Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə vaxtilə universitetdə təhsil alan, bu gün ölkəmizdə və onun hüdudlarından kənarda müxtəlif vəzifələr tutan, müəyyən mövqeyə malik ixtisaslı, peşəkar kadrlar arasında sıx əlaqələrin qurulması, onlarla əməkdaşlığın dərinləşməsi məqsədi ilə 2024-cü il mayın 4-də Neftçilər kampusunun Mərmər Salonunda “Grand Alumni Homecoming 2024” adlı tədbir keçirilib. Tədbirə Xəzər Universitetinin 1996-2010-cu illərinin müxtəlif ixtisaslar üzrə məzunları, Universitet rəhbərliyi, müəllimlər və əməkdaşlar dəvət olunmuşdular. Tədbirə yüzə yaxın məzun olmaqla ümumilikdə 150-dən çox qonaq qatılmışdı. Məzunlar arasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Xidmətinin rəisi M. Abbasbəyli, Dövlət Məşğulluq Aqentliyinin İdarə Heyətinin sədri M. Abbasbəyli, Xəzər rayon İcra Hakimiyyətinin başçısı E. Salahov, Milli Məclisin millət vəkili C. Məmmədov və digər səlahiyyətli şəxslər də yer almışdılar. Tədbir şəbəkələşmə və bədii hissədən ibarət idi.
Məzunlar tədbirin şəbəkələşmə hissəsində illər sonra məzun olduqları doğma məkanda tələbə yoldaşları, dostları və müəllimləri ilə görüşərək həyatlarının ən şirin dönəmini, tələbəlik illərini xatırlayıb, uğur hekayələrini bölüşmək imkanı əldə etdilər. Daha sonra tədbir iştirakçıları bədii hissə üçün Mərmər Salona dəvət aldılar.
Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva tədbir iştirakçılarını salamyaraq məzunları tələbəlik illərinə yenidən qaytarmaq üçün keçən günləri əks etdirən videoçarxa baxmağa dəvət etdi. Sonra o, çıxışında məzunların Universitet üçün nə qədər dəyərli və əhəmiyyətli olduqlarını vurğuladı. Həmçinin, o, öz çıxışında məzunları Universitetlə olan əlaqələrinin daha da möhkəmlənməsinə və əməkdaşlığa dəvət etdi.
Tədbir iştirakçılarını salamlamaq üçün söz Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad.Hamlet İsaxanlıya verildi. Akademik ali təhsil müəssisələrin gənclərin həyatındakı əhəmiyyətindən, məzunlara qarşı olan sevgisindən danışdı. -Evdəki övladlarımın sayını bilirəm, “Xəzər”dəki övladlarımın sayını bilmirəm, çoxdurlar!- dedi. Akademikin səmimi və sevgi dolu çıxışı alqışlarla qarşılandı.
Məzunlar adından İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Xidmətinin rəisi M. Abbasbəyli çıxış edərək, Xəzər Universitetinin onun və digər məzunların həyatında buraxdığı izdən, tələbəlik illəriylə bağlı xatirələrindən danışdı.
Bütün çıxışlardan sonra C.Cabbarlının “Sevil” pyesinin motivləri əsasında dünya şöhrətli bəstəkarımız Fikrət Əmirovun qələmə aldığı eyniadlı operası nümayiş olundu. Tamaşanın bədii rəhbəri Xəzər Universiteti Musiqi və incəsənət departamentinin rəhbəri, əməkdar müəllim Zülfiyyə Sadıqova, əsas rolların ifaçıları isə Universitetin müxtəlif illər və ixtisaslar üzrə məzunları idilər. Onların peşəkar ifaları böyük coşqu və alqışlarla müşahidə olundu.