Əli Rza Xələfli
H.İsaxanlı istər poeziyasında, istər ədəbi-publisistik qeydlərində və istərsə də çıxışlarında özünü ifadə eləməyə çalışır. Bəlkə də, burada ilk baxış- dan “çalışır” hökmü yerinə düşmür. Daha çox uyğun gələn və həqiqəti özündə ehtiva edən budur ki, biz müəllifin özünü ifadə elədiyini, qeyd edəydik. Ancaq insan dünyası daim hərəkətdə olan düşüncədən asılıdır. Demək, insan düşünürsə, onun özünü ifadə eləməsi də başa çata bilməz. Olsa-olsa, özünü ifadə eləmə inadlı ola bilər, davamlı ola bilər.
Şairin, mütəfəkkirin özünü ifadə etməsinin də iki istiqaməti var. Bu özünü ifadəetmə subyektiv xarakter də daşıya bilər, obyektiv mahiyyət də kəsb edə bilər. Ancaq şairin mənəvi aləmində gedən proseslərdə təsdiq olu- nan bir həqiqəti yaddan çıxarmaq olmaz – obyektivliyin və subyektivliyin vəhdətini, sintezini. Şair subyektiv hisslərindən yaza bilər. Amma özünə- məxsus ümumiləşdirmə ilə həyatın obyektiv mahiyyətini son dərəcə dolğun və real cizgilərlə təqdim edər. Demək, H.İsaxanlının yaradıcılığı nə qədər subyektiv “mən”ə səmimiyyətlə söykənirsə, bir o qədər də həyatın obyektiv gerçəkliyinə söykənir. Və əslində, onun məqsədi bu gerçəkliyi təqdim et- məkdən ibarət olur. Həyata, tarixə yanaşmada, cəmiyyətə münasibətdə, mənsub olduğu xalqa münasibətdə, mütəfəkkirlər iki istiqamətə ayrılır. On- lardan bir qismi xalqın mənəvi aləmini özündə ehtiva edərək bu aləmin məntiqi tələblərini özünün tələbləri kimi qarşıya qoya bilər. Amma əslində, xalqın fikrini ifadə eləmiş olur. Bu məramı professor Nizami Cəfərov Bəx- tiyar Vahabzadə haqqında danışanda çox dəqiq bölgü ilə belə göstərib:
“Elə böyük şəxsiyyətlər olmuşdur ki, millətin iradəsini öz subyektiv məqsədlərinə yönəltməyə çalışmışlar – elə şəxsiyyətlər də olmuşdur ki, millətin tarixi ehtiyaclarını duyub, dərk edib, həmin ehtiyacların ödənilməsi istiqamətində ardıcıl fəaliyyət göstərmişlər”1.
Bu ikinci qisim şəxsiyyətlər elə ikinci qisim mütəfəkkirlərdir. Doğru- dur, burada görkəmli alim Vəxtiyar Vahabzadənin simasında daha çox si- yasi obrazın, mütəfəkkir filosofun, liderin xarakterini aşkarlayır. Bunu H.İsaxanlıya da aid etmək olar. H.İsaxanlı da mənsub olduğu etnosun ruhu- nun ehtiyaclarını dərindən duyur. Bu ehtiyacların hansı səbəblərdən yarandı- ğını yaxşı bilir, xüsusilə torpaqla bağlı, bir vaxt geniş ərazilərə halal sahiblik etmiş böyük türkün indi siyasət civarlarında küncə sıxışdırılmasını qəbul etmir. Bunun üçün ən əsas missiya vətəndaşlıqdır – şairlikdən də əvvəl, filo- sofluqdan da əvvəl və həmçinin siyasi liderlikdən də əvvəl. Biz H.İsaxanlı- nın poeziyasında, xüsusilə, “Ziyarət”də bağrının başı köz kimi qızaran, kö- zərən vətəndaşı görürük. O vətəndaşı ki, indi onun gücü qələminə, xalqın qəbul edə biləcəyi, başa düşəcəyi, anlayacağı bir dildə danışmağa çatır. Zən- nimcə, vətəndaş şair üçün mübarizənin yolu və özü də ən düzgün yolu elə bu- dur. Xalqı ətalətdən çıxarmaq, ona tarixi keçmişini yenidən dərs kimi öyrət- mək, mənəvi uyğusunun qarşısını almaq… bundan üstün xalqa xidmət yolu varmı? Görünür, elə bu səbəblərdən vətəndaşlıq mahiyyətinin daha əsas ol- duğunu nəzərə alan görkəmli alim N.Cəfərov fikrinə davam edərək bir az
