2024 – cü il aprelin 29-dan mayın 3-dək Xəzər Universitetində Dubnanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyəti tərəfindən “Müasir nüvə fizikası və onun bəzi tətbiqləri” mövzusunda silsilə mühazirələr oxundu. Mühazirələri dinləmək üçün Xəzər Universitetinin Təbiət elmləri və mühəndislik fakültəsinin professor-müəllim heyəti, bakalavr, magistr tələbələri və doktorantları, eləcə də digər təşkilatlardan və universitetlərdən qonaqlar dəvət olunmuşdular. Mühazirələr 5 gün müzakirələr şəklində davam etdi və çox maraqla qarşılandı.
Aprelin 29-da Dubnanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyəti ilə Xəzər Universitetinin rəhbərliyi arasında rəsmi görüş keçirildi. Görüş zamanı tərəflər BNTİ ilə Xəzər Universiteti arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə olundu. Əsasən qarşılıqlı əlaqələrin ən perspektivli sahələri arasında mühəndislik, təbiət və informasiya elmləri, nəzəri və tətbiqi fizika, kimya, biologiya, nanotexnologiya və riyaziyyat sahələri müzakirə edildi. Görüşdə Xəzər Universiteti tərəfindən Direktorlar və Qəyyumlar Şurasının Sədri Prof.Akad. Hamlet İsaxanlı, Rektor İradə Xəlilova, Tədris işləri üzrə prorektor Məhəmməd Nuriyev, İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı, Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əfəndiyeva, Keyfiyyətin təminatı mərkəzinin direktoru Lüdmila Sotova, İnkişaf ofisinin direktoru Raziyə İsayeva, Fizika və elektronika departamentinin müdiri Fəridə Tatardar, Riyaziyyat departamentinin müdiri Əli Hüseynli, Neft mühəndisliyi departamentinin müdiri Elşən Abdullayev, Həyat elmləri departamentinin müdiri Cəmalə Eldarova və Mexanika mühəndisliyi departamentinin koordinatoru Mehdi Kiyasatfar iştirak etdilər. Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyətinin tərkibinə isə V.P.Celepov adına Nüvə problemləri laboratoriyasının direktoru Yevgeni Yakuşev, həmin labaratoriyanın əməkdaşları Daniya Zinatulina, Sergey Yakovenko, Sergey Rozov və BNTİ -da Azərbaycanın milli qrupunun rəhbəri Nazim Hüseynov daxil idi.
Səfərin iş proqramının əsas məqamlarından biri BNTİ, V.P.Celepov adına Nüvə problemləri laboratoriyasının nümayəndə heyyəti tərəfindən təşkil olunmuş silsilə mühazirələr oldu. Digər tərəfdən elm və təhsil sahəsində Xəzər Universiteti ilə BNTİ arasında əlaqələrin inkişafı müzakirə edildi və BNTİ -nin elmi infrastrukturu əsasında universitetdə təhsil alan tələbələr üçün təhsil proqramlarının və təcrübə keçmələrinin təşkili müzakirə olundu. Müzakirələrdə həmçinin BNTİ- nun alimlərinin Xəzər Universitetinin tədris prosesinə cəlb edilməsində və akademik mobillik sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqları bildirildi.Hamlet İsaxanlının öz şərhində qeyd etdiyi kimi, səfərin məqsədi Xəzər Universiteti ilə BNTİ arasında daha güclü elmi əlaqələrin qurulmasıdır. Gələcəkdə Xəzər Universitetində BNTİ- nun aparıcı alimlərinin iştirak edəcəyi bir sıra konfransların, seminarların və tələbələrlə görüşlərin təşkil ediləcəyi də nəzərdə tutuldu.
Növbəti günlərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyyəti Xəzər Universitetinin digər kampusları ilə, həmçinin Dünya məktəbinin kampusları ilə də tanış oldular. Nümayəndə heyəti səfər zamanı məktəb rəhbərliyi ilə səmərəli müzakirələr apardı, sinif otaqları, kitabxana və laboratoriya da daxil olmaqla obyektlərə geniş baxış keçirildı. Bundan əlavə, qonaqlar məktəbin Nailəxanım muzeyini ziyarət etmək fürsəti də əldə etdilər.
Səfərdə diqqət çəkən məqamlardan biri də BNTİ ilə Dünya IB Məktəbi arasında əməkdaşlıq üçün potensial imkanların araşdırılması oldu. Müzakirələr məktəbin fizika müəllimlərinin BNTİ-yə səfəri imkanları, eləcə də Dunya IB Məktəbinin seçilmiş tələbələri üçün təcrübələrin təşkili təklifləri ilə davam etdi.