2022-ci il aprelin 1-də Xəzər Universiteti rəhbərliyinin görkəmli pedaqoq, təhsil təşkilatçısı Nailə xanım İsyevanən xatirəsini əbədiləşdirmək üçün qərarına əsasən “Dünya” məktəbində Nailə xanım muzeyi`nin açılışı oldu.
Tədbirdə Xəzər Universiteti və “Dünya” məktəbinin rəhbərliyi və əməkdaşları iştirak edirdilər.
Universitetin Kamera orkestri Nailə xanım İsayevanın musiqi əsərlərini ifa etdikdən sonra İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı tədbiri açaraq, muzeyin yaradılması və açılışı ilə əlaqədar iştirakçıları təbrik etdi. Nailə xanım İsayevanın xatirəsini əbədiləşdirmək üçün nəzərdə tutulmuş tədbirlər sırasında muzeydən əlavə üç nəşrin – xatrələr, mahnılar kitabları və fotoalbomun da artıq çapdan çıxdığını, digərlərinin də tezliklə reallaşacağını bildirdi.
“Dünya” məktəbinin Azərbaycan və rus bölmələrinin tədris işləri üzrə direktoru Mərufə Mədətli, Sumqayıt “Dünya” məktəbinin direktoru Çiçək Qaracayeva, Xəzər Universitetinin müəlimi Roza Arazova çıxış edərək, uzun illər ərzində birgə çalışdıqları Nailə xanımın “Dünya” məktəbinin qurucusu kimi yenilikçi, məqsədyönlü fəaliyyəti və qayğıkeş, diqqətcil şəxsiyyəti haqqında ürək sözlərini söylədilər.
Muzeyin yaradıcılarından olan universitetin Dekorativ-Tətbiqi Sənət Muzeyinin direktoru, xalçaçı rəssam Afaq Kərimova muzeyin quruluşu və tərtibi haqqında məlumat verdi.
Sonra “Dünya” məktəbi və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı ailə üzvlərinin iştirakı ilə lenti kəsərək, müzeyin açılışını etdi.
Muzeyə daxil olan iştirakçılara Afaq Kərimova Nailə xanım İsayevanın həyat və fəaliyyətini, işgüzar və yaradıcılıq əlaqələrini dolğun əks etdirən fotostendlər, eksponatlar və şəxsi əşyaları haqqında məlumat verdi, Nailə xanım İsayevanın müzeydəki büstünün Xəzər Universitetinin müəllimi, heykəltəraş Kamran Əsədov tərəfindən hazırlandığını bildirdi.
Muzeyə baxışdan sonra iştirakçılar çay süfrəsi ətrafında təəssüratlarını bölüşdülər. Muzeyin yüksək peşəkarlıq və zövqlə tərtib edildiyi qeyd olundu.