da dəqiq və aydın hökmlər verir:
“Keçmişi də, gələcəyi də məhz “Vətən tarixi”nin səhifələri kimi və- rəqləyən” (Yaşar Qarayev) B.Vahabzadə vətəndaşlığın nə demək ol- duğunu həm özü, həm də millət üçün aydınlaşdırmağa çalışmaqla, mübaliğəsiz deyə bilərik ki, bu günə qədər bir institutun – “Vətəndaş- lıq institutu”nun işini görmüşdür. O, heç təsadüfi deyildir ki, ömür sə- hifələrini də “Vətən tarixi”nin səhifələri kimi vərəqləmişdir: “Dünyaya göz açdığımız zaman ilk dəfə ayağımızı basdığımız torpaq – Ana Və- təndir. Sonralar min ölkəyə gedə bilər, min ölkənin suyunu içib, hava- sını uda bilər, neçə-neçə torpağın müvəqqəti sakini ola bilərik. Lakin bu torpaqların, bu ölkələrin heç biri bizə doğma torpağımımzı əvəz edib Ana Vətən ola bilməz” ….
Göründüyü kimi, burada da müəllif öz fikirlərinin daha dəqiq, bəlkə də, ən düzgün variant olduğunu nəzərə qabarıq çatdırmaq üçün akademik Yaşar Qarayevin mülahizələrinə söykənmişdir. Demək, “Vətəndaşlıq institutu”nun aparıcısı şəxsiyyətin özündən əvvəl onun tapındığı mənəvi kriteriyalardır. Bu ölçülər, bu dəyərlər şəxsiyyətin mənəvi aləmində o qədər bitkin olmalı- dır ki, son nəticədə bütün çıxılmazlıqlarda düşüncə olaraq onun istiqamətini daha dəqiq saxlasın. Bu, sanki şəxsiyyətin mənəvi aləmində bir kompasdır.
Əlbəttə, söhbət şairdən gedirsə, özü də yaradıcılığı ilə istiqamətini çox- dan müəyyənləşdirmiş şairdən, yəni H.İsaxanlıdan danışırıqsa, demək, biz də onun yaradıcılığında vətəndaşlıq missiyasını hansı mənəvi köklər üstün- də qərarlaşdırmağına da daha çox diqqət yetirməliyik. Onun obrazları, tanı- dığı adamlar sanki yurdun keşikçisi olanlardır. Və onları da narahat edən əsas məsələ yurda kimin sahib çıxacağı məsələsidir. Dünyadan bu gözü tox adamlar dördəlli yapışmayıblar. Amma yurddan dördəlli yapışıblar. Bütün varlıqları ilə yurda bağlıdırlar. Onlar yaxşı bilir, insan cismən bir ömür ya- şamağa məhkumdur. Və onlar da öz paylarına düşən ömrü artıq yaşayıblar. İndi Yaddaş Sahibinə danışdıqları həmin nigarançılıqdan irəli gəlir – yurda kimin sahib çıxacağı nigarançılığından.
Həyatın gəldi-gedərliyini nə qədər aydın, nə qədər dəqiq, nə qədər düz- gün, iliyinə qədər dərk etməyin mahiyyətini artıq qocalmış, yaşlaşmış ana- nın dilindən dediyi “yaşadiğim mənə yetər!” hökmü göstərir:
Görün, mənə nələr dedi:
“Əl mənim, ətək sənindi. Oğul, bizləri unutma,
Bura sənin Vətənindi.
Yad eli qonaq qalsan da, Ürəyinə yaxın tutma,
Vətənsiz insan gün görməz. Misirdə sultan olsan da,
Vətənin yerini verməz.
