2023-cü il martın 16-17-də Abay adına Qazax Milli Pedaqoji Universiteti (Abay Universiteti), Xəzər Universiteti və Qazaxıstan Texnologiya və Biznes Universitetinin təşəbbüsü ilə Bakıda “Şərq-Qərb: Səlahiyyət və Potensial” Elmi Jurnal Redaktorlarının I Avrasiya Forumu keçirildi. Forum Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Sahəsində Keyfiyyətin Təminatı Komitəsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və “Akbastau Gardens” MMC-nin dəstəyi ilə təşkil olunub.

Forumun qonaqları Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı və rektor dosent İradə Xəlilova, Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Sahəsində Keyfiyyətin Təminatı Komitəsinin sədr müavini Adiljan Nurjanov, Abay Universitetinin Elmi Nəşrlər Mərkəzinin rəhbəri Dr. Talqatlı Kibayev tərəfindən qarşılandı.

Foruma Xəzər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Vlad Vernygora və Abay Universitetinin “Pedaqogika və psixologiya” elmi-metodiki jurnalının texniki katibi Saule İsaliyeva moderatorluq etdilər.

Forum Azərbaycan, Qazaxıstan, Estoniya, Türkiyə, İtaliya, Tailand, Özbəkistan və Polşadan nəşriyyatların, elmi jurnalların nümayəndələri, tədqiqatçılar, müəllimlər və universitet tələbələrinin iştirakı ilə keçdi. Dr. İldana Xalitova (Abay Universiteti, Qazaxıstan), Krystian Stefanski (Polşa), professor Tanel Kerikmäe (Tallinn Texnologiya Universiteti, Estoniya), dosent Orxan Vəliyev (Xəzər Humanitar və Sosial Elmlər Jurnalı, Xəzər Universiteti, Azərbaycan), Vlad Vernygora (Xəzər Universiteti, Azərbaycan) panel bölməsində təqdimatlarla çıxış etdilər.

Forum çərçivəsində “Bilim zhane Bolashak” Birinci Beynəlxalq Araşdırma Müsabiqəsinin nəticələrinə yekun vuruldu, qaliblər “Zhana İzdenister” elmi layihələr müsabiqəsində tədqiqat layihələri təqdim ediblər. ”Sciendo” (De Gruyter) nəşriyyatının nümayəndələri şirkətin tarixi, jurnalları və yüksək keyfiyyətli akademik məqalələrin nəşri üçün ilkin şərtlər haqqında danışıblar.

Son olaraq, forumda Qazaxıstan-Azərbaycan “Magistr və PhD tələbələri üçün “Şərq-Qərb” elmi-metodiki jurnalı”nın təqdimatı oldu. Onlayn və oflayn formatlarda iştirakçılar yüksək reytinqli jurnallarda elmi məqalələrin dərci, Avrasiya Elmi Jurnallar Assosiasiyasının yaradılması, müxtəlif ölkələrdən olan bakalavr və doktorantlar arasında qarşılıqlı əlaqə üçün vahid peşəkar platformanın formalaşdırılmasının zəruriliyi, elmi məqalələrin yazılması məsələlərini müzakirə ediblər.

khazar.org