2024-cü il yanvarın 6-da Xəzər Universitetinin təşkilatçılığı ilə Bakıda Türkiyənin nüfuzlu CNN Türk, Kanal D, “Hürriyet”, “Milliyet” kimi media qurumlarını tərkibində birləşdirən Demirören Medya`dan gələn heyətlə Azərbaycanın bir qrup dövlət adamları və alimlərinin görüşü olub. Türkiyənin Azərbaycandakı səfiri Doç.Dr. Cahit Bağcı, səfirliyin mədəniyyət müşaviri Prof. Dr. Muhittin Macidin də iştirak etdiyi görüşdə Demirören qrupunun hazırladığı, İstanbulda çap olunmuş “Karabağ Sana Kavuştuk” kitabının təqdimatı da keçirilib.

Tədbirdə kitabda məqalələri yer alan Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı və Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri Dos. Telman Nüsrətoğlu da iştirak ediblər. Prof.Akad. Hamlet İsaxanlı kitabın önəmi, Qarabağın işğaldan azad edilməsi prosesinin region üçün tarixi əhəmiyyəti, Türkiyə-Azərbaycan qardaşlığının bu zəfərin əldə edilməsindəki rolu ilə bağlı geniş çıxış edib.

Sonda Türkiyənin Azərbaycandakı səfirliyinin və Demirören Medya`nın təmsilçiləri qonaqlara kitablar təqdim ediblər.

khazar.org