Dünyadan gözü tox, dünya malında tamahı qalmayan, amma yurd niga- rançılığından üzülən ana (söhbət Yaddaş Sahibinin yurdun bütün mənəvi varlığını özündə əks etdirən obrazdan gedir. O obrazdan ki, onu bəzən mə- nəvi təpəri, qeyrəti, yurd təəssübkeşliyi yaşadan, ayaq üstə saxlayan bir qoca kişidir. Yaxud müəyyən məqamda bu obraz ümumiləşmiş bir anadır və yenə yurdun bütün ağrılarını, nigarançılıq dərdlərini özündə daşıyan bir qadındır. Hər iki halda biz onları yurdun özü kimi görürük. Ata yurd, Ana yurd an- lamlarında) övladı – Yaddaş Sahibini dərdə-ağrıya çəkir. Onu Vətənə çəkib gətirən hisslərin, duyğuların ifadəçisinə çevrilir. Bu hisslər, bu duyğular Yaddaş Sahibini uzaq Malayziyada rahat qoymurdu. Çünki onun özü də yaxşı bilirdi ki, “…Vətən yaxşı, Geyməyə kətan yaxşı, Gəzməyə qərib ölkə…” deyən babalarımız, nənələrimiz nəyi nəzərdə tuturdu. Təqdim olunan parça- nın mənəvi sələfi “Qürbətdə xan olunca, Vətənində dilən gəz”, – dədə-baba nəsihəti, vəsiyyətidir. Hətta şairin xalqdan gələn poetik deyimin alternativi olaraq, paralleli olaraq işlətdiyi ifadələr də (Vətənsiz insan gün görməz, Mi- sirdə sultan olsan da, Vətənin yerini verməz) misralara çevriləndə dərin təəssürat yaradır; bu dərin təəssürat, bu misralardan gələn əks-səda şairin mənəvi aləmində elə bir harmoniya, elə bir bitkin ovqat yaradır ki, bunu hə- yatın heç bir ötəri şirinliyi, maddi təminatı əvəz edə bilməz. Bu hissin yarat- dığı Vətənə çağırış ruhu elə bir istəkdir ki, onun qarşısı alınmazdır.
Ana yuxu görür və özü də öz yuxusunun qəribəliyi, qeyri-adiliyi yarat- dığı ağır təəssüratın təsirindədir. Daha bir bitkin lövhə, daha bir dəqiq və ay- dın mənzərə:
Sən bir mənim yuxuma bax:
Sarı bulaq, buz kimi su,
Yarpız, yasəmən qoxusu –
Dərə keçib dağ aşıram.
Dəli kimi axşam-sabah
Öz-özümlə danışıram.
Bir-birinə oğul-uşaq
“Anam qocalıb” deyirlər.
Buradakı adlar, tarixi yerlər, onomastik vahidlər yuxunun quş qanadlı xəyalla keçdiyi yerlər Vətənin əldən verilmiş yerləridir. Həmin yuxuda yad- daşa gələn Sarı bulaq (müəllif qeydində oxuyuruq:
“Ermənistanın şimalında Qaraxaç yaylağı adlanan dağ yerində, Gürcüstandan yaylağa gələn azərbaycanlıların seçdiyi yerlərdən birində məşhur bulaq” sanki Koroğlu dastanındakı Qoşabulaqdır. Elə bil ki, yeni nəsillərin gü- cü, qüdrəti o bulağın suyundadır. O bulağa dönə bilmək, o bulağın çağladıyı yerlərin təzədən sahibi olmaq üçün vətənin qıraqda qalan yerlərinin adamları yox, bu gün dünyaya səpələnmiş azərbaycanlıların dərdi, istəyi, həll edə biləcəyi problem olmalıdır.
…Müəllifin şeirdə obraza çevirdiyi “Sarı bulaq”, “buz kimi su”, “yar- pız”, “yasəmən qoxusu” obrazları gözümüzü doyurur deməzdim, gözümüzün üstündə qaysaq bağlamış həsrət pərdəsini qoparıb atır, ruhumuzu didib-qa- nadır, yaddaşımızı oyadır. Yeri gəlmişkən, müəllifin nəzərinə çatdırmaq olar ki, yaylaq yerinin, xüsusilə buz kimi suların çağladığı bulağın, yarpızlığın, əvəlikliyin ətri, bihuşdarı kimi insanı məst edən kəklikotu çiçəklərinin, çay- çiçəyinin, qantəpərin, lilparın, qazayağının, quzuqulağın… olduğu yerlərdə “yasəmənin qoxusu” yox, “çiyələyin qoxusu” məntiqi, mənzərəni daha yaxşı tamamlayır.
