş Sahibinin keçmişə qayıdışı, həm də onun keçmişdə olanları gələcəyə ötürmək istəyi. Və demək, H.İsaxanlının “Ziyarət” poemasının fəlsəfi mahiyyəti körpü anlamı ilə çox bağlanır. Körpüdən keçən kimdir? O, cəmiyyətin ağrılarını hələ uşaq ikən duymuş, həyatın gətirdiyi ağırlıqlar altında qəddini düz saxlamağa çalışan, hələ uşaq ikən yaddaşı kitaba çevrilmiş Yaddaş Sahibidir. Onun yaddaş kitabında yazılanlar arasında “uşaq ikən yaşa doldum” etiraf-xatirəsi nə qədər ağrılı-acılı olsa da, Yaddaş Sahibinin bu gününün cəmiyyətin mənəvi məsuliyyətinin ağırlığını çiynində daşıması ilə bağlı hələ onun uşaq çağlarında həyatın özü tərəfindən onun ruhuna yazılmış özüllər haqqında hekayətdir. Hər misranın, hər bir sözün mənəvi məsuliyyət yükü aydın görünür. Nə üçün onun bugünkü həyatı da ağrılardan və acılardan kənarda deyil? Onun ən böyük dərdlərindən, onun çiynində daşıdığı ən ağır yükün adlarından biri anlamaq dərdidir. Bu, o dərddir ki, Mirzə Cəlili “Molla Nəsirəddin”ə çevirdi. Sabiri hər tərəfdən suların döydüyü və zərrə belə qopara bilməyən dağ elədi. Anlamaq dərdi… Bu dərdin mahiyyətini H.İsaxanlı belə görür:

Uşaq ikən neçə incə
mətləbləri anlamışam. Ümidlərim ulduz təki
gah parıldar, gah sönərdi.

Beləcə, kiçik bir uşağın dünyanı anlamaq yolu başlanır. O, iki məktəbin müdavimidir bir həyat məktəbinin, bir də ailə məktəbinin. Hər iki məktəbin onun ruhuna bəxş elədiyi mənəvi zənginlik elmdən, ədəbiyyatdan və sözdən keçərək böyük ümid və inam işığına çevrildi. Hələ ki, o, balaca bir uşaqdır. Özünün dediyi kimi, ümidləri də ulduzlar kimi, gah parıldayır, gah da sönür. Amma onun əqidəsində, ruhunda bir böyüklük var. O, özünün böyüklük dünyasından baxdığı həyata qiymət verməyə çalışır. Gördüklərinin ahəngini arayır. Ziddiyyətləri qarşılaşdırır, nəyin doğru, nəyin yalan ola biləcəyinin fərqinə çalışır. Elə buna görə də ürəyində olsa belə, doğruluğun yolunda addımları qətiyyətli və sərrast ola bilməyənləri danlamaq haqqı qazanır:
Uşaq ikən ürəyimdə böyükləri danlamışam. Dünya mənə böyüklərdən bir az fərqli görünərdi…
Bəzən dünya bir uşağın gücü qarşısında orduların təzyiqi ilə etiraf edə bilməyəcəyi həqiqəti təsdiqləyir. Ağdamda hələ döyüşçü yaşına çatmamış doqquz yaşlı balaca uşağın düşmən snayperi ilə öldürülməsi dünyanı sarsıtdı. Və heç nə ilə düşmən özünə bəraət qazandıra bilmədiyi üçün cinayətini danmağa cəhd göstərdi. Beləcə, uşaq özünün həqiqəti ilə dünyadan güclüdür. H.İsaxanlının mənəvi dünyasında böyüdüb boya-başa çatdırdığı Yaddaş Sahibi də özünün uşaq dünyasındakı həqiqətləri ilə güclüdür. O, gecəni gündüzdən ayıra bilir. Dünyanı özündən böyüklər kimi yox, özünün görmək istədiyi kimi görür. Və yaxud böyüklərin görmədiyini görür. Onun uşaq aləmi o qədər zəngin və genişdir ki, hətta böyüklərin özlərini belə dərdləri ilə birlikdə ruhunda daşımağa qadirdir. Amma onun gücü də intəhasız deyil. Bəzən bu gücün kövrələn zamanın sazaqlarından solan anları da var. O, özünün qəmli havalarını için-için, dilsiz-dilsiz gözüylə oxumalı olur:
Uşaq qəlbim böyüklərin dərdi ilə yüklənərdi,
Uşaq qəlbim tez-tez qəmli havalarla köklənərdi.
Biz burada insanın iç dünyasını görürük. Professor Camal Mustafayev H.İsaxanlının poeziyasında, şeirlərində daşınan mənəvi yükün çəkisini və həm də xüsusi dəyərə malik çəkisini yüksək qiymətləndirir: “H.İsaxanlı az sözdə vəznli fikir ifadə etmək ustalığına malik şairdir”. Və əlbəttə, professorun Dədə Camalın dəqiq düstur şəklində ifadə olunmuş sözlərinə heç nə əlavə etməyə lüzum yoxdur. Amma onu deməyə ehtiyac var ki, az sözlə vəznli fikir ifadə etmək üçün gərək dili, mənsub olduğun xalqın təbiətini və əlbəttə ki, insanın mənəvi mühitinin dərinliklərində qərar tutan ruhunu biləsən.
H.İsaxanlının çox güman ki, moskvalı həmkarlarından, tədqiqatçılarından biri də onun dərin psixologizm ustası olduğunu yaxşı duya bilib:
“H.İsaxanlı öz poeziyasında lirikanın, incə psixologizmin, bədii güc və həyatın fəlsəfi dərkinin eyni dərəcədə, həmahəng səsləndiyi şeirlərində böyük ustalıqla insanın iç dünyasına nüfuz edir”1.
Beləcə, uşaq həqiqətinin dünya həqiqətinə çevrilməsi prosesi başa çatır. Cənubi Azərbaycan şairlərindən biri çox böyük səmimiyyətlə deyirdi: “Məni sən şair elədin, Vətən” (professor Sabir Nəbioğlunun tədqiqatlarından Ə.X.) yəni sənin dərdin şair elədi, sənin ağrın-acın mənim özümün ağrım-acıma çevrildi, ona görə şair oldum. Bir sözlə, səninlə yaşadım, səninlə yaşa doldum, sənə dəyən zərbələrin ağrısını özümdə duydum. Göründüyü kimi, bu duyğulanmaların hamısında Vətən dərdlə sinonimdir.
H.İsaxanlı hələ körpə uşaq ikən ağrılara düçar olub, bu ağrıların mahiyyətini anlayan şairdir:
Hələ körpə uşaq ikən
ağrılara düçar oldum.
Vaxtından tez böyüdüm mən,
uşaq ikən yaşa doldum.
Şairlər mənəvi səltənətin poeziyanın dili ilə danışan diplomatlarıdır. Ancaq gərək diplomat olana qədər mənəvi səltənətin hər bir insanın daxili aləmindən keçən sərhədlərini görə biləsən, duya biləsən, tanıya biləsən.
* * *
Cəmiyyətin mənəvi sistemi özünəməxsus və bütövlüyə malik dövlətdir.
Bu dövlətin elə əsasları var ki, onun uğrunda mübarizə aparmaq onu qorumaq, gələcək nəsillərə ötürmək və gələcək nəsillərin inkişafını həmin özüllər üzərində təmin etmək lazımdır. Əks təqdirdə, yəni cəmiyyətin mənəvi sistemini qorumadan bəşəri ahəngin özünü də qorumaq mümkün olmazdı. Demək, bu mənəvi dövlətin hakimiyyəti bütövlükdə bir sistem olaraq öz ölkəsini elə idarə etməlidir ki, onun ayrı-ayrı tərəflərinə, əsaslarına mənəvi sistemin ziddinə olan qüvvələrin mənfi təsiri olmasın, yaxud ən az itki ilə gələcəyə inteqrasiya olunsun.
AMEA-nın müxbir üzvü, professor, görkəmli alim Nizami Cəfərov Xalq şairi N.Həsənzadə yaradıcılığınının, təfəkkür sisteminin müxtəlif tərəfləri haqqında düşüncələrində bu məsələyə toxunur. Zənnimizcə, onun dəqiq və aydın müşahidəsində fikirləri oxucularımız üçün də maraqlı olar:
“Hər bir “diplomatiyalar”ın tüğyan elədiyi bir dövrdə “şair diplomatiyası”nın rolu, mövqeyi nədən ibarətdir? “Şair diplomatiyası” hər cür “diplomatiya”dan daha hümanistdir, daha demokratikdir, daha bəşəridir şair özü aldanmasa “aldada” bilməz, “aldanaraq aldatmaq” isə hər cür diplomatiyadan fərqli olaraq “şair diplomatiyası” əlamətidir. Və dünyanın böyükləri cərgəyə düzüləndə əvvəl peyğəmbərlər, onların arxasınca isə şairlər gəlirlər…”.1
Gələcək heç də bizdən uzaqda deyil. O, hər an bizə yaxındır və bir addımlıq məsafədə biz ona çatmaqdayıq. Təbiidir ki, demək, bu əlaqələr kəskin şəkildə ayrılmır. Mənəvi sistemin özünün hakimiyyəti, özünün qanunları, bu sistemin təbiətlə əlaqələri, ayrı-ayrı xalqların mənəvi mühitində yaşayan üstün və fərqli cəhətləri, bir sözlə, sanki dövlət olaraq onun “daxili və xarici” siyasəti var.
Mən mənəvi sistemin idarə olunmasında, onun ümumbəşəri dəyərlərinin gələcəyə ötürülməsində bu daxili və xarici siyasət diplomatlarının rolu əvəzsizdir. Bu mənada, şair, filosof elə həmin sistemin diplomatıdır. Əlbəttə, mənəvi sistemin ordusu olaraq müəllimləri, onun ruhunun, canının mühafizə edilməsində qayda-qanun keşikçilərinə həkimləri də fikrimizdən təcrid etmirik. Amma hər halda cəmiyyətin mənəvi sisteminin ümumi ahənginin qorunub gələcək nəsillərə ötürülməsində, onun xarici siyasətinin uğurunu təmin edən diplomatların şairlərin xidmətini qətiyyən inkar etmək olmaz. “Şairlik özünəməxsus bir diplomatiyadır”. Professor Nizami Cəfərovun fikrini enerji qaynağı kimi qəbul etsək deməliyik: onun fikrincə, N.Həsənzadə Azərbaycanın ən səmimi diplomatıdırsa, demək, onun ardıcılları da var. Və bu ardıcıllar sırasında H.İsaxanlı birincilərdəndir.

Ədəbiyyat:

Гамлет Исаханлы. “Контрасты”. “İzoqraf” nəşriyyatı. Moskva – 2007
Nəriman Həsənzadə,” Seçilmiş əsərləri”, “Şərq –Qərb” nəşriyyatı Bakı – 2004, s. 5
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.