2024-cü il fevralın 21-23-də Tartu Universitetinin (Estoniya) koordinatorluq etdiyi və Xəzər Universitetinin də tərəfdaş olduğu “Şərq Tərəfdaşlığı Ölkələrində Universitetlərin Rəqəmsal Bacarıqlarının Artırılması” adlı ERASMUS+ layihəsinin ilk idarəetmə görüşü keçirilib.

Xəzər Universiteti İnkişaf Mərkəzinin təşkilatçılığı ilə hibrid baş tutan görüşdə həm Azərbaycandan (Xəzər Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Mingəçevir Dövlət Universiteti), həm də Avropadan (Tartu Universiteti-Estoniya,Qdansk Universiteti-Polşa, Primorska Universiteti-Sloveniya, Valensiya Politexnik Universiteti – İspaniya və Ukraynanın Zaporizhzhia Milli Universiteti ,Ternopil Volodymyr Hnatiuk Milli Pedaqoji Universiteti, Poltava V.G.Korolenko adına Milli Pedaqoji Universiteti, Vinnytsia Mykhailo Kotsiubynskyi Dövlət Pedaqoji Universiteti) olan tərəfdaş universitetlərin və assosiativ tərəfdaşların (Rarveke Linn, Koper, Tartu Linn uşaq bağçaları, MTU EdTech Estonia) nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi açılış hissəsində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı, Xəzər Universitetinin rektoru Dos. İradə Xəlilova, Milli ERASMUS+ ofisinin direktoru Pərviz Bağırov çıxış ediblər.

Üç günlük müzakirə müddətində layihə çərçivəsində nəzərdə tutulmuş işlərin planı, maliyyə məsələləri, hər bir tərəfdaş universitetin layihədəki rolu və cavabdeh olduğu işlər, potensial risk və onların həll olunması yolları müzakirə olunub, 6 aylıq və bir illik səfər planları müəyyənləşdirilib.

Layihənin əsas məqsədi müxtəlif təhsil müəssisələrində müəllimlərin (məktəbəqədər, ibtidai məktəb, orta məktəb, universitet) rəqəmsal bacarıqlarını artırmaq və təhsilin rəqəmsallaşdırılmasında Aİ yanaşmasını öyrənməkdən ibarətdir.

Xəzər Universitetinin milli koordinatoru olduğu 3 illik BEAUCOUP layihəsinin büdcəsi 1 milyon avrodur.

khazar.org