Bu ecazkar yuxunun, bu yaddaşı qanadan yuxunun, bu varlığımızı, ru- humuzu titrədən yuxunun sahibinin yuxusunu yozmalı olanlar – özü də bü- tün çılpaqlığı ilə, bütün mənəvi tələbləri ilə düzgün yozmalı olanlar “anamız qocalıb” deyirlər. Ana isə heç bir dəlil, sübut gətirmədən nə cavab verməli- dirsə, özü də dünyanın bütün filosofları, müdrikləri yığışıb başqa bir va- riantda verə bilməyəcəyi cavabı verir:
Qocalıqdan deyil, vallah, Yuxuma girir o yerlər.
Ananın ruhu aram ola bilməz. Çünki dünya təlatümdədir. Bu təlatümün içində onun da sərhədlərə bölünüb hərənin bir tərəfdə ağalıq elədiyi, haram sahiblik elədiyi yerlər də od içindədir. Yurdun timsalı olan müdrik Yaddaş Sahibinin bildiyi həqiqətləri deyir. Ancaq çox böyük inamla, ağrı ilə deyir. Özündən qalan özündən sonra qalanlara nəyi əmanətləməlidirsə, nəyi tapşır- malıdırsa, onu deyir. Və H.İsaxanlının misralarının arasından Qarabağın alovları da görünür. Uzaq Borçalıda görünən bu alovlar kənar, yad yerin yanğısı deyil, axı dədə-babadan “yurdun bu başı, o başı olmaz”, – deyiblər. Sanki yurdun özü danışır:
Kimdisə o ömrü gödək, Gərək dünəndən öləydi.
Çörəyə haram qatdılar, Dünya bir-birinə dəydi. Davanı çox uzatdılar – Dəli quyuya daş atdı, Ağıllıya iş yaratdı.
Müəllifin misralarının altında yatmış məna – çox uzadılan davanı Ermə- nistan-Azərbaycan-Dağlıq Qarabağ davasını təqdim edir – bir qədər də iro- nik, müəllifin özünün təəssüfünü daşıyan ağrı-acı illətinə çevrilmiş dərdini göstərir. Vaxtilə qabağı alınmalı olan zəhərli ilanın hələ bala olduğu mə- qamda boğulmalı olub boğulmadığını, bəlaya çevrildiyini yada salır. Hər halda, müəllif bir humanist kimi, böyük hərflə yazılacaq insan obrazı olaraq Yaddaş Sahibinə imkan verir ki, dünyanın və əslində, bütün dünya sakinləri- nin taleyinə də acısın. Əlbəttə, taleyinə acıdığı millətlərdən biri də erməni- dir. Erməni faşist partiyası öz xalqını bəlaya salıb. Sonu görünməyən, nəti- cəsi bilinməyəcək bəlaların girdabına atıb. Və əslində, Yaddaş Sahibinin də demək istədikləri elə budur. Amma son nəticədə həyatı, mənəvi aləmi tarixi yerlərlə bağlı olan Borçalı elləri daha Qaraxaç yaylağına gedə bilmir. Ermə- ni faşizmi insanlığa gedən mənəvi yolların gözəgörünməz bağlarını kəsdiyi kimi, yaylağa gedən yolların da qabağını kəsib:
Bu nə dərddi, nə azardı?! Millət bir-birini qırdı. Yaxşı günlərimiz vardı, Aranı kim qarışdırdı?
Bayaqdan müəllifin sanki təhkiyə ilə, acı bir hekayə kimi danışdığı tarix birdən-birə daha da emosionallaşır, yüksək poetik yük götürür. Və əsl poe- ziya örnəyinə çevrilir:
Nə gedən var, nə qayıdan, Yolların yükü azalıb,
Nə köçən var, nə yurd salan, Dağlar intizarda qalıb.
