2022-ci il iyunun 6-da Xəzər Universiteti Elmi şurasının növbəti iclası keçirildi. İclası universitetin rektoru dosent İradə Xəlilova açaraq, gündəlikdəki məsələləri elmi şura üzvlərinin nəzərinə çatdırdı. Bildirildi ki, 2021-2022-ci tədris ilində universitetin bakalavr və magistratura pilləsində təhsil alan tələbələr təhsildən kənar bir çox müsabiqələrdə iştirak edərək, uğur qazanmışlar.
Həmin tələbələr mükafatlandırılmaq üçün şuraya dəvət olunmuşdular. Tələbələr, nailiyyətləri haqqında məlumat verilməklə, şura üzvlərinə təqdim edildilər: Sənubər Babayeva, Bəhruz Şabılı, Anar Bəndiyev, Fariz Pirmətov, Nuranə Şabılı, Tamerlan Abdullayev, Tuqay Abdullazadə, Zeynal Mərdanlı (Təbiət elmləri və mühəndislik fakültəsi), Şücaət Şahidli, Fuad Qulliyev (İqtisadiyyat və menecment fakültəsi), Nərmin Abbaslı, İsmayıl Adıgözəlov (Humanitar, təhsil və sosial elmlər fakültəsi). Onlar Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı və rektor İradə Xəlilova tərəfindən sertifikatla təltif olundular.
Sonra sədr tərəfindən uzun illər universitetdə çalışmış professor Fuat Rəsulovun təqaüdə çıxması qeyd olundu və ona universitet tərəfindən səmərəli fəaliyyətinə görə təşəkkürnamə təqdim edildi.
Gündəlikdəki üçüncü məsələ – Dillər və ədəbiyyatlar departamentinin müdiri Dilbər Zeynalovanın yubileyi ilə bağlı rektor məlumat verdikdən sonra yubilyara mükafat təqdim olundu.
İclasın rəsmi hissəsində məzunlarla bağlı məsələləri İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əlimərdanova, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı Səidə Şərifova və İqtisadiyyat və biznes yüksək təhsil fakültəsinin dekanı İnqilab Əhmədov təqdim etdilər. Universitetin məzun olan bakalavriatura və magistratura tələbələri, onların qiymətləri, ixtisasları və s. haqqında ətraflı məlumat dinlənildi və məsələlər barədə müzakirələr aparıldı.
Sonra Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin magistratura tələbələrinin tezis mövzuları və elmi rəhbərləri barədə şura üzvlərinə məlumat verildi. Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin və İqtisadiyyat və biznes yüksək təhsil fakültəsinin doktorantura tələbələrinin tezis və dissertasiyalarının mövzuları və elmi rəhbərlərinin təsdiqi ilə bağlı məsələ də fakültə dekanları tərəfindən elmi şira üzvlərinə çatdırıldı, mövzularla bağlı rəylər dinlənildi.
Elmi şuranın gündəliyindəki məsələlər barədə müsbət qərarlar qəbul edildi.