Bişkekdə Azərbaycan dili və ədəbiyyatına həsr olunmuş beynəlxalq elmi simpozium
2026-cı il 8- 9 oktyabrda Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Türk Dünyasında Azərbaycan Dili və Ədəbiyyatı Araşdırmaları-3” adlı beynəlxalq elmi simpozium keçirilib. Konfrans Yusif Balasaqunlu adına Qırğız Milli Universitetinin və I Bakı Türkoloji Qurultayının 100-cü ildönümünə həsr olunub.
Simpoziumun açılış mərasimində Yusif Balasaqunlu adına Qırğız Milli Universitetinin rektoru, professor Doqdurbek Çontoyev, TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Vüqar Məmmədov, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı çıxış ediblər.
Elmi simpoziumda Azərbaycan, Qırğızıstan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Fransa və digər ölkələrdən alimlər və tədqiqatçılar iştirak ediblər. Simpozium çərçivəsində Azərbaycan dilinin tədqiqinin aktual məsələləri, Azərbaycan ədəbiyyatı ilə türk xalqlarının ədəbi əlaqələri, türk xalqlarının ortaq ədəbi irsi və Azərbaycan dili və ədəbiyyatının xarici ölkələrdə tədrisi müzakirə olunub.
Simpoziumda Prof.Akad. Hamlet İsaxanlı ilə yanaşı, “Xəzər”i Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Milana Abbasova, Dillər və ədəbiyyatlar departamentinin müdiri Dilbər Zeynalova, professor Bədirxan Əhmədov və dosent Ülvi Babasoy təmsil ediblər.
Yekunda türkologiya sahəsində beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, ortaq tədqiqat layihələrinin həyata keçirilməsi, gənc alimlərin dəstəklənməsi, eləcə də türk xalqlarının dil, ədəbiyyat və mədəni irsinin birgə öyrənilməsinə dair qərar qəbul edilib. Simpozium Azərbaycan dili və ədəbiyyatının beynəlxalq səviyyədə tədqiqinin təşviqi, elmi əlaqələrin möhkəmləndirilməsi və türk dünyasında akademik əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Yusif Balasaqunlu adına Qırğız Milli Universitetinin rektoru, professor Doqdurbek Çontoyev və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı qarşılıqlı əməkdaşlıq çərçivəsində memorandum imzalayıblar.
Konfransın mədəni proqramı çərçivəsində Bişkek şəhəri, İssık-Kul və Ala-Arça Milli Parkına ekskursiya olub.
Xatırladaq ki, “Türk Dünyasında Azərbaycan Dili və Ədəbiyyatı Araşdırmaları” beynəlxalq elmi simpoziumu 2024-cü ildə Bakıda Xəzər Universitetində, 2025-ci ildə isə Türkiyənin Qars şəhərində Kafkas Universitetində keçirilib.















