Bu dörd misrada poetik əhval o qədər güclüdür ki, sanki əsərin özü qə- dər ağrı və yük daşıyır. Yaddaş Sahibinin bütün varlığı, mənəvi aləminin bütün zənginliyi, onun çiyinlərində daşıdığı yükün ağırlığı, dərdləri, ağrıları, acıları sanki bu dörd misrada ifadə olunub. Təsadüfi deyil ki, elə bu dörd misranın yaratdığı əhval inkişafın növbəti məqamında sanki zərgər əli ilə işlənmiş bayatı-incilərə çevrilir.
Görkəmli filosof Camal Mustafayev də H.İsaxanlının “Ziyarət” poema- sındakı bayatıların ovqatını, bu ovqatın yaratdığı dərin təəssüratı yaddan çı- xarmır:
“Bu qadın əmin-amanlıq istəyir; Qarabağ müharibəsinə bais olan kim- sələrə lənət oxuyur. Müharibədən əvvəl yay mövsümündə elimizin Qaraxaç yaylağına (indiki Ermənistanın) yolları bağlanıb; dağa gedib- gələn yoxdur. Bu söhbətlə bağlı H.İsaxanlı neçə bayatı yazıb. Həmin mövzunun rolunu bu bayatı yaxşı ifadə edir:
Dağlar darda qalıbdır, Başı qarda qalıbdır. Gözümün nuru, dağlar, Nurun harda qalıbdır?..”1
Camal dədə (onu Azərbaycan mənəvi mühitində “Dədə Camal” adlan- dırırlar) çox doğru olaraq bir neçə kəlmə ilə mövzunun mahiyyətini özündə ifadə edən, mövzunun daşıdığı ağrını özündə daşıyan bayatını nümunə kimi göstərir. Hətta, o bayatını ki, orada Yaddaş Sahibi bir rəssam qüdrəti ilə mənzərə yaradır: “Dağlar darda qalıbdır, Başı qarda qalıbdır”. Əslində, professorun diqqətini çəkən canlandırılmış, ölüm-dirim savaşında girov gö- türülmüş dağların darda qalmasıdır. Əgər o dağlar girovdursa, əsirdirsə, onun azadlığı əlindən alınıbsa və hətta Yaddaş Sahibinin özünün belə ona əli çatmırsa, demək, Yaddaş Sahibinin gözünün nuru itib. Çünki bu nurun, bu işığın mənbəyi o dağlar idi. Cavab və sual Yaddaş Sahibinin Ən böyük mənəvi problemi elə bu sualın və cavabın arasındakı ağrıdır: “Gözümün nu- ru dağlar, Nurun harda qalıbdır?“.
Bayatılar Azərbaycan xalqının ən dəqiq mənəvi tarixidir. Tarixi yaralar olmasaydı, bəlkə, heç bayatılar da yarana bilməzdi. Filologiya elmləri dok- toru, professor Sevil Mehdiyeva Azərbaycan xalqının təfəkkürünün mənəvi inkişaf yolunu “Bayatıdan dastana” istiqamətində görür. Və bu istiqamətdə bayatının daşıdığı tarixi yükün mahiyyətini belə aşkarlayır:
“Deməli, “xalqın tarixi sadəcə tarix olaraq qalmamış, həm də şeirə, bayatıya çevrilmişdir. Ayrı-ayrı yüzilliklərin mühüm hadisələri ilə səsləşən bayatılar onu yaradanların həyatında dərin iz buraxan sarsın- tıları yada salır, ötən günlərimizdən xəbər verir” (İsrafil Abbasov). Ba- yatılarda işlənmiş boyat, xəzər, hun, ərəb, tatar etnonimləri həmin ba- yatıların ən azı XIII əsrə qədərki Azərbaycan xalqının ictimai-siyasi həyatında baş vermiş hadisələrlə, yəni Azərbaycanda ərəb işğalı, tatar- monqol zülmü, boyat qəbilə-tayfa çəkişmələrilə əlaqədar yarandığını nümayiş etdirir. Bununla belə, bu bayatıların leksik-qrammatik quru- luşu, habelə poetik qəlibləri və janr xüsusiyyətləri dövrümüzdə işlən- məkdə olan bayatı növlərindən seçilmir. Deməli, bayatıların xalq di- lində işlək bir janr olması onların illərin imtahanından keçib günümü- zə əsasən, toxunulmaz çatmasına imkan vermişdir. Bu bayatılarda iş- lənmiş modellər, ifadə formaları ən azı 9-10 əsr bundan əvvəl yaran- mışdır.
