2023-cü il noyabrın 21-də Xəzər Universiteti Elmi Şurasının növbəti iclası keçirildi. İclası universitetin rektoru Dos. İradə Xəlilova açaraq, gündəlikdə duran məsələləri Elmi Şura üzvlərinin nəzərinə çatdırdı.
Öncə rektor Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədovanın öz təşəbbüsü ilə vəzifəsindən azad olunduğunu şura üzvlərinin diqqətinə çatdıraraq, ona gələcək fəaliyyətində uğurlar dilədi. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı Elza Səmədovanın Xəzər Universitetindəki uzunmüddətli səmərəli fəaliyyəti ilə bağlı məlumat verdi və ona Xəzər Universiteti adından təşəkkür plaketi təqdim etdi.
Sonra gündəliyin birinci məsələsi kimi iclasın sədri Elmi Şura üzvlərinə Xəzər Universitetində elmi-tədqiqat mərkəzlərinin yaradılması ilə bağlı əmr haqqında məlumat verdi və hər bir departament müdirinə bu məsələ ilə bağlı ciddi iş görməsini tapşırdı. Bu məsələ ilə professor Hamlet İsaxanlının şəxsən məşğul olduğunu və onun bütün təkliflərə açıq olduğunu diqqətə çatdırdı.
İkinci məsələ olan proqram akkreditasiyasına hazırlıq işi ilə bağlı sədr Elmi Şura üzvlərini ətraflı məlumatlandırdı və departament müdirlərinə aidiyyatı üzrə müəyyən tapşırıqlar verdi. Məsələ ilə bağlı şura üzvləri arasında müzakirə aparıldı və müvafiq təkliflər irəli sürüldü.
Sədr gündəlikdəki üçüncü məsələ olan dissertantların dissertasiya mövzularının Problem Şurasından verilən sertifikatlara əsasən təsdiqlənməsi barədə fikrini ifadə etdi. Bu məsələ ətraflı müzakirə olundu.
Dördüncü məsələ olan fəlsəfə doktorluğu proqramı üzrə hazırlanan minimum imtahan proqramları haqqında məlumat vermək üçün iclasın sədri sözü elmi katibə verdi. Elmi katib hər bir proqram haqqında geniş şərh verdi. Elmi Şura üzvləri tərəfindən proqramların tərtibatı ilə əlaqədar bir çox təkliflər irəli sürüldü.
Elmi şuranın gündəliyindəki bütün məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi.