2019-cu il oktyabrın 9-da Xəzər Universiteti Elmi Şurasının yeni dərs ilində ilk iclası keçirildi. Universitetin rektoru dosent İradə Xəlilova iclası açaraq, gündəliyə keçməzdən əvvəl bir sıra məsələlərə toxundu. O, əvvəlcə, ötən ay dünyasını dəyişmiş Elmi Şuranın üzvü, Dillər və ədəbiyyatlar departamentinin müdiri Vurğun Əyyubun xidmətlərindən danışdı. Onun təklifi ilə Vurğun Əyyubun xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra dosent İradə Xəlilova Xəzər Universitetinin akkreditasiyadan keçməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin sertifikatı ilə şura üzvlərini tanış etdi. Daha sonra Tarix və arxeologiya departamentinin müdiri dosent Roza Arazovanın departament müdirliyi vəzifəsindən azad edilməsi ilə bağlı rəhbərliyə müraciət etdiyini bildirən rektor onun Xəzər Universitetinin bünövrəsinin qoyulmasından indiyədək universitetin inkişafında mühüm rol oynadığıni xüsusi olaraq vurğuladı və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının imzaladığı təşəkkürnaməni ona təqdim etdi. Dosent Roza Arazova göstərilən diqqətə görə təşəkkür etdi və departamentin yeni rəhbərinin mövcud ənənələri qoruyaraq, universitetin inkişafına daha böyük töhfələr verəcəyinə ümid etdiyini bildirdi.

Bundan sonra Elmi Şura üzvləri gündəlikdəki məsələlərin müzakirəsinə keçdilər. Gündəliyin birinci məsələsi ilə bağlı universitetin Tədris işləri üzrə prorektoru professor Məhəmməd Nuriyev çıxış edərək, Xəzər Universiteti Elmi Şurasının yeni tərkibi haqqında məlumat verdi və şuraya yeni təyin olunmuş üzvləri təqdim etdi.

İkinci məsələ ilə bağlı Təbiət elmləri və mühəndislik fakültəsinin dekan müavini Fəxrəndə Əlimərdanova, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədova çıxış etdilər və universiteti bitirən məzunlar haqqında məlumat verdilər.

Doktorant və dissertantların dissertasiya mövzusu, elmi rəhbərlərinin təsdiqi və ixtisaslarının dəyişdirilməsi ilə əlaqədar Magistratura, doktorantura və elmi işlər bölməsinin koordinatoru Cabir Məmmədlinin məlumatı, doktorant və dissertantların çıxışları dinlənildi, suallar cavablandırıldı.

Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi.

İclasda cari məsələlər də müzakirə olundu.

khazar.org