Artıq elmi ədəbiyyatda belə bir fikir özünə yer tapmalıdır ki, “Azər- baycan xalqının etnogenezində böyük rol oynamış və eramızın birinci minilliyində Azərbaycanda yaşamış hunlar, xəzərlər, qıpçaqlar, avar- lar, savirlər və başqa türk-oğuz tayfalarının yazısı olmasa da, onların ana dilində zəngin şifahi ədəbiyyat nümunələri olmuş və bu günə qə- dər gəlib çıxmış bayatıların, laylaların, ağıların çoxu o dövrdə yaran- mışdır”. (Vaqif Aslanov). Bu, həm də o deməkdir ki, “bayatılar islam– dan qabaqkı türk ədəbiyyatında türk şeirinin milli şəklini təşkil etmişdir. Özgə sözlə, bayatı – “mani biçimini dünya ədəbiyyatı tarixində əzəl bir nəzm şəkli olduğunu qəbul etmək lazımdır” (Nizami Xudiyev)1.
Və özü də bu düşüncələrində Azərbaycanın görkəm li folklor-dil tarixi araşdırıcılarının mühakimələrinə əsaslanır. “Folklorun bədii təfəkkürün ilki” (Ağamusa Axundov) olduğu tezisini şübhəsiz ki, qəbul etməliyik. Və elə bu tezisin dayaqları üzərində ucalan mənəvi sarayın zəngin aləminə daxil olma- lıyıq. Zənnimizcə, H.İsaxanlını fikrini ifadə etmək üçün və əlbəttə, nəticədə özünü ifadə etmək üçün “Ziyarət” poemasında bayatıya gətirən yol budur, bayatının tarix, tarixi həqiqət mahiyyəti daşıması səbəbidir.
H.İsaxanlının poeziyasının və eləcə də “Ziyarət” poemasının bir əsas xüsusiyyətini diqqətə çəkməyə ehtiyac var; o, demək olar ki, seçdiyi obrazı poetikləşdirərkən ona romantik qanadlar verməyə cəhd eləmir. Onun başının göylərə dəyməsindən, ayağının yerin təkinə qədər işləməsindən danışmır, sanki tərənnüm məqsədi deyil. Sadəcə, daha çox dinləməyə üstünlük verir. Üz-üzə dayandığı, qarşılaşdığı adamın, təbiətin, dağın, çayın, uşağın, böyü- yün, qocanın, cavanın mənəvi aləminə diqqət göstərir. Onun daxili dünya- sında, psixolojisində hansı düşüncələrin cərəyan etdiyini, hansı zəddiyyətlə- rin toqquşduğunu görməyə çalışır. Gördüklərini, hiss etdiklərini, duyduqla- rını, bir sözlə, aşkar edə bildiklərini, özü üçün aydın olanları sözə gətirməyə çalışır. Ona görə də H.İsaxanlının əsərlərindəki obrazların daxili hərəkəti, düşüncə hərəkəti daha çox görünür. Və etiraf etmək lazımdır ki, bu da onun yaradıcılığının səmimiyyətini təmin edən əsas keyfiyyətə çevrilir. Artıq ki- fayət qədər danışdığımız, haqqında məlumat verdiyimiz “Bir vaxtın gözəli”– nin üstündən yellər əsmiş, zamanı, dövranı sovuşmuş qadının analıq haqqını və özü də yurda analıq haqqını qoruyub saxlamış müəllifin özünün təbirincə desək, gözəlliyi qocalmış və “yaşadığım mənə yetər” qənaətinə gəlib çatmış obrazın daxili aləminin mənzərəsi onun dilindən səslənən bayatılarda bütün əlvanlığı ilə göz oxşayır:
Tanrım, ruhum şikəstdir, Qara yeli az əsdir.
