2023-cü il martın 29-da Xəzər Universitetinin Mərmər salonunda universitetin Dillər və ədəbiyyatlar departamentinin təşkilaçılığı ilə Xəzər Universitetinin qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri, fizika-riyaziyyat elmləri doktoru, şair, yazıçı, publisist, tərcüməçi, eım, mədəniyyət və təhsil tarixi üzrə mürəxəssis, ədəbiyyat və dilçilik, tarix və fəlsəfəyə dair çoxsaylı əsərlərin müəllifi professor, akademik Hamlet İsaxanlının 75 illiyinə həsr olunmuş “Humanitar elmlər yeni paradiqmalar kontekstində” adlı gənc tədqiqatçıların beynəlxalq elmi konfransı (istiqamətləri: dil, ədəbiyyat, tarix, mədəniyyət, təhsil tarixi və fəlsəfəsi) keçirildi.
Konfrans H.İsaxanlının həyat və fəaliyyətinə həsr olunmuş geniş iclasla açıldı. Tədbirdə Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, tələbələr, ölkənin elm və ədəbiyyat nümayəndələri iştirak edirdilər.
İclası Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova açaraq, H. İsaxanlını və iştirakçıları salamladı, konfransın işinə uğurlar arzuladı.
Universitetin Kamera orkestri (bədii rəhbər Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadığova) də iştirakçıları musiqi ilə salamladı.
Sonra çıxışlar baçlandı. Universitetin rektoru dosent İradə Xəlilova H. İsaxanlının çoxşaxəli fəaliyyəti haqqında geniş məlumat verdi.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru professor Nadir Məmmədli, şair, nasir, tərcüməçi, H. İsaxanlının şeirlərini gürcü dilinə çevirən İmir Məmmədli çıxış etdilər.
Beynəlxalq Rektorlar Assosiasiyasının prezidenti, Gürcüstanda Qafqaz Universitetinin rektoru professor Kaxa Şenqelia, Ərdahan Universitetinin qurucu rektoru, Qırğızıstan-Türkiyə Manas Universiteti Qəyyumlar Şurasının üzvü, Qafqaz Universitetlər Birliyinin sədri professor Ramazan Korkmaz, şair, yazıçı-tərçüməsi, Avrasiya Yazarlar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvi İmdat Avşar, İranın Elm və Texnologiya üzrəTədqiqat Mərkəzinin baş məsləhətçisi professor Bahman Amani, Özbəkistan İpəkyolu Universitetinin prorektoru professor Bahadur Turayev H.İsaxanlıya təbriklərini onlayn formatda çatdırdılar.
Çıxış və təbrik nitqlərində H.İsaxanlının çoxsahəli fəaliyyətinin müxtəlif cəhətlərinə toxunuldu, yaradıcılığının xüsusiyyətləri qeyd olundu, şəxsiyyət kimi yüksək dəyərləndirildi.
Sonda iştirakçıların alqışları ilə çıxış üçün dəvət olunan H.İsaxanlı geniş nitqində həyatının, xüsusən də təhsil illərinin bir çox maraqlı və ibrətli məqamlarından söz açdı, konfransın təşkilinə görə təşəkkürünü bildirdi.
Konfrans işini 5 bölmədə davam etdirdi. Əsas tərkibi Azərbaycandan, həmçinin Türkiyə, Qazaxıstan, Çin, Niderland və İngiltərədən olan 50 nəfərdən artıq gənc mütəxəssisin çıxışları dinlənildi. Konfrans yekun iclasla başa çatdı.