2021-ci il sentyabrın 22-də Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Xəzər Universitetinin Fikrət Əmirov Konfrans-Konsert ərkəzində Xəzər Universiteti Kamera orkestrinin konserti keçirildi.
Konsert Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Arazbarı” əsərinin ifası ilə başlandı.
Konsertdə açılış sözü ilə çıxış edən Üzeyir Hacıbəyli Ev Muzeyinin direktoru, Xalq artisti, bəstəkar Sərdar Fərəcov Kamera orkestri haqqında məlumat verərək, bu festivalın Heydər Əliyev fondu və respublikanın Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirildiyini qeyd etdi. O, festivalın təşkilində Heydər Əliyev Fondunun son dərəcə təqdirəlayiq işlər gördüyünü vurğulayaraq, hər il buraya dünyanın müxtəlif ölkələrindən tanınmış sənətkarların dəvət olunduğunu bildirdi.
Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsertdə ilk olaraq, Sərdar Fərəcovun görkəmli maarifçi-pedaqoq, Xəzər Universiteti Kamera orkestrinin təsisçisi, mədəniyyətimizin inkişafında xidmətləri olan Nailəxanım İsayevanın xatirəsinə ithaf etdiyi “Elegiya”sı səsləndirildi.
Rimskiy-Korsakovun “Seyrələn, uçan buludlar” romansı, Edvard Qriqin “2 elegiya mahnısı”, Frans Leharın “Djuditta” operasından Djudittanın mahnısı, Leo Delibin “İspan mahnısı”, Sərdar Fərəcovun “Vals”ı, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operattasından Gülçöhrənin ariyası, sözləri Hamlet İsaxanlının, musiqisi Nailəxanım İsayevanın olan “Gözəldir” mahnısı ifa olundu.
Bədii rəhbəri Xəzər Universiteti Musiqi və İncəsənət Departamentinin müdiri, Əməkdar müəllim, tanınmış pianoçu Zülfiyyə Sadıqova, dirijoru Antal Dorati adına Beynəlxalq dirijorlar müsabiqəsinin qalibi Orxan Həşimov olan kamera orkestrinin konsertində Beynəlxalq müsabiqələr laureatı Juliya Behbudova, Beynəlxalq müsabiqələr laureatı, Xəzər Universitetinin müəllimi Məhsəti Cabbarova, Əməkdar artist Fərid Əliyev çıxış etdilər. Azərbaycanın milli mahnısı olan “Sarı gəlin” i balabanda Əməkdar artist Şirzad Fətəliyev səsləndirdi.
Bəstəkar Sərdar Fərəcovun Xəzər Universiteti Kamera orkestrinə mədəniyyətimizin inkişafında, Kamera orkestrinin yaradılmasında və fəaliyyətinin genişləndirilməsi, tanınmasında xüsusi xidmətləri olan Nailəxanım İsayevanın adının verilməsi təklifi konsert iştirakçıları tərəfindən təntənəli alqışlarla qarşılandı.
Konsertdə Bakı Musiqi Akademiyası, Milli Konservatoriya, Bəstəkarlar İttifaqı, Xəzər Universitetinin müəllim və professor heyəti iştirak edirdi.