Təzədən dərd paylama, Dərdim özümə bəsdir.
Amma maraqlıdır ki, o, Tanrıya üz tutanda qəlbinin şikəstliyini yada sa- lır, başqa sözlə, buna canlı dildə “könlü sınıqdır” deyirlər. Çünki onun zə- manəsinin üstündən qara yellər çox əsib. Özü də o qara yellər çox böyük sə- xavətlə qucaq-qucaq dərd paylayıb. İndi də o könlü sınıq insan, qanadı qırıq quş az qala Tanrıya yalvarır. Və öz dərdinin özünə bəs olduğunu deyir. Ona görə ki, bu dərd – onun qəlbindəki dərd elə Tanrının payladığı dərddir. O dərd insanları arxasız qoyub, köməksiz qoyub, o dərd elin qürurunu sındırıb. Yağı topsuz-tüfəngsiz onun ruhunu yağmalayıb və bu qədər dərdlərin ara- sında onun dözümünə bax ki, yenə də dözüm göstərir, haqqının nəyə çatdığını bilir və ən başlıcası, onu da bilir ki, kiminlə üz-üzə dayanıb, öz dərdini kimə deyir? Dünyanın işığı, göyün günəşi onu məsud eləmir. Çünki bu işıq, bu nur onun təmsil elədiyi yurdun, bu yurdun sahiblərinin qəlbinə, mənəvi aləminə gedib çatmır:
Məsud etmir nur məni,
Kədərim boğur məni.
Tanrım, səndən ricam var:
Təzədən yoğur məni.
Belə çıxır ki, zəmanənin, dövranın kələfi qarışıb, bu dolaşıq aləmdən, bu kələfi qarışmış dünyadan daha heç nə ummur, daha heç nəyin təmənna- sında deyil. Yada salaq qədim yunan mifologiyasını. Ədalət ilahəsinin göz- ləri bağlıdır. Amma o, yenə görür və haqqı-ədaləti qoruyur.
“Hər necə olursa-olsun, amma bütöv görmə obrazının inkişafında yeni obraz meydana gəlir. Bu, korluq obrazıdır ki, özünü bütöv obrazın mənalar əyrisi üzrə hərəkəti istiqamətində yeni bildirmələr fazası kimi tanıtdırır”1
Beləcə, Tanrıdan özünü təzədən yoğurmağı rica eləyən “Tanrının gözü- nün bağlı olduğunu” (özü də söhbət hansı gözdən gedir) bilir. Bütün fəsad- ların da buradan törəndiyini diqqətə çəkir. Doğrudur, nəzəriyyəçi həmin korluqda femidanın gözlərindəki sarğının ikili mahiyyətini yada salır. Elə mifin cazibəsindən çıxıb həqiqətə qayıtsaq, biz də deməliyik ki, Tanrının da dünyaya ikili nəzəri var. Əslində, həyatın bütün ağrı-acılarını öz ömründə yaşamış olan həmin ana da bu ikili münasibətə üsyan eləyir. Maraqlıdır ki, özünün və əlbəttə ki, həm də yurdun ağrı-acılarını bayatılarının içərisində yoğurub sənədə-sübuta çevirən obraz – ana son anda Tanrının göndərdiyi adamın – Yaddaş Sahibinin hüzurunda özünü günahkar hesab edir. Və gü- nahını da qocalmağında görür. İndi əldən düşdüyünü yada salır və bəlkə, elə bu səbəbdən onun şikayətlənməyi yerində deyil – özü-özündən şübhələnir. Yaddaş Sahibinə axıracan ürəyinin dərinlikdərindən gələnlərin hamısını de- yib-demədiyini elə düşüncəsində saf-çürük edir. Bu çək-çevirin görüntüləri onun etiraflarında da hiss olunur:
Eh, tamam əldən düşmüşəm,
Durduğum yerdə çaşıram.
Yumaq kimi büzüşmüşəm,
Əl-ayağa dolaşıram.
