2023-cü il sentyabrın 26-da Xəzər Universitetinin Mərkəz kampusunda Fikrət Əmirov Konfrans-Konsert Mərkəzində Latviyanın EUNIC-ə sədrliyi çərçivəsində Xəzər Universiteti və Latviyanın Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən Avropa Dilləri Günü münasibətilə tədbir təşkil olunmuşdu. Tədbirdə Xəzər Universitetinin və Latviya səfirliyinin rəhbərliyi və əməkdaşları, tələbələr, həmçinin Azərbaycanda diplomatik xidmətdə olan səfirlər və onların nümayəndələri iştirak edirdilər.

Tədbirin aparıcıları Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin müəllimləri Tamella Məmmədli və Sonası Vəliyeva idi. Tədbir Xəzər Universitetinin Kamera orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin və Avropa Himninin ifası ilə başlandı.

Sonra Xəzər Universiteti “Dünya” məktəbinin şagirdləri iştirakçıları Avropanın 21 dilində salamladılar.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı, universitetin rektoru Dos. İradə Xəlilova və Latviya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daynis Qarançs çıxış edərək, belə tədbirlərin qeyd olunmasının xalqlar arasında əlaqə və ünsiyyət yaranmasında böyük önəmini vurğuladılar.

Avropa himninin müxtəlif dillərdə videolenti nümayiş olundu.

Daha sonra hər ölkənin nümayəndələri tərəfindən iştirakçılar ilə birlikdə interaktiv oyunlar keçirildi. Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin Filologiya ixtisasının tələbələri Şayəstə Məlekan, Fatimə Əliyeva və Rəmalə Həsənova tərəfindən “Hind-Avropa dilləri“ mövzusunda maraqlı təqdimatla çıxış etdilər. Tədbir iştirakçıları müxtəlif ölkələrin adət-ənənələrini əks etdirən rəmz və bukletlərin olduğu stendlərə də baxdılar.

Qeyd edək ki, Avropa Dilləri Günü hər il sentyabrın 26-da Avropada və digər ölkələrdə keçirilən bayramdır. 2001-ci il dekabrın 6-da Avropa Şurası tərəfindən təsis edilib.

khazar.org