2023-cü il noyabrın 3-də Pekin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti “Dünya” məktəbində olmuşdur. Şuranın sədr müavini Zhang Jiaming`ın başçılıq etdiyi nümayəndə heyətinə
Şuranın Baş katibinin müavini, Tədqiqatlar şöbəsinin müdiri Chen Xu, Şuranın Baş katibinin müavini, Kadrlar və kommunikasiyalar şöbəsinin müdiri Yang Jinghui, Şuranın Təhsil, Səhiyyə, Fiziki tərbiyə, Mədəniyyət, Ədəbiyyat və Tarix Komitəsinin rəhbəri Chen Dong, Şuranın Syanqan, Aomen, Tayvan, Mühacirlər və Xarici Siyasət İşləri Komitəsinin sədr müavini Zang Likun və Pekin Xarici İşlər İdarəsinin əməkdaşı Chen Jingmin daxil idi. Nümayəndə heyətini Çinin Azərbaycandakı səfirliyinin əməkdaşları Su Tsin və Xie Yilin müşayiət etmişlər.
Qonaqlar məktəbin ümumi təhsil formatı və təhsil sistemi ilə maraqlanmışlar. Məktəbdə idman və mədəniyyətin tədrisi ilə bağlı suallar vermiş, məktəbin idman kompleksini gəzmişlər. Onlar“Dünya” məktəbinin həmtəsisçisi olmuş Nailəxanım İsayevanın xatirəsini əbədiləşdirmək üçün yaradılmış Nailəxanım Muzeyinin eksponatlarına baxmışlar.
Sonra qonaqlar məktəbin “İnciçiçəyi” salonunda məktəbin IB bölməsinin müəllim və şagird heyəti tərəfindən hazırlanmış musiqili-bədii tədbirdə iştirak etmişlər. Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı qonaqları salamlamış, məktəb haqqında ümumi məlumat vermişdir. Çin səfiri Qo Min çıxış edərək, məktəb haqqında xoş təəssüratlarını bildirmişdir.
Nümayəndə heyətinin başçısı, Pekin Xalq Siyasi Məşvərət Şurasının sədr müavini Zhang Jiaming vətənə qayıtdıqdan sonra Xəzər Universitetinə təşəkkür məktubu göndərmişdir.
Azərbaycan Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən
“Dünya” məktəbinin yaradıcısı cənab Hamlet İsaxanlıya
Hörmətli cənab Hamlet İsaxanlı!
Məlumat üçün bildirirəm ki, Azərbaycana rəsmi səfəri başa vuran nümayəndə heyətimiz artıq Pekinə dönüb. Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən “Dünya Məktəbi”nizə səfər zamanı Siz prorektor Rəşid Cəfərovla birlikdə nümayəndə heyətimizi layiqincə müşayiət etdiniz. Fürsətdən istifadə edərək göstərdiyiniz diqqət və ehtirama görə Sizə və kollektivinizin hər bir üzvünə öz dərin təşəkkürümü ifadə edirəm!
Görüş ərəfəsində biz Sizinlə ətraflı fikir mübadiləsi apardıq. Təhsil ocağınızda mədəniyyət, idman və başqa fənlərin tədris prosesini diqqətlə izlədim. Sonra biz Sizinlə təhsil konsepsiyası, tədris planı, məktəblilərin fiziki, psixoloji hazırlığı ilə bağlı söhbət apardıq və əhəmiyyətli razılaşmalar əldə etdik. Məktəb kollektivinin məharətlə təqdim etdiyi bədii çıxışlarda Çin və Azərbaycan mədəniyyətlərinin oxşar elementləri məni və nümayəndə heyətimizi məmnun etdi.
Düşünürəm ki, bu səfər Sizin məktəblə Pekin məktəbi arasında dostluq əlaqələrinin qurulmasına əsaslı zəmin yaradaraq bütövlükdə Bakı və Pekin arasında qarşılıqlı təhsil mübadilələrinin aparılmasında mühüm rol oynayacaqdır.
Sizin üçün münasib bir vaxtda Pekinə səfər etməyinizi xahiş edirəm! Sizə və rəhbərlik etdiyiniz kollektivin hər bir üzvünə cansağlığı və gələcək fəaliyyətinizdə daha böyük uğurlara imza atmağı arzulayıram!
Dərin hörmət və ehtiramla,
Zhang Jiaming,
Pekin Xalq Siyasi Məşvərət Şurasının sədr müavini
13 Noyabr 2023-cü il