Qeyd elədik ki, H.İsaxanlının obrazlarında daxili hərəkət daha güclü- dür. O, daim suallar qarşısındadır. Özünün daxili aləmindən gələn suallara elə özü cavab tapmağa çalışır. Müəllif düşüncələri obrazların təbiətinə uy- ğun verir. Kim necə düşünə bilərdisə, kim hansı səviyyədədirsə, elə o cür, sanki həmin ifadələrlə sözlərin düzümünü yaradır. Sadəcə, poetik əhvalını əlavə etməklə, poetik formanın donunu dəqiq biçməklə.
Xalq arasında dünyanın sahibi kimi daha çox Süleyman peyğəmbər hal- lanır, daha çox onun adı ilə dünya hakimiyyətinin obrazı yada salınır. Bu obrazın özü də nisbilik mahiyyəti daşıyır. Və məşhur əfsanədə deyildiyi ki- mi “Süleymandan qalan dünya”nın (hansı Süleyman?) kimə qalacağını təsa- düfi yada salmır. Və elə müəllifin özü də sanki həmin əfsanəyə işarə edir:
Süleymandan qalan dünya Kiminkidir, kimə qalıb?!
Misranın əvvəlində dünyanın Süleymandan qaldığını desə də, ikincisin- də də onun kiminki olacağını, kimə qalacağını elə dünyanın öz ixtiyarına buraxır. Yəni əsərdə dünyagirlikdən, mənimsəmək istəyindən söhbət getmir. Yurdu qoruyub-saxlamağın, yurdu gələcək nəsillərə ötürməyin, tapşırmağın mahiyyətindən danışılır, məsuliyyətindən danışılır. Yurd – ana sanki özünə qayıdır. Bu dünyanın gəldi-gedərinə sahib çıxacaq bir kəsin olacağına da inanır. Elə sadəcə, özünün qocalıb əldən düşdüyündən, ömrünün tük kimi yuxalmasından, ürəyinin ondan da betər incəlməsindən, əzrayılın üstünü al- masından və yaşadığının ona yetərli olduğundan danışır. Bütün bu acımala- rın kövrəlmələrin kökünü elə bu səbəblərdən dolayı bildirir. Müəllif onun düşüncələrini elə özünün təbiətinə uyğun qələmə gətirir:
Ömrüm tük kimi yuxalıb, Ürəyim ondan da betər. Əzrayıl üstümü alıb,
Yaşadığım mənə yetər.
… və uğurla da sona çatdırır. Deyəsən, biz o Yurd-Ananı tanıdıq. Bir vaxt onu Göyçədə də görmüşük, iki yüz il əvvəl Təbrizdə də görmüşük, Dərbənddəki iniltilərinin sorağına getməmişik. Elə iyirmi il bundan əvvəl həmin Yurd-Ana Qarabağın indi ocağı qaralmış yurdlarının üstündə dayanıb yarımintizar, yarımşübhə, yarıminam… dili ilə bunları demirdimi? Və sonda H.İsaxanlı bütün bu mənəvi iztirabların yekunu olaraq bir dördlüklə fikrini tamamlayır:
İnsan ömür sürüb yaşa dolanda,
Xatirələr solub kövrək olanda.
Güc qalarmı canda? Təbiətə bax –
Torpaq da bozarır güllər solanda.
Yaşın, düşüncənin xatirələrlə yaşayan insanın mənəvi aləminin ömrü- nün son çağlarını yaşayan zamanla harmoniyası bu dördlükdə çox aydın gö- rünür və müəllif çox qəribə bir analoq yaradır; güllərin solması ilə, baharın ötməsi ilə təbiət bozarır, torpaq rəngini dəyişir. Elə bu ahəngin özündə biz yaşının zirvəsindən dayanıb özünün dünyaya gəl-gəl deyən zamanına boylanan obrazı da görürük.
Ədəbiyyat:
Nizami Cəfərov. Seçilmiş əsərləri. (5 cilddə), cild 2, Bakı, 2007, s. 177.
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı. Bakı , 2009, s.96.
C.Mustafayev.”Ata ocağı”. “Xəzər Xəbər” jurnalı, 2010 Noyabr , № 290, s.26.
Sevil Mehdiyeva.”Bayatıdan dastana”. Bakı, 2010, s.23.
Y.E.Qolosovker. “Mifin məntiqi”. Kitab aləmi. Bakı , 2006, s. 78.
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.