Ürəklə ziyalı adlandıra biləcəyimiz Hamlet İsaxanlı

Ad günü münasibətilə
 

Hamlet İsaxanlı ürəklə ziyalı adlandıra biləcəyimiz tək-tük adamlardandır.

Mən onu, 20 ilə yaxındır ki, tanıyıram.

Xəzər Universitetinin əvvəl tələbəsi, sonra əməkdaşı olmuşam.

Hamlet müəllim Xəzər universitetini öz balası kimi sevir, ovcunda qoruyur, onu bütün çirkablardan uzaqda tutmağı bacarır.

Digər universitet rektorları koridorda gəzərkən mühafizəçiləri tələbə ilə rektor arasında bir sədd yaradanda, Hamlet İsaxanlı tələbələrin arasından keçib öz iş otağına gedir, dəhlizdə ona yaxınlaşan, dərdini deyən bütün tələbələri bir-bir dinləyirdi.

Sonralar, mən orada işləyəndə dəfələrlə iş otağımın qapısı qəfil döyülür, Hamlet müəllim gəlib oturub işdən, ədəbiyyatdan, həyatdan danışırdı.
Onun söhbətləri mənim üçün həmişə bir ustad dərsi olub.

Mən onu rəhmətlik Nailəxanımla birgə Əhmədlidəki balaca evimizə dəvət edəndə, heç ağlıma gəlməzdi ki, dəvətimi qəbul edər.

Onları evimizdə görmək bizim üçün o qədər xoş olmuşdu, onların söhbətindən o qədər zövq almışdıq ki, həmin gün yaşadığımız ən gözəl günlərin siyahısındadır.

Hamlet İsaxanlı qazandığı uğurlara, əldə etdiyi müvəffəqiyyətlərə rəğmən, heç vaxt məmurlaşmadı. Öz kövrək qəlbini, şair ruhunu həmişə təmiz saxladı.

Mövlud Süleymanlının kiçik oğlu Elayın toyu idi. Yan masada tanınmış adamlar, dövlət məmurları əyləşmişdi. Hamlet müəllim zala daxil olanda ona həmin masada yer göstərdilər. O bizə tərəf yaxınlaşanda məni gördü və ona yer göstərən adama gülümsəyərək “Mən öz işçimin yanında oturacam” dedi və gəlib mənim yanımda əyləşdi. Bu mənim üçün çox böyük insani keyfiyyətdir. Mənə görə həyatda ən gözəl nemətlərdən biri təvazökarlıqdır.

Hamlet İsaxanlını bu keyfiyyətlərinə görə özümə doğma bilirəm. O doğma adamdır, kövrək adamdır, ruh adamıdır.

Ad günün mübarək, böyük adam, şeir adam.

Onu ən sevdiyim öz şeirlərindən biri ilə təbrik edirəm.

 
Tək qalmaq istəyirəm
 
Yoruluram
Şəhərlərin hay‐küyündən,
Qaçmaq istəyirəm hərdən
İnsanlardan, bu gündən.

Bezirəm
Müdrik səbrdən,
Dünyanın gərdişinə dözümdən;
Uzaqlaşmaq istəyirəm
Özümdən.

Böyük‐böyük iclaslarda,
Haylı‐küylü məclislərdə 
Sevmirəm söz deməyi,
Ya boş sözü dinləməyi.

Əvəzində,
Düşünürəm xəfif‐xəfif…
Bu yandasa bir hərif
Kürsüdən yağdırır
Tərif, tərif, tərif.

Lüğətində yoxdur qürur,
Cümləsində çox azdır
Xoş mübtəda, yaxşı xəbər,
Amma sifət nə qədər…
Sifət, sifət…
Özümü ələ alıram,
Şeytana lənət.

İçimdə boğulur nifrət
ətək‐ətək,
tək qalmaq istəyirəm, tək.

Gündəlik qayğılar
Başımdan aşanda,
Dünyanın haqsızlığı
Aşıb, daşanda
Sıxır məni
Şövkət də, şan da,
Toy da, nişan da.

Qaçmaq istəyirəm
Gurultulu çal‐çağırdan,
Zəngindən, fağırdan.
O anda
Bir sadə tütək almaq
Və təklik havası çalmaq
Keçir ürəyimdən.

Gözlərimi yumuram
əlacsız qalanda.
Təkliyə cumuram
İlk imkanım olanda.

Təklik ‐ 
fikrimin süsləndiyi
ən uca yüksəklik.

Təklik –
xəyalımın bəsləndiyi
ən  xoş gerçəklik.

khazar.org