Tədbir haqqında AZƏRTAC-ın xəbərini təqdim edirik 

2022-ci il aprelin 2-də Xəzər Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı günü ilə bağlı “Əbədi Birlik” Gənclər İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Yazıçılar klubu”nun “Şəhid ruhlar eşqinə” adlı tədbiri keçirilib. Ev sahiblərindən başqa Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Mühəndislik Universiteti və başqa ali təhsil ocaqlarının qatıldığı tədbirdə şəhid Oktay Səfərovun anası Zülfiyyə Səfərova, millət vəkilləri Vüqar İskəndərov və Naqif Həmzəyev də iştirak edib.

Anım mərasimini giriş sözü ilə açan Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı bildirib ki, 1918-ci il 31mart – 3 aprel tarixlərində Bakı soveti və onların işğalçı-cəza qüvvələrinə qarışan daşnaksütyunçular tərəfindən törədilmiş kütləvi qırğınların hamıya məlum dəhşətli tarixçəsindən geniş danışılmayacaq, amma həmin günlərin mənzərəsini əks etdirməyə çalışan tələbələrin hazırladıqları səhnəciklər nümayiş etdiriləcək. Q.Əzizxanlı “Azərbaycan Araşdırmaları Jurnalı”nda (Journal of Azerbaijani Studies) professor Hamlet İsaxanlının həmmüəllifi olduğu “Erməni terrorizmi və Azərbaycanda türk-müsəlman genosidi” adlı məqaləsinin ingiliscə dərc edilməsindən sonra ABŞ-ın Nevada ştatınnın qubernatoru Cim Qibbons`un ABŞ hökumət dairələrində ilk dəfə mart ayının 31-ni “Azərbaycanlıların Anım Günü” elan etdiyini də vurğulayıb.

Vüqar İskəndərov bolşeviklərin böyük dövlətçilik siyasətinin labüd nəticəsi olan soyqırımı Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd adlandırıb. O, çıxışında daha çox çağdaş Azərbaycan gəncliyinin qarşısında duran vəzifələrə toxunaraq, gənclərin vətənpərvər kimi böyüməsində bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi qeyd edib, eyni zamanda, onların təhsildə, ölkə həyatında getdikcə daha çox uğurlara imza atmasından qürur duyduğunu dilə gətirib. Millət vəkili bilik, savad və kommunikasiyanın müvəffəqiyyətin rəhni olduğunu deyib, bu vacib keyfiyyətlərə mükəmməl yiyələnməyi tövsiyə edib. Müxtəlif ali təhsil ocaqlarında oxuyan tələbələrin bir araya gəlməsini alqışlayan V. İskəndərov onları öz əlaqələrini genişləndirməyə və dövlət başçısı ətrafında daha sıx birləşməyə çağırıb.

Naqif Həmzəyev, həm də bir tarixçi kimi keçmişə ekskurs etmək istədiyini söyləyərək, bəzi analoji tarixi faktları gənclərin nəzərinə çatdırıb. Natiq qeyd edib ki, 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Salyanda, Lənkəranda, Naxçıvanda, Gəncə quberniyasında və başqa bölgələrdə baş verən azərbaycanlıların soyqırımı, əslində başqa formalarda çox-çox əvvəllərdən başlayıb, 1905-ci ildə və ondan qabaq zaman-zaman təkrarlanıb. Bizim ərazilərdə, səfəvilər ərazisində, osmanlıda müxtəlif terror təşkilatları yaradılaraq öz mənfur niyyətlərini həyata keçirib, missionerlər müsəlmanları xristianlaşdırmaq üçün fəaliyyət göstəriblər. Osmanlı imperiyasını dağıtmaq üçün müxtəlif layihələr həyata keçirilib, bundan ötrü Qriqoryan məzhəbinə qulluq edən ermənilərin siyasi partiyalarını yaradıblar. “Biz Xalq Cümhuriyyətinin varisləriyik. Siz gənclər sovet dövründəki yalançı ideologiyanın, tarixin sizdən sonrakı nəsillərə ötürülməsinə imkan verməyin. Bu gün yazılmamış tariximizi şəhidlərimiz yazıb, sizsə unudulmuş tariximizi öyrənin və gələcək nəsillərə ötürün”, – deyə millət vəkili çıxışını yekunlaşdırıb.

Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsi Turizm işinin təşkili ixtisası üzrə II kurs tələbəsi Şahin Əliyev “Əbədi Birlik” Gənclər İctimai Birliyinin icraçı direktoru olaraq birliyin ümumi məqsədlərindən, şəhid və qazilərimizin tanıdılması, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində görəcəkləri işlərdən danışıb.

Tədbir “Əbədi Birlik” Gənclər İctimai Birliyinin “Yazıçılar klubu”nun sədri və sədr müavini – Bakı Avrasiya Universitetinin tələbələri Leyla Ümid və Leyla Səfərlinin ssenarisi əsasında davam edib. Müxtəlif təhsil ocaqlarından bir araya gəlmiş tələbə yazarların rejissor Tural Əsgərovun dəstəyi ilə hazırladıqları səhnəcikləri və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi Kamran Mustafazadənin ifa etdiyi “Ana, mən şəhid oldum”, “Cənab leytenant”, həm də “Xudayar təsnifi” adlandırılan “Vətən yaxşıdır”, “Qarabağ” mahnıları ilə kövrək anlar yaşanıb, son mahnıya tamaşaçılar da qoşulub.

Şəhid anası Zülfiyyə Səfərova gənclərə xitabən: “Mən oğlumun əvəzində sizin kimi oğulları qazandım” deməsi hamını riqqətə gətirib, coşqu ilə qarşılanıb. Tədbirin sonunda Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Kənan Əkbərlinin çəkdiyi “Oktay Səfərovun portreti” anaya təqdim edilib. Azərbaycan Universitetinin tələbəsi videoqraf Zəhra Əhmədzadə tədbiri lentə alaraq, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin video fonduna bağışlayıb.

https://azertag.az/xeber/Xezer_Universitetinde_31_Mart___Azerbaycanlilarin_Soyqirimi_Gunu_ile_bagli_tedbir_kechirilib-2077100 